Qədim zamanlardan ölkəmizin bir çox bölgələrində, o cümlədən qədim Naxçıvan torpağında əkin sahələrini suvarmaq, içməli suya olan tələbatı ödəmək üçün kəhrizlər salınmış, bulaqlar çəkilmişdir. Kankanların səyi və ağır zəhməti nəticəsində yeraltı tunellər vasitəsi ilə uzaq məsafələrdən gətirilmiş bu sular yaşıllığın, insanların müəyyən bir ərazidə məskunlaşmasının təməli olmuşdur.
Əsl sağlamlıq mənbəyidir bu kəhrizlərin suyu. Dağlarımızın sinəsindən süzülüb gələn, göz yaşıtək dumduru olan sular kəndlərimizə, yaşayış məskənlərimizə kəhrizlər kimi çəkiləndə ulu babalarımız gələcək nəsillərin yaşayışını düşünmüş, "Su dirilikdir, aydınlıqdır, min arzu diləkdir",-demişlər. Kankanlarımız təmiz su mənbələrini insan yaşayışı üçün əsas amil hesab edərək onun saflığının qorunması qayğısına qalmışlar. Ona görə də kəhrizlərin suyu uzun məsafədən gətirilsə də, öz dad-tamını və sərinliyini saxlaya bilmişdir.
Kəhrizlər bu günün özündə də çox böyük əhəmiyyət daşıyır və insanlar tərəfindən "həyat çeşməsi", "şəfa möcüzəsi" adlandırılır. Bu kəhrizlərin suyu haqlı olaraq dünyanın ən qiymətli suları kimi dəyərləndirilir.
Rayonumuzun Yaycı, Dizə, Gal, Şurud, Gülüstan, Xanəgah, Göydərə, Xoşkeşin, Əbrəqunus və sair kimi yaşayış məntəqələrinin yerləşdiyi coğrafi mövqe kəhrizlərin yaradılmasını zəruri etmişdir. İsti yay və soyuq qış günlərində əsas su mənbəyi olan kəhrizlərin salınmasına üstünlük verilmiş, dağların qoynundan süzülən sular yeraltı kürələrlə, yaşayış məntəqələrimizə çatdırılmışdır.
Böyük zəhmətin və alın tərinin məhsulu olan bu kəhrizlər əsasən yerli ustalar tərəfindən inşa edilmişdir. Kəhrizlər həm də ulu babalarımızdan bugünkü nəsillərə əmanət qalan qiymətli sənət əsəri, xalqımızın mədəni irsi, tarixin möcüzəsidir.
Bu gün də rayonumuzun bir çox yaşayış məskənləri kimi, Dizə, Gal və Şurud kəndlərində də xeyli sayda kəhrizlər vardır. Yaşı bilinməyən bu kəhrizlərin bəziləri tarixin müxtəlif çağlarında dağılmış, itib-batmış, günümüzə qədər gəlib çıxmamışdır. Dizə kəndində bu gün də həyati əhəmiyyət daşıyan Qarakol, Çeşmə və Sarı zəmi kəhrizləri kəndin əsas su mənbəyidir. Əsasən Xoşgəri çayının, Gen dərənin vadisindən qidalanan bu kəhrizlərin suyu göz yaşıtək dumduru, büllurtək şəffafdır. Vaxtilə Dizənin geniş ərazilərində salınmış üzüm, ərik bağları, o cümlədən həyətyanı sahələr bu kəhrizlərin suyu ilə suvarılırdı. Kəndin yaşlı sakini Əhməd Bağırovun söylədiklərinə görə, keçən əsrin 40-50-ci illərinə qədər kənddə Sarı zəmi və kənd içindəki Çeşmə kəhrizi iki su dəyirmanını da işlədirmiş. Dizənin təsərrüfat adamları, o cümlədən qonşu kəndlərin sakinləri öz taxıllarını bu dəyirmanlarda üyüdürmüş. Lakin sonrakı dövrlərdə bəzi səbəblərdən kəhrizlərin mənbə quyuları sıradan çıxmış, suyun azalmasına səbəb olmuşdur.
Yaşı 90-ı haqlamış, vaxtı ilə usta kankanlardan bu peşənin sirlərini öyrənmiş Əhməd Bağırov söhbət zamanı bildirdi ki, kəndimizdə kankanlıq edən insanlar bu peşənin sirlərini gənclərə öyrədir, bu sənəti yaşatmaq üçün əllərindən gələni əsirgəmirdilər. Maraqlıdır ki, Dizə kəndində böyük tayfalardan biri "Kankalı" tayfası adlandırılır. Əhməd Bağırov kənddə kankanlıq edən usta İsmayıl Hüseynovun, Hüseyn Babayevin, Zülfüqar Əhmədovun, Bəhlul Əliyevin, Hüseyn Hüseynovun, Mahmud Əliyevin, Oruc Əliyevin, Mustafa Asılbəyovun və başqalarının adlarını ehtiramla çəkdi və onların təkcə Dizədə deyil, qonşu kəndlərdə də kəhrizlərin bərpasında zəhmət çəkdiklərini vurğuladı.
Əhməd əmi söhbət zamanı onu da bildirdi ki, kəndin yerli kankanlarının səyi ilə Dizədəki Qarakol, Çeşmə və Sarı zəmi kəhrizlərinin abukar və kürələri vaxtaşırı lildən, çöküntüdən təmizlənmiş, tunellərə səybənd qoyularaq cari təmir işləri aparılmış, quyuların ağzı hörülərək bərkidilmişdir.
Kəhrizlərdə baş kankanla bərabər köməkçi kankanlar da işləyirmiş. Quyular və tunelləri işıqlandırmaq üçün yağ pilitələrindən istifadə olunmuşdur. Lil və çöküntüləri quyulardan çıxarmaq üçün inək və dana gönündən hazırlanan torbalardan geniş istifadə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində yaradılmış Kəhrizlər İdarəsi qədim bölgəmizdə mövcud olan kəhrizlərin təmir-bərpa işini yerinə yetirməyə başlamış, kəhrizlərə yeni həyat verilməsi diqqətdə saxlanılmışdır.
Müstəqillik illərində kankanlıq ənənələri dirçəlmiş, bu qədim sənətin yaşaması üçün bütün imkanlardan istifadə olunmuşdur. Bunun nəticəsində rayonumuzun bir çox kəndlərində (Gal, Şurud, Göydərə, Xoşkeşin və s.) kəhrizlər bərpa olunmuşdur. Qışda mülayim, yayda buz kimi olan kəhrizlərin suyundan içən hər bir kəs yaxşı bilir ki, bu sular əsl sağlamlıq mənbəyidir.
Ədalət CƏFƏROĞLU
"Arazın səsi" qəzeti
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.