Uzunömürlü nalbənd ağacı

A- A A+

Özünün fauna və florası ilə zəngin olan muxtar respublikamızda, eləcə də Şərur rayonunda nadir bitkilər, ağaclar çoxdur. Nadir ağaclar silsiləsinə aid edilən nalbənd daha uzunömürlülər siyahısına daxildir. 300-350 il, hətta bundan da artıq yaşaya bilən nalbənd yayın qızmar istisinə, quraqlığa, borana, güclü küləyə, çovğuna, 40-45 dərəcə istiyə və  şaxtaya dözümlüdür. Çətirinin böyüklüyünə, budaqlarının sıxlığına, gözəl görkəminə görə nalbəndi əvəz edən ikinci ağac çətin ki, tapılsın. 

Nalbənd ağacı barədə akademik Həsən Əliyev hələ 1982-ci ildə çap etdirdiyi “Həyəcan təbili” kitabında yazırdı: “Bəzək ağaclarından nalbənd, demək olar ki, tamamilə məhv olmuşdur. Bu bəzək ağacına SSRİ ərazisində yalnız Naxçıvan Muxtar Respublikasında rast gəlir­dik. 40-50 il bundan əvvəl Naxçıvan əyalətində hər bağın ortasında köl­gəlik üçün yalnız bu ağaclar gö­rünürdü. Onun sıx yarpaqları nəinki günəşin şüalarını buraxmır, hətta çox vaxt yağışı da keçirmir. Belə bir gözəl bəzək ağacı görkəmli rəssam Bəhruz Kəngərlinin əsərlərində də təsvir edilmişdir. Təəssüf ki, indi bu ağacdan yalnız Naxçıvan kəndlərinin ərazisində tək-tək qalmışdır, nəsli kəsilmək üzrədir. Belə bəzək ağacının artırılması vacib məsələlərdən biridir”.

Mərhum şair Əliağa Kürçaylı isə “Nalbənd ağacı” şeirində həyəcanını belə ifadə edirdi:

Bəs nədən adını qoyublar nalbənd?

Deyirlər, kəsilir nəsli ilbəil.

Nə calaq götürür, nə də ki, peyvənd,

O, nə toxum verir, nə də ki, şitil…

“Nalbənd ağacı” şeirinin təsiri ilə şair Vaqif Məmmədov Əliağa Kürçaylıya ünvanladığı “Şair, gözlərin aydın…” şeirində onu, necə deyərlər, “muştuluqlayırdı”:

İstədim deyəm ki, gözlərin aydın,

Şərurda nalbəndin nəsli kəsilmir.

Bəlkə də bu sirri ellərə yaydın,

Bəlkə bu hikməti çoxları bilmir?

 

Bir qoca yaşayır Şərur elində,

Qəlbi saz, ağsaqqal kişidir, bilin.

Qayçısı, bıçağı hər vaxt əlində,

Nalbənd peyvəndləmək işidir, bilin…

Bu o vaxtlar idi ki, Mahmudkənd sakini Hüseyn Əliyevin calaq üsulu ilə yetişdirdiyi nalbənd şitillərindən ərsəyə gəlmiş ağaclar nəinki muxtar respublikamızın ərazisində, hətta Azərbaycanın digər rayon mərkəzlərində və kəndlərində, iri şəhərlərdə belə öz görkəmi, yaraşığı ilə göz oxşayırdı. Bu işdə təbiət aşiqi Hüseyn kişiyə onun oğlu İsgəndər və nəvəsi Fərhad da kömək edirdilər. Hüseyn kişi qapısına gələni boş qaytarmaz, həm də heç kəsdən verdiyi nalbənd şitilləri üçün nə isə ummazdı. Bir istəyi var idi ki, kökü kəsilməkdə olan nalbənd yenidən artsın, çoxalsın, respublikamızın hər tərəfinə yayılsın.  

Hüseyn kişi nalbəndin nəslini qaraağaca peyvənd etməklə artırırdı. Şərur rayonunun mərkəzində, Cəlilkənddə, Mahmudkənddə, Qıvraqda, Xokda, eləcə də muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində, hətta Bakıda, Gəncədə, Sumqayıtda 40-45 il bundan əvvəl Hüseyn kişinin əkdiyi nalbənd ağaclarına indi də rast gəlmək olur. Akademik Həsən Əliyevin yazdığı kimi, bir sıra yaşayış məntəqələrində bu ağacı hətta həyətlərdə də əkirdi, kölgəsində dincəlirdilər.

Hüseyn kişi tingi təkcə torpağa basdırmaqla kifayətlənmirdi, hər birinə öz övladı kimi baxırdı. Onlara tez-tez baş çəkir, becərmələri ilə məşğul olurdu. Gödək saplı beli, bıçağı və bağ qayçısı həmişə yanında olardı. Tinglərin, yaxud böyümüş ağacların diblərini yumşaldır, suvarır, artıq zoğlarını kəsir, xüsusi görkəm verirdi. Bir ağac, yaxud ting müəyyən səbəblərdən quruyanda isə gözləri yaşarır, ürəyi ağrıyırdı.

Hüseyn kişi Şərur şəhərinin Nizami küçəsindəki 7 nömrəli ikimərtəbəli inzibati binanın qarşısına da iki nalbənd tingi basdırmışdı və tez-tez onlara baş çəkirdi. Qeyd edək ki, “Şərurun səsi” qəzetinin  redaksiyası 1976-cı ildən 2005-ci il iyul ayının 14-dək həmin binada yerləşib. Səksəninci illərin ortaları idi, nalbənd ağaclarına bir xəstəlik düşmüşdü - qurdlar qabıqları içəridən yeyib çürüdür, nəticədə ağacın gövdəsi quruyurdu. Bir-iki ilin içərisində bu xəstəlikdən onlarla qollu-budaqlı nalbənd məhv olmuşdu. Redaksiyanın qarşısındakı ağacların da biri qurd xəstəliyinin güdazına getmişdi. Hüseyn kişi qurumuş ağacın yanında dayanıb elə ağlayırdı ki… Gördüyümüz mənzərədən təsirlənib “Ağlama, Hüseyn əmi…” adlı bir məqalə hazırlayıb qəzetdə dərc elətdirdik.

Yaşıllıq gözəllik, yaraşıq olmaqla bərabər, həm də sağlamlıqdır. Gərək bu həqiqəti heç zaman unutmayaq, qoruyaq nalbənd gözəlliklərini, yaşadaq nalbənd ağacının sərinliyini. Bu iş hər kəsin vətən­daşlıq borcuna çevrilməlidir.

                   Elman  Məmmədov

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: