Dövlətin göstərdiyi hərtərəfli qayğı təsərrüfatın uğurlarına dayaqdır

A- A A+

…Doxsanıncı illərin əvvəlləri idi. Dəyişilmiş ictimai-siyasi quruluşun -  bazar iqtisadiyyatına keçidin mahiyyətindən çoxları kimi Kamil də bixəbər idi. Bir tərəfdən də kollektiv təsərrüfatın başlı-başına buraxılması ucbatından kimin əlinə nə keçirdisə dağıdırdı. Köklü üzüm bağlarına vurulan baltalar, əkinlərin mal-heyvan otlağına çevrilməsi, nəzarətsiz, sahibsiz qalan maşın-traktor parklarındakı texnikaların sökülüb satılması Kamili bərk narahat edirdi. Heç dincliyi yox idi, bilmirdi ki, neyləsin. Uzun müddət kənd təsərrüfatı sahəsində çalışması, bu gün isə boş-bekar qalması onu daha çox sıxırdı.

Evin qabağındakı tut ağacının altında qoyulmuş taxtın üstündə oturub bütün bunlar barədə düşünürdü ki, həyat yoldaşının səsi onu fikirdən ayırdı:

- Kamil, zəng eləmişdilər ki, hökumət adamları gəlib kəndin içində iclas keçirəcəklər, səni də çağırırlar.  

Yerindən qalxıb asta addımlarla kəndin mərkəzinə getdi. Hələ iclas başlamamışdı, lakin ağızdan-ağıza eşitdi ki, məqsəd ictimai əmlakın, torpaqların özəlləşdirilməsidir.

Bir azdan yığıncaq başladı, özəlləşmənin mahiyyəti, mexanizmi, əmlakın, torpaqların hansı qaydada paylanması kənd sakinlərinə izah olundu, yaradılmış komissiyanın tərkibi və görəcəyi işlər barədə məlumat verildi.

Digər həmkəndliləri kimi, Kamil də çox sevinirdi, şükür edirdi ki, nəhayət xalqın öz malı özünə qaytarılır.

* * *

Özəlləşmə zamanı Zeyvə kənd sakini Kamil İsmayılovun ailəsinə 2,5 hektar torpaq payı düşdü. Ailə üzvləri əl-ələ verib bu sahələrdə müxtəlif kənd təsərrüfatı bitkiləri əkib-becərdilər və yaxşı da qazanc götürdülər. Gördükləri işin səmərəsindən həvəslənən Kamil Zeyvə kəndinin üstündəki “Dematlar” deyilən yerdən əlavə torpaqlar da icarəyə götürdü, ilbəil əkin sahələrini genişləndirdi.

Hazırda Kamilin başçılıq etdiyi ailə təsərrüfatı 30 hektar torpaq sahəsi əkib-becərir. Təkcə bu il 18 hektar taxıl sahəsindən 50 ton məhsul toplamışlar. Bundan əlavə, 3 hektarda dən üçün qarğıdalı, 3 hektarda bostan-tərəvəz məhsulları əkmiş, sahələrə aqrotexniki qulluq göstərildiyindən dadlı-tamlı qarpız, qovun, pomidor, xiyar, badımcan, bibər və sair məhsullar hasilə gətirmişlər. Artıq yetişməkdə olan qarğıdalı kolları da bol məhsuldan xəbər verir. Üç il bundan əvvəl saldıqları 5 hektar alma bağı bara düşüb.

Söhbət zamanı Kamil İsmayılov özü və ailə təsərrüfatının işi barədə məlumat verərək deyir ki, 1976-cı ildən, yəni əlim iş tutandan təsərrüfatda çalışıram, 1989-cu ildə isə məni kəndimizdəki sovxozda təsərrüfat briqadiri vəzifəsinə təyin eləmişdilər. İşlədiyim illərdə təcrübəli mütəxəssislərdən öyrəndiklərim bu gün karımıza daha çox çatır. Şumdan tutmuş, əkinə, becərməyə, hətta məhsulun toplanmasına qədər bütün işləri vaxtında, tələb olunan qaydada yerinə yetirdiyimizə görədir ki, zəhmətimiz hədər getmir, qazancımız ürəkaçan olur. Hansı məhsulları daha çox yetişdirmək üçün bazarın tələbatını əvvəlcədən öyrənir, sonra qarşıdakı əkin-biçin mövsümü üçün görəcəyimiz işləri planlaşdırırıq. Çalışırıq ki, torpağa səpdiyimiz hər bir toxumu öz məhsulumuzdan tutaq. Məsələn, rayonlaşdırılmış taxıl sahələrindən toxum üçün kifayət qədər buğda ayırır, yaxşıca təmizləyib münasib yerdə saxlayırıq. Bostan və tərəvəz sahələrində normal çəkidə olan, sağlam kolda yetişən qarpızın, qovunun, pomidorun, xiyarın, bibərin yerini müəyyənləşdirir və toxum üçün saxlayırıq. Neçə illərdir ki, bu işlə məşğul olur və yaxşı nəticəsini görürük. Kəndimizdə mal-qaranın sayı artdıqca qaba yemə olan ehtiyac da çoxalır. Bunu nəzərə alaraq, 3 hektara çoxillik yonca əkmişik.

Təsərrüfatın becərmə işlərində, suvarmada, yığımda mövsümə uyğun olaraq 15-20 nəfər iştirak edir. Sahələrin şumlanmasında, taxıl səpinində, ot çalınında və texnikanın gücü ilə görüləsi digər bütün işlərdə Naxçıvan “Aqrolizinq” ASC Şərur Bazasının və “Şərur aqrotexservis”in xidmətlərindən istifadə edirlər.

Bundan başqa təsərrüfatda mal-qara da saxlayır. Ailənin südə, qatığa, pendirə olan tələbatı bununla ödənir. Hətta ağartı məhsulları  bazara da çıxarılır. 

Kamil İsmayılov bekar durmur, gün çıxandan hava qaralanadək sahələrdədir. Deyir ki, hər hansı bir iş üçün yubanmaq məhsul itkisi deməkdir, yetişəni gecikdirmədən toplamaq, yetişməmiş sahələrdə isə becərməni davam etdirmək, tez-tez suvarmaq lazımdır.

Sahələrə baxdıqca sevinir, ona görə ki, çəkdikləri zəhmət bəhrəsini verir. Dövlətin göstərdiyi hərtərəfli qayğı da təsərrüfatın uğurlarına çox kömək edir.    

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: