Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində müşavirə keçirildi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən iclasda komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli vurğulayıb ki, sentyabr ayının 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılması ilə bağlı tapşırıqlar verilib.

Komitə sədri müşavirədə verilən tapşırıqların icrasının təmin olunması ilə əlaqədar görüləcək işlərdən danışıb. Vurğulanıb ki, aidiyyatı dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə satış yerlərində reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin və materialların hazırlanması nəzərdə tutulub.

Dövlət qayğısı hesabına muxtar respublikamızda müasir gömrük infrastrukturunun yaradıldığını önə çəkən komitə sədri gömrük orqanlarında qışa hazırlıqla bağlı görülən işlərdən də danışıb.

Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədov və Mühasibat və maddi-texniki təchizat şöbəsinin rəisi, gömrük xidməti kapitanı Əsgər Qurbanov qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyəti ilə bağlı məruzə ediblər.

Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanlarının rəislərinin çıxışları olub.

Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıqla bağlı işlərin qısa vaxta başa çatıdırılması və Dövlət Gömrük Komitəsində yaradılan müvafiq komissiya tərəfindən hazırlıq işlərinin yerindəcə yoxlanılması qərara alınıb.

Sonda komitə sədri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin qarşısının alınması ilə bağlı maarifləndirmə işlərinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin, qeyd olunub ki, gömrük orqanları verilən tapşırıqların icrasını daim diqqət mərkəzində saxlamalı, muxtar respublikada təhlükəsiz həyatın təmin edilməsinə öz töhfəsini verməlidir.

Rahil Tahirli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: