Şahtaxtı hamamında bərpa işləri davam edir

A- A A+

Kəngərli rayonu bir çox tarixi memarlıq abidələri ilə tanınır. Bu tarixi abidələr keçmişin yadigarları sayılmaqla yanaşı, həm də millli mədəniyyətimizin zənginliyindən xəbər verir. Şahtaxtı kəndində yerləşən tarixi hamam binası da muxtar respublikamızın mühüm mədəniyyət abidələrindən sayılır.

Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik ərazini əhatə edir. Yerli sakinlərin məlumatına görə hamam XIX əsrdə İsa Sultan tərəfindən tikdirilib. Şahtaxtı hamamı yarım yeraltı formada inşa edilib. Tədqiqatçılar hamamların yeraltı funksiyasının iqlim şəraiti ilə bağlı olduğunu qeyd edirlər. Belə ki, hamamın əsas hissəsinin yeraltı olması soyuq vaxtlarda da daxili istiliyin saxlanmasını, eyni zamanda suyun daha yaxşı dövr edə bilməsini təmin edib. Hamamın əsas hissəsi soyunma, yuyunma zallarından və onlara birləşdirilmiş köməkçi otaqlardan ibarətdir. Soyunma və yuyunma zalları kiçik tamburlar vasitəsi ilə birləşdirilib. Tikilinin üstü günbəzlərlə örtülüb.

Şahtaxtı hamamı düzbucaqlı arxitektura quruluşuna malikdir. Binanın xaricdən uzunluğu 20, eni 9 metrdir. Müxtəlif ölçülərdə 2 salon, 2 köməkçi otaq və ocaqxandan ibarət olan kompleks iki hündür günbəzlə tamamlanır. Binanın işıqlandırılması tavanda açılmış bacalar kompleksinin köməyi ilə həyata keçirilib.

Hamamın əsas hissəsi yer altında olduğundan çöldən içəriyə daxil olmaq üçün pilləkənlərlə aşağı enmək lazım gəlir. Binanın əsas divarının hörülməsində uzunluğu 75, eni 50 sm olan iri ölçülü kvadrat şəkilli daşlardan istifadə edilib. Salonun mərkəzində dördkünc formalı hovuz olub. Buraya yaxınlıqdakı kəhrizdən gətirilən su giriş qapısının altından çəkilmiş boru vasitəsi ilə hovuza daxil olub. Salonun qərb divarı və giriş qapısının olduğu şərq divarı aypara şəkilli çatma tağlarla tamamlanır. Şimal və cənub divarlarının hər birində 2 sayda olmaqla ümumi aypara şəkildə tamamlanan qapıya bənzər 4 köməkçi yer var. Kənd sakinlərinin verdiyi məlumata görə, bunlar soyunub-geyinmə otağı kimi istifadə edilib. Bu yerlər hamama gələn şəxslərin paltarlarının və digər əşyalarının saxlanması üçün nəzərdə tutulub. Salonun cənub divarı boyunca səki yerləşir. Ocaqxana binaya bitişikdir, üzü cənuba doğrudur. Onun yandırılmasında əvvəllər şam, sonralar saman, son dövrlərdə isə mazutdan istifadə edilib. Mazut üçün ocaqxananın yanında böyük tiyan qoyulubmuş. XX əsrin 80-ci illərinədək fəaliyyət göstərən hamam hazırda da memarlıq quruluşunu qoruyub saxlamaqdadır. Ancaq fəaliyyətini dayandırdığına görə ötən dövrdə tədricən müəyyən dağıntılara məruz qalıb və bu səbəbdən də onun bərpa və təmirinə ehtiyac yaranıb.

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında tarixi mədəniyyət abidələrinin bərpası mühüm yer tutur. Son illərdə regionumuzda onlarla belə abidə əsaslı şəkildə bərpa olunmuş, turizm üçün cəlbediciliyi təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, tarixi əhəmiyyəti ilə seçilən Şahtaxtı hamamında da artıq kompleks bərpa işlərinə başlanılıbdır.

Bərpa işləri başlayandan indiyədək tarixi abidənin təməl hissəsinin möhkəmləndirilməsi üçün daxildə və fasad hissədə beton işləri görülüb, uçan yerlərin bərpası üçün divarlarda hörgü işləri aparılib, kommunikasiya xətləri yenidən çəkilib. Hazırda hamamın daxilində hörgü və suvaq işləri davam edir. Fasad hissədə isə üzləmə işləri aparılır. Dam örtüyü bərkidildikdən sonra isə günbəzlərin üzlənməsi nəzərdə tutulub. Qeyd edək ki, həyata keçirilən bərpa işləri çərçivəsində hamamın ətrafı abadlaşdırılacaq, buraya gələn yol əsaslı şəkildə yenidən qurulacaq. Bərpa işləri aparılarkən hamamın ilkin quruluşunun qorunub saxlanılması təmin ediləcək. Bu tarixi abidəyə ikinci həyat verilməsi tezliklə bölgənin turizm potensialına da öz təsirini göstərəcək.

                                                 “Yeni həyat” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: