Badamlı qəsəbəsi indi daha yaxındır... - FOTOLAR

A- A A+

Bildiyimiz kimi, ölkəmiz yol çəkilişinə görə dünyada ilk yerlərdən birini tutur. Hər il yüzlərlə kəndə, qəsəbəyə müasir tələblərə uyğun yeni yollar çəkilir. Muxtar respublikamızda da həyata keçirilən genişmiqyaslı quruculuq işlərində yolların əsaslı və cari təmiri, yol şəbəkəsinin genişləndirilməsi diqqət mərkəzindədir. Bu tədbirlər muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda, onun hər bir kəndində, qəsəbəsində geniş vüsət alıb. Badamlı qəsəbə avtomobil yolunun da yenidən qurularaq istifadəyə verilməsi sakinlərə xüsusi bir sevinc bəxş etdi. Çünki əvvəllər sözügedən yol nasaz, darısqal,  istifadəyə yararsız vəziyyətdə idi. Bu isə sərnişindaşıma və yükdaşımada  problemlərin yaranmasına, avtomobillərin böyük təhlükə qarşısında hərəkətinə səbəb olurdu. Payız, qış aylarında kəskin hava şəraitində suötürücüləri və istinad divarları olmayan yolu sel suları yuyurdu və bunun da nəticəsində  yol ildən ilə  yararsız vəziyyətə düşürdü. Qəsəbə avtomobil yolunun yenidən qurularaq istifadəyə verilməsi qarşılaşdığımız çətinliklərin önünə bir sədd çəkdi. Necə deyərlər, yolumuz da ümumi inkişafımızın ahənginə uyğun quruldu. Yol işçilərinin əməyi, zəhməti ilə yol yatağı genişləndirildi, piyadaların və avtomobillərin təhlükəsiz və rahat hərəkəti təmin edildi. Yolun üzərindəki körpülər əsaslı şəkildə yenidən quruldu, sel sularının yolu yuyub yararsız hala salmaması üçün selötürücülər tikildi. Körpülərin ətrafında yuyulmanın qarşısının alınması məqsədilə istinad divarları çəkildi. Həmçinin yağış sularının axıdılması üçün yol kənarlarında beton kanal çəkildi, qaz xətlərinin yeri dəyişdirildi. Bir sözlə, dövlətimizin diqqət və qayğısı sayəsində qəsəbə yolunda görülən işlər hər bir sakinin rahatlığı üçündür.

Məlumdur ki, yol inkişafın ən mühüm göstəricisidir. Uzaqları yaxınlaşdıran, insanları bir-birinə qovuşduran geniş yollar çəkildikcə yaşayış daha da rahat olur. Bu yollar rahat gediş-gəlişlə yanaşı, həm də yurdumuza gələn qonaqların buradan gözəl təəssüratlarla ayrılması deməkdir. İndi biz qəsəbəmizə uzaq-uzaq diyarlardan gələn qonaqlarımızı yollarımız sayəsində alnıaçıq, üzüağ qarşılayacağıq.

Qeyd etmək istəyirik ki, qəsəbəmizdə təkcə yollar dəyişməyib, ümumiyyətlə, son illərdə burada aparılan quruculuq-abadlıq işləri, yaşayış binalarının yenidən təmir olunması qəsəbənin ümumi görkəmini dəyişib. Hər bir  qəsəbə sakini yeni yolun istifadəyə verilməsinə görə bu işdə zəhməti olanlara minnətdarlığımızı  bildiririk.

          Azər Ağamalıyev

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: