İmadəddin Nəsimi yaradıcılığında ictimai-fəlsəfi motiv

A- A A+

Şərqin ən aparıcı üç dilinə – türk (Azərbaycan), fars və ərəbcəyə mükəmməl səviyyədə bələd olan İmadəddin Nəsimi bu sayədə bədii fikir dərinliyinə vara bilmiş, geniş biliyə, fitri istedada və yüksək sənətkarlıq mədəniyyətinə yiyələnmiş ustad bir şair-filosof kimi Azərbaycan şeirinə, ümumilikdə isə türk poetik dünyasına yeni istiqamət verib.

İctimai-fəlsəfi lirik şeirin ən qüdrətli yaradıcılarından olan İmadəddin Nəsimi qələmini müxtəlif janrlarda sınayaraq qəzəl, qəsidə, tuyuq, rübai və bu kimi janrların mükəmməl nümunələrini yaradıb. Dövrümüzə qədər zəngin ədəbi-bədii irsi gəlib çatan ölməz sənətkarın əsərləri tədqiqatçılar tərəfindən mövzu və ideyasına görə təriqət şeirləri və dünyəvi şeirlər olmaqla iki yerə bölünüb.

Ədəbiyyatımızda, ümumən isə dünya ədəbi mühitində daha çox təriqət şeirləri ilə-sufiyanə, xüsusilə də hürufilik mövzularında yazılmış nümunələr müəllifi kimi tanınan İmadəddin Nəsimi yaradıcılığının mühüm bir hissəsini isə dünyəvi mövzuda qələmə aldığı əsərlər təşkil edir. Sayca çox, mövzuca isə zəngin və rəngarəng olan dünyəvi şeirlərində Nəsimi məhəbbət və gözəlliyi tərənnüm edib, təbiətin təsvirinə yer verib.

İmadəddin Nəsiminin dünyəvi mövzuda qələmə aldığı bədii yaradıcılığında digər istiqamət isə ictimai-fəlsəfi motivli şeirlərdən ibarədir. Şairin ictimai-fəlsəfi şeirlərini əhatə edən mövzular isə olduqca geniş və çoxşaxəlidir. Nəsimi bu motivli şeirlərində əvvəlcə insanları dünyanın yaradılışı və onun hikməti barədə düşünməyə və bu zaman yaranan suallara cavab axtarmağa sövq edir. “Nədir?” rədifli qəzəlində Nəsimi dünya və onun yaranmasının hikməti məsələsinə toxunaraq insanları xilqət və onun hikməti, istər qeybi, istərsə də cismani varlıqların sirli yaradılışı, müxtəlif hadisələr, gedişat və sair barədə düşünməyə çağırır, düşündürücü və cavabı əsrarlı olan suallarla bəşər övladını dünyanın, varlığın mahiyyətini dərk etməyə yönləndirir. Əslində, millətindən, dinindən asılı olmayaraq, insanları daim düşündürən, məşğul edən qlobal mətləbləri İmadəddin Nəsimi poeziya dili ilə ifadə edir. “Gecəsi-gündüzü olan bu kainat, doqquz fələk, zaman, bürclər və sonsuz sayda ulduzlar həm ocaq, həm də nur mənbəyi olan günəş nədir?”,- deyərək bizi – oxucunu bu deyilənləri cavablandırmağa məcbur edir:

Gerçək ərisən uşbu dəm ta biləsən nəzər nədir?

Bir nəzər eylə dopdolu gör ki, cahan, bəşər nədir?

Vüslətə çinə çin olub, razını aşikar edən,

Gəl kərəm eylə zahir et, bu dediyin xəbər nədir?

İnsanları dünyanın mahiyyətini dərk etməyə yönləndirən Nəsimi daha sonra bu cahan yerinin yaşanılacaq məskən olmadığını, buradan qaçmağın – həzər eyləməyin gərəkliliyini vurğulayır:

Dünya duracaq yer deyil, ey can səfər eylə!

Aldanma anın alına, andan həzər eylə!

Payəndə degil dövləti, ey xacə, cahanın,

Əsbabinə aldanma, gəl andan güzər eylə!

Nəsiminin yaradıcılığında nə üçün insanları dünyadan qaçmağa, “mülki-cahana” bağlanmamağa çağırış var? Şair hesab edir ki, bu dünya vəfasızdır, onun vəfası yoxdur. Buna görə də dünyaya bağlanmaq əbəsdir, insan oğluna xoşbəxtlik gətirməyəcək. Dünya və onun vəfasızlığından şikayət, dünyanın tənqidi mövzularında yazdığı şeirlərində Nəsimi dünyanın vəfasızlığı qənaətini əks etdirir, şair insanları dünyanın gözəlliyinə aldanmamağa səsləyir, bu “gözəlliyə” aldananların isə sonradan münfəil olacağını – utanacağını deyir:

Yoxdur vəfası dünyanın, aldanma anın alına,

Rəngindən oldu münfəil, hər kim boyandı alına.

Arısı yalandır, saqın, dadlısına aldanma kim,

Acıdır anın şəkkəri, ağı qatılmış balına.

Bu mövzuda yazılmış başqa şeirində Nəsimi dünya mülkünü yenə də dəyərsiz hesab edir, ona bağlananı isə əsir adlandırır:

Dünyada mülkə, mala sən aldanma, ey Məlik,

Kim, dünyanın mətahi bəğayət həqirdir.

Tozlu cahana silkin ətək kim, nəiminə,

Hər bibəsər kim, oldu müqəyyəd əsirdir.

İmadəddin Nəsimi “Çarə yoxdur yarə, əbsəm, ey könül, yar istəmə!” misrası ilə başlanan qəzəlində vəfasız dünyadan vəfa istəməyi mənasız hesab edir, insanları dünyanın zülmətindən qorunmağını vacib sayır. Şair məhz bu qənaətləri ilə dünya mülkünü “yaşanılacaq yer olmadığını” nəzərə çatdırır:

Dünyanın yarından istəsən vəfa, əqlin qanı,

Hasil olmaz nəsnəyə, fikir eylə, zinhar istəmə!

Möhnəti çoxdur cahanın, zülmətindən gəl, saqın.

Ey gözüm aydınlığı, zülmətdən ənvar istəmə!

İmadəddin Nəsimi digər bir şeirində dünyaya bağlanmamağın səbəblərini də açır. Şairin fikrincə, dünya mülkü heç kimə qalmayacaq və beş günlük dünya səltənəti üçün şər işlər törətməyin əhəmiyyəti yoxdur. Nəfsə uymanın xeyri (assi) mövcud deyil:

Dünyada cavidan evi heç kim üçün yapılmadı,

Keç bu keçən xərabədən, qoy bu fani imarəti.

Zərqü riya təriqinə düşməvü nəfsə uyma kim,

Kimsəyə assi eyləməz şol səfərin ticarəti.

İmadəddin Nəsimi ictimai-fəlsəfi lirikasında şər xislətli insanlarından narazılıq və onları tənqid də mühüm yer tutur. Nəsiminin fikrincə şər xislətli insanları tanımaq asandır, insanın izzətindən, sifətindən onun necəliyinə varmaq mümkündür:

Hər kişinin sormam əslin, izzətindən bəllidir,

Söhbəti-irfan görənlər xidmətindən bəllidir.

Sorsalar səndən rəqibi, sən nəsindən biləsən,

Mən bilirəm, sözü əgri ənsəsindən bəllidir.

Şairin bu mövzuda yazdığı əsərlərində insandakı yalançılıq, qeybət, paxıllıq, ədavətçilik kimi şər işləri pisləyir, bu kimi xislətlərin mövcudluğunun xalqı “xəstələnməyə” sürüklədiyini qeyd edir:

Yəqin, cənnət üzü görməz bir adəm,

Ki, var canında onun üç əlamət.

Birisi kəzzablıq, birisi qeybət,

Biri olmaq bəxil, əhli-ədavət.

Başqa bir şeirində şair sözünə bağlı insanların olmamasından şikayətlənir:

Qanı bir əhdü peymani bütün yar?

Qabı bir qövlü gerçək, doğru dildar?

Dünyanı vəfasız adlandıran, insanları şər işlərdən uzaq durmağın əhəmiyyətinə varmağa çağıran Nəsimi bəşər övladını hansı yolu tutduğunu düşünməyə səsləyir, saleh əməl işləməyə dəvət edir:

Nəfsi-xəbisə uymaq nadanların işidir,

İşin nədir gör axır, fikir eylə, olma nadan!

Tərk eylə səyyiatı, saleh əməl qazan kim,

Kanın cəzası həqdən həm lütf imiş, həm ehsan.

Göründüyü kimi, İmadəddin Nəsimi ictimai-fəlsəfi motivli şeir yaradıcılığında dünya və insan barədəki müxtəlif fikirlər, qənaətlər ortaya qoyur, bəşər övladının doğru yolu tapmasında bu iki məfhumun – varlığın və yaradılışının mahiyyətini dərk etmədə görür.

                                                                                                                              Anar Qasımov

“Yeni həyat” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: