Bağçılıqdan əldə etdiyimiz gəlir ailənin ehtiyacını ödəyir

A- A A+

Şərur rayonu ta qədimdən müxtəlif meyvələri ilə məşhurdur. Yengicə armudu dadı, ətri ilə xəstələrə şəfa verir. Şərurda «şalax ərik» adlanan meyvənin, göycəmizin tingini harada əkirlərsə-əksinlər, buradakı dadı-tamı, ətri vermir.

Aşağı Yaycı, Yuxarı Yaycı, Axura, Həmzəli, Havuş, Şahbulaq, Tənənəm kəndlərinin alması, heyvası, armudu həm şirinliyinə, həm ətrinə, həm də xarici görünüşünə görə əvəzsizdir. Bu gün rayonda cəviz və fındıq bağlarının genişləndirilməsi istiqamətində aparılan tədbirlər də davam etdirilir.

Bu il də şəxsi həyətlərdə və pay torpaqlarında bol meyvə yetişdirilib. Əvvəlcə göycənin şirinliyini dadanlar, daha sonra bağlardan ərik, gilas, gilənar, alça dərməyə başlayıblar. Yay alması, yay armudu və şaftalı da artıq satışa çıxarılır. Bu günə kimi bağlardan yüz tonlarla müxtəlif meyvələr dərilib.

Yuxarı Daşarx şaftalısı isə təkcə Naxçıvanda deyil, respublikamızın hər yerində məşhurdur. Havasındanmı, suyundanmı, yoxsa kənd sakinlərinin bu meyvəni yetirdirməyə marağının daha çox olmasındanmı, burada şaftalı ağacları digər kəndlərimizə nisbətən xəstəliyə çox tutulmur, meyvə daha ətirli, daha sulu, daha dadlı olur.

Artıq şaftalının kütləvi yığımına başlanıb. Alıcılar isə məhsul üçün əvvəlcədən sifariş verir və növbə ilə yola salınırlar. Sevindirici haldır ki, Yuxarı Daşarx, Aşağı Daşarx, Oğuz kəndlərində, Dərəkənddə yetişdirilən hülü Naxçıvan, Bakı, Sumqayıt və Gəncə bazarlarına çatan kimi satılıb qurtarır, hətta Rusiyada, qardaş Türkiyədə də çoxlu müştərisi vardır.

Qeyd edək ki, şaftalının məti çəyirdəyindən asan ayrılan sortu zərif olduğu üçün ağacdan dərildikdən 2-3 gün son­ra xarab olur. Ona görə də uzaq məsafələrə daşımaq üçün sərfəli deyil. Lakin hülünü 15-20 gün, hətta münasib şərait olarsa daha çox saxlamaq, uzaq məsafələrə də aparmaq mümkündür. 

     

Xeyrulla Mustafayev

Yuxarı Daşarx kənd sakini,

təqaüdçü müəllim

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: