Naxçıvanda qış aylarında yollarda hərəkətin intensivliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür
Muxtar respublikada qış aylarında ucqar kəndlərə hərəkətin fasiləsizliyinin təmin edilməsi, yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunan texnikaların saz vəziyyətə gətirilməsi, ehtiyat hissələri ilə təminat, qum ehtiyatının yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində keçirilən kollegiya iclasında agentliyin direktoru Bəhruz Əsgərov deyib.
“Leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalara baxış keçirilməli, avtomaşınlar üçün zəncir, avtoqreyderlər üçün bıçaq tədarük olunmalı, fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş geyimləri ilə təmin edilməlidirlər”, – deyən Bəhruz Əsgərov diqqətə çatdırıb ki, ümumilikdə, 11 avtoqreyder, 31 özüyükünüboşaldan avtomaşın, 2 qartəmizləyən avtomaşın, 1 qarsovuran avtomaşın, 9 buldozer, 1 qumsəpən avtomaşın, 9 ekskavator, 6 yükləyici ekskavator və 5 avtoyükləyicinin muxtar respublikanın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı bir maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilməsi planlaşdırılıb.
Qeyd olunub ki, həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılır. Ötən ildən 500 kubmetr ehtiyat yaradılıb və əlavə olaraq Şorsu massivindən xammal daşınaraq Naxçıvan və Şərur Asfalt-Beton zavodlarında qurulmuş qum-çınqıl karxanalarında üyüdülərək 1500 kubmetr ehtiyat yaradılması və digər tədbirlərin görülməsi nəzərdə tutulur.
Sonra digər çıxışlar dinlənilib.