UNİSEF-in icraçı direktorunun Uşaq Hüquqları Konvensiyasının 30 illiyi münasibətilə müraciəti yayılıb

A- A A+

BMT-nin Uşaq Fondunun (UNİSEF) icraçı direktoru xanım Henrietta Forun Uşaq Hüquqları Konvensiyasının 30 illiyi münasibətilə müraciəti yayılıb.

NUHÇIXAN təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə 30 il əvvəl – Berlin divarının dağıdılmasından sonra bəşəriyyət, o cümlədən uşaqlar və yeniyetmələr üçün yeni dünya quruculuğunun başlandığı, bu kontekstdə azyaşlıların hüquqlarının qorunması üzrə mühüm sənədin qəbul edildiyi bildirilir.

Ötən 30 ildə uşaq hüquqlarının qorunması sahəsində əldə olunan nailiyyətlərdən bəhs edən xanım For qeyd edib ki, dünya əhalisinin sayının sürətlə artması fonunda ibtidai təhsilə cəlb olunan azyaşlıların sayı da 40 faiz artıb. Bundan başqa, 30 il əvvəl poliomielitdən hər gün min uşaq iflic olur və ya həyatını itirirdi. Vaksinlərin və daha keyfiyyətli qidalanmanın sayəsində bu hallar 99 faiz aradan qaldırılıb. Hazırda rəqəmsal texnologiyalar və mobil rabitə sistemlərinin inkişafı nəticəsində ən ucqar bölgələrdə də uşaqlara tibbi və ərzaq yardımları göstərmək mümkündür.

Qazanılmış uğurları qeyd edən UNİSEF-in rəhbəri təəssüflə qeyd edib ki, hələ də planetimizdə yoxsulluq, uşaqlara qarşı ayrı-seçkilik və qeyri-bərabərlik halları geniş yayılıb. Bu gün də xəstəlik və epidemiyalar nəticəsində hər gün 15 min uşaq həyatını itirir. Hazırda anemiyadan əziyyət çəkən və ölən uşaqlar, o cümlədən qızların sayı fəlakətli həddə çatıb. Erkən nikaha məcbur edilmə də onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərir. Ən böyük fəlakət isə silahlı münaqişə zonalarında azyaşlıların qətlə yetirilməsidir. Daha bir ciddi problem iqlim dəyişmələri nəticəsində qanunsuz miqrasiyanın genişlənməsinin azyaşlılara təsiridir. Belə ki, onların əksəriyyəti taleyin ümidinə buraxılır, qürbət ölkələrdə səfalətlə üzləşir, təhsildən və səhiyyə xidmətlərindən məhrum olurlar. Silahlı münaqişələr nəticəsində öz evlərini tərk edən uşaqların sayı 28 milyon nəfərə çatıb. İqlim dəyişmələri isə 75 milyon azyaşlı və yeniyetməni qanunsuz miqrasiyaya məcbur edib.

Henrietta For vurğulayıb ki, bu problemlərin həlli istiqamətində addımlar yalnız bütün ölkələrin hökumətlərinin birgə səyləri ilə atıla bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: