Şaftalı bağlarında məhsul boldur

A- A A+

Şaftalı orqanizmin normal fəaliyyəti üçün əhəmiyyətli olan vitaminlər, minerallar və digər zəruri maddələrlə zəngin meyvədir. Tərkibində müxtəlif turşular, A, C, E, K, B1, B2, B3, B6 vitaminləri, kalsium, kalium, maqnezium, dəmir, manqan, fosfor, sink, selen vardır. Şaftalı həzm sisteminə xeyirlidir. Meyvənin tərkibində olan qida lifləri suyu mənimsəyir, qəbizlik, babasil, mədə yarası, qastrit kimi xəstəliklərin qarşısını alır, böyrəklərdə və sidik kisəsində daşların həll olmasına kömək edir.

Şaftalının tərkibindəki maqnezium insanı stress və həyəcandan qoruyur, əsəb sistemini sağlam saxlayır, askorbin turşusu və sinklə zəngin olduğuna görə immun sisteminin sağlam olmasına kömək edir. Meyvənin qabığında və mətində olan fenol birləşmələr isə ürək-damar sistemi xəstəliklərinin inkişafı riskini azaldır, ziyanlı xolesterinin səviy­yəsini aşağı salır, tərkibindəki bioloji aktiv komponentlər artıq çəki ilə mübarizə aparmağa kömək edir.

Şərur rayonunda yetişdirilən meyvələr sırasında şaftalının da öz yeri var. Şərurda, respublikanın digər bölgələrindən fərqli olaraq, bu meyvəyə “hülü” də deyirlər. Şaftalı rayonumuzun bütün kəndlərində, ən çox isə Aşağı Daşarx, Danyeri, Yuxarı Daşarx, Oğuz, Xanlıqlar, Zeyvə, Düdəngə, Siyaqut kəndlərində yetişdirililir. 

Hazırda şaftalı bağlarında növbəti meyvə yığımını həyata keçirən bağbanlar məhsulun bol olmasından razıdırlar. Sahibkarlar qeyd edirlər ki, şaftalıdan bol məhsul əldə etmək üçün ağaclara ilboyu qulluq lazımdır. Gövdəətrafı vaxtaşırı yumşaldılmalı, lazımi minerallar verilməli, dərmanlama vaxtında aparılmalıdır. Bir sözlə, bu meyvənin nazını çəkməlisən ki, barını-bəhərini də görəsən.

Təcrübəli sahibkarlar bağlarında daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırırlar. Məhsulu isə əsasən yerli bazarlarda satırlar. Şərur ra­yonunda şaftalının 50-dən çox növü becərilir. Bəzən tezyetişən şaftalı növləri çiçək açanda qeyri-sabit hava şəraitindən tozlanma prosesi pozulur. Bu il isə hava şəraiti bağbanların ürəyincə olub.

Bundan başqa bağbanlar yeni tingləri əkməklə öz sahələrini necə deyərlər, davamlı “cavanlaşdırırlar”. Əkilən tinglərin növlərinə gəlincə, bir-birindən 10-15 gün sonra yetişən sortlar üstünlük təşkil edir.

                                                   

                                                                           “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: