Naxçıvan Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

Müşavirədə İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov, Qaz İstismar İdarəsinin rəisi Mahmud Əbilsoy və Elektrik Şəbəkəsinin direktoru Ələkbər Kərimov payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat veriblər.

Təhsil Şöbəsinin müdiri Elşən Qəbulovun və Mədəniyyət Şöbəsinin müdiri Təranə Cəfərovanın da məlumatları dinlənilib.

Müşavirədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqlar Naxçıvan şəhərinin idarə, müəssisə və təşkilatları  tərəfindən yüksək səviyyədə yerinə yetirilməlidir.

Vurğulanıb ki, Elektrik Şəbəkəsi elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan avadanlıq və xətlər vaxtında müəyyən edilərək dəyişdirilməlidir. Qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki  baxışdan keçirilməsi başa çatdırılmalı, tələb olunan mal-material, avadanlıqların alınıb gətirilməsi və onların zəruri ehtiyatının yaradılması diqqətdə saxlanılmalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsi noyabr ayınadək yekunlaşdırılmalıdır. İşçilər qış mövsümünə uyğun xüsusi geyimlərlə təmin olunmalı, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanılması üçün tədbirlər davam etdirilməli, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri gücləndirilməlidir.

Mirsənani Seyidov qeyd edib ki, Qaz İstismarı İdarəsi oktyabrın 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməli, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmalı, istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsini diqqətdə saxlamalı, qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması  işlərini yekunlaşdırmalıdır.

Vurğulanıb ki, İstilik Təsərrüfatı İdarəsi  noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, qazanxanalardan çıxan istilik xətlərinin üzərinin örtülməsini, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsini təmin etməlidir.

Mənzil İstismar İdarələri yaşayış binalarının giriş qapı və mərtəbələr arası pəncərlərinin yararlığını yoxlamalı, qarşıya çıxan problemlərin aradan qaldırılmasını noyabrın 1-dək təmin etməlidir,- deyən icra başçısı Nəqliyyat İdarəsinə də müvafiq tapşırıqlar verərək bildirib ki, qış aylarında Naxçıvan şəhərində sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına və qrafik üzrə, əsasən də axşam saatlarında hərəkətinə nəzarət gücləndirilməlidir.

Rabitə İdarəsi qış mövsümündə əhalini  dayanıqlı rabitə  xidməti ilə təmin etmək üçün  rabitə xətlərinə  və avtomat  telefon  stansiyalarına  baxışı təmin etməli,  qarşıya  çıxan  nöqsanları  noyabrın  1-dək  aradan  qaldırmalıdır. Sanitar Təmizlik İdarəsi qış mövsümündə yolların qardan  təmizlənməsi üçün qartəmizləyən və qumsəpən maşınların işlək vəziyyətdə olmasını və qum ehtiyatı yaradılmasını təmin etməlidir.

Mirsənani Seyidov payız-qış mövsümünə hazırlıqla bağlı digər təşkilatların qarşısında duran vəzifələrdən də ətraflı danışıb  və payız-qış mövsümünə hazırlığı sürətləndirmək  məqsədilə müvafiq  tapşırıqlar verib.

 

Əbülfəz Dünyamalıyev

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: