BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb

A- A A+

Ozon təbəqəsi tədricən bərpa olunur. Bu, həmin təbəqəni dağıdan qazlardan istifadə edilməsinin qadağan olunmasının nəticəsidir. Bu qadağa qlobal istiləşməni də ləngidə bilər.

NUHÇIXAN xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu sözləri iqlim problemlərinə həsr olunmuş sammit ərəfəsində söyləyib.

Sentyabrın 16-da Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi günü qeyd edilir. Bu münasibətlə BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan və qlobal istiləməyə şərait yaradan kimyəvi maddələrdən istifadə miqyasını azaltmağa yönəlmiş fəaliyyəti gücləndirməyə çağırıb. Belə maddələrin siyahısı Monreal protokolunda təsbit olunub.

BMT-nin başçısı bəyan edib ki, Monreal protokolu bəşəriyyətin qlobal problemləri birgə həll edə bilməsinin “ruhlandırıcı nümunəsi”dir.

Dünya ölkələri həmin beynəlxalq müqavilə əsasında 32 il ərzində ozon təbəqəsini dağıdan kimyəvi maddələrin istifadə üçün qadağan olunmuş siyahısını yeniləşdirib. Bizi ultrabənövşəyi günəş şüalarının zərərli təsirindən qoruyan ozon təbəqəsi bu səylər sayəsində tədricən bərpa olunur.

Ultrabənövşəyi şüalar melonomanın və digər dəri xərçəngi xəstəliklərinin əsas səbəbidir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekspertlərinin fikrincə, Monreal protokolunun reallaşdırılması 2030-cu ilə qədər dəri xərçəngi xəstəliyi ilə bağlı 2 milyon hadisənin qarşısını almağa kömək edəcək, vəhşi təbiətin qorunmasına və kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.

BMT-nin Baş katibi deyib: “Tamamilə qanunauyğun haldır ki, biz öz səylərimizi iqlim dəyişmələrinə qarşı mübarizəyə yönəltməklə bərabər, ozon təbəqəsini də unutmamalı və ozon təbəqəsini dağıdan qazlarda qanunsuz istifadənin yaratdığı təhlükəni daim yadda saxlamalıyıq”. O vurğulayıb ki, yaxın vaxtlarda belə qazlardan birinin – XFU11 qazının atmosferə tullanması faktı aşkar edilib. Bu fakt bir daha xatırladır ki, bizə fasiləsiz nəzarət və informasiya ötürülməsi sistemləri lazımdır.

BMT rəhbəri əmindir ki, Monreal protokolu qlobal istiləşməyə səbəb olan hidroftorkarbondan istifadə olunmasını qadağan edən Kiqali düzəlişi sayəsində iqlim dəyişmələri sahəsində mühüm nəticələr verə bilər. Baş katib deyib: “Belə qazlardan istifadə olunmasından tədricən imtina edilməsi sayəsində bu əsrdə qlobal istiləşmə səviyyəsini 0,4 dərəcə azaltmaq mümkündür. İndi, hidroftorkarbonu əvəz etmək məqsədilə məişət texnikasının modernləşdirildiyi bir vaxtda bu cihazların enerji effektivliyinin artırılması da zəruridir”.

Bəşəriyyətin daha bir il ərzində anomal istilərin, qasırğaların və iqlim sarsıntılarının şahidi olduğunu qeyd edən BMT başçısı bütün istiqamətlərdə qlobal istiləşməyə qarşı mübarizədə daha qətiyyətli tədbirlər görməyə çağırıb. O xatırladıb ki, gələn həftə dünya birliyinin üzvləri BMT-də iqlimə həsr olunmuş sammitdə toplaşacaqlar.

Ozon təbəqəsini dağıdan maddələr barəsində Monreal protokolu 1987-ci il sentyabrın 16-da imzalanıb. Bu protokola əsasən ozon təbəqəsini tükədən təhlükəli maddələrin istehsalı və satışı qadağan edilir. Monreal protokolu çərçivəsində indiyə qədər 100-dən artıq kimyəvi maddə növünün istehsalı və istifadəsi qadağan olunub. Həmin maddələrin çoxu qlobal istiləşməyə şərait yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: