Bu il ərzində Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən 120 təsərrüfat subyektində davamlı olaraq müşahidə xarakterli monitorinqlər aparılıb, təsərrüfat subyektlərinə təhlükəsizlik sistemi, keyfiyyətini təsdiqləyən müvafiq müşayiətedici sənədləri mövcud olan elektrik, qaz cihazlarının satışının həyata keçirilməsi barədə bildirişlər və qazla işləyən məişət cihazları üçün təhlükəsiz istifadə üzrə təlimatlar təqdim olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollegiya iclasında ətraflı danışılıb.
Tədbirdə çıxış edən agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir.
Qeyd edilib ki, ümumilikdə, idxal olunan 7062 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 532 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
“Müvafiq tapşırıqların yüksək səviyyədə icrası üçün qarşıdakı payız-qış mövsümündə agentlik tərəfindən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi barədə istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, müvafiq bildirişlərin təsərrüfat subyektlərinə təqdim olunması təmin edilməlidir”, – deyən Bəxtiyar İsmayılov vurğulayıb ki, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi üçün tədbirlər, xüsusilə də monitorinqlər davam etdirilməlidir.
Bildirilib ki, muxtar respublikaya idxal ediləcək qaz cihazları bir qayda olaraq agentliyinin Məişət qaz avadanlıqlarının sınaq laboratoriyasında yoxlamadan keçdikdən sonra idxalına, satışına və istismarına icazə verilə bilər.
Sonra çıxışlar olub.