130 hektardan artıq sahədə şum qaldırılıb

A- A A+

Şahbuz rayonunun taxılçıları aylardan bəri çəkdikləri əziyyətin bəhrəsi olan məhsulun sahələrdən toplanması işini başa çatdırıblar. Rayonda taxıl ən çox Şahbuz şəhəri, Türkeş, Mahmudoba, Şahbuzkənd, Sələsüz və Badamlı kəndlərində əkilir. Yaxşı məhsul əldə edən torpaq mülkiyyətçiləri ötən ildən başlayaraq rayon ərazisindəki dəmyə torpaq sahələrində də əkin keçirməyə başlayıblar. Rayonda ən çox əkinəyararlı torpaq sahələri isə Türkeş və Külüs kəndlərindədir. Bu il bu kəndlərdə torpaq sahəsinin genişliyi nəzərə alınaraq sahələrin suvarma suyu təminatı yaxşılaşdırılır.

Türkeş kəndində 300 hektar sahədə qapalı suvarma sistemləri şəbəkəsi, Külüs kəndində isə 400 hektar sahə üçün nasos stansiyasının quraşdırılmasına başlanılıb. Qeyd edək ki, Külüs kəndi ərazisindəki 400 hektarlıq bu sahə uzun müddətdir ki, əkilmirdi. Hazırda taxıl əkiləcək bütün kəndlərdə şum qaldırılmağa başlanılıb. Artıq 130 hektardan artıq sahədə şum aparılıb.

Mütəxəssislərin fikrincə, taxıl biçildikdən sonra şumun aparılması ona görə vacibdir ki, torpaqda bu dövrdə müəyyən nəmlik müşahidə olunur. Bu da texnikaların sahələrdə daha yaxşı işləməsi və torpağın hamar olması üçün mühüm əhəmiyyət kəsb edir. Həm də sahələr bu vaxtlarda şumlandıqda günəş şüaları alaq otlarını və onların toxumlarını məhv edir. Həmçinin torpaqda olan zərərli orqanizmlər və kənd təsərrüfatı bitkilərində olan bir sıra xəstəliklər də sahə şumlandıqdan sonra qızmar günəş şüalarının təsirindən məhv olur.

 

                   “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: