Babək rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edildi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov, Elektrik Şəbəkəsinin direktoru  Mübariz Tağıyev və Qaz-İstismar İdarəsinin rəisi Amin Həmzəyev payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat veriblər.

Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, son illər rayonun qəsəbə və kəndlərində müasir infrastruktur yaradılıb, inzibati binalarda, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərində müasir isitlik sistemləri quraşdırlıb. Görülən işlər barədə məlumat verən icra başçısı deyib ki, payız-qış mövsümünə hazırlıqla bağlı rayonundakı ümumtəhsil məktəblərinin qışa hazırlığı yoxlanılıb, təhsil müəssisələrinin qazanxanalarına baxış keçirilib və mövcud nasazlıqlar aradan qaldırılıb.

Qeyd olunub ki, mövsümə hazırlıqla əlaqədar olaraq rayon Elektrik Şəbəkəsi tərəfindən  qəsəbə və kəndlərdə  277 yeni dirək basdırılıb, həmçinin, dibləri çürümüş dirəklərə yeni gövdə verilərək bərkidilib, 39 min 180 metr məsafədə isə yeni məftillər çəkilib və yararsız vəziyyətdə olan məftillər yenisi ilə əvəz edilib. Bundan başqa, 1 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb, 32 transformator yarımstansiyası təmir edilib.

Rasim Hüseynov rayonda payız-qış mövsümündə istehlakçıların fasiləsiz təbii qazla təminatı sahəsində də bir sıra işlər həyata keçirildiyini bildirib. Belə ki, yeni tikilmiş 137 evə qaz xətti çəkilib, kəndlərdə korroziyaya uğrayaraq sıradan çıxmış 7358 metr müxtəlifdiametrli qaz xətləri yenisi ilə əvəz edilib, 1161 sızma faktı aradan  qaldırılıb.

İcra başçısı qarşıda duran vəzifələrdən də bəhs edərək deyib ki, rayon Elektrik Şəbəkəsi 2019-2020-ci illin payız-qış  mövsümündə elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün istismar müddəti başa çatmış avadanlıq və xətlərin vaxtında müəyyən edilərək dəyişdirilməsini təmin etməli, qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsini oktyabrın 15-dək başa çatdırmalı, zəruri ehtiyatların yaradılmasını diqqətdə saxlamalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsini oktyabr ayının 25-dək yekunlaşdırılmalıdır. İşçilər qış mövsümünə uyğun xüsusi geyimlə təmin olunmalıdır.

Rayon Qaz-İstismar İdarəsi oktyabrın 15-dək qaz təsərrüfatına texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülməli, istismara yararsız vəziyyətdə olan qaz xətlərinin və avadanlıqların yenilənməsini diqqətdə saxlamalı, qaz sayğaclarına müdaxilənin qaşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işləri yekunlaşdırılmalıdır.

Babək Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, Yol Təmir-İstismar İdarəsi, Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi və digər qurumların payız-qış mövsümünə hazırlıqları barədə ətraflı danışan icra başçısı adiyyatı qurumlara konkret tapşırıqlar verib.

 

                                           Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: