5000-ci nömrə

145

Bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mətbuatımızda milli jurnalistika ənənələri qorunub saxlanılır, kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsü rolunu oynayır.

1935-ci ildə ilk sayı çap olunan və Culfa rayonunun ictimai-siyasi həyatında çox böyük rolu olan “Arazın səsi” qəzeti 5000-ci sayı ilə oxucularının görüşünə gəlib. 1935-ci ildə nəşr olunan qəzet 1940-cı ilə qədər “Bolşevik yolu”, 1966-cı ilə qədər “Sovet Culfası”, 1966-cı  ildən 1991-ci ilin oktyabr buraxılışına kimi  “Zəfər”, 1991-ci ilin 16 oktyabr tarixindən bu günə qədər “Arazın səsi” adı ilə çap olunur.

Milli mətbuatımızın  və eləcə də  qəzetimizin müstəqillik illərindəki inkişafı  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan jurnalistikası söz, fikir, mətbuat azadlığına məhz Ulu öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Bu sahədə möhkəm qanunvericilik bazasının yaradılması mətbuatın inkişafında ciddi dönüş yaratdı. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, – deyən ümummilli liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, Azərbaycan bu sahədə mövcud olan beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların söz və fikir azadlığı, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək, yaradıcılıq azadlıqları təsbit olundu. İnformasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verildi.

Bu gün olduğu kimi, çap olunmağa başladığı ilk illərdən muxtar respublika mətbuat orqanları sırasında öz dəsti-xətti ilə seçilən, rayonumuzun  güzgüsünə çevrilən “Arazın səsi” qəzetinin oxunaqlı olması üçün əməkdaşlarımız oxucuları düşündürən məsələləri qəzet vasitəsi ilə rayonumuzun sakinlərinə çatdırır. Doğma Azərbaycanımızda, muxtar respublikamızda və eləcə də rayonumuzda aparılan abadlıq, yaşıllaşdırma və quruculuq işlərini davamlı izləmək və gördüklərimiz  haqqında yazmaq bizim ən ümdə işimizdir.

Düşünülmüş, ağıllı söz heç vaxt ürəklərdə qalmır, gec-tez üzə çıxır, yayılır. Bu əkinçinin toxum səpməyinə bənzəyir. Ovcundan torpağa nə atırsan, torpaq da onu cana gətirir. Bəli, biz-qəzetimizin əməkdaşları, o cümlədən qəzetimizlə əməkdaşlıq edən hər bir kəs rayonumuzda aparılan geniş quruculuq işlərini yazıya alıb geniş ictimaiyyətə çatdırmağı özümüzün mənəvi borcu hesab edirik.

Müxtəlif adlarla çıxmasına baxmayaraq qəzetin amalı, məramı rayon həyatını doğru, düzgün əks etdirmək, yaşadığı zamanın, mühitin aktual hadisələrini sonrakı nəsillərə çatdırmaq olub.

Mətbuat tariximizdə öz dəsti-xətti, özünə məxsus yeri olan “Arazın səsi” qəzeti hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Belə ki, qəzetin müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunması və ən əsası qəzetin rəngli formada çap olunması onu daha oxunaqlı edib. Qəzetimizin əməkdaşları bu gün rayonumuzun tarixi salnaməsinə çevrilmiş mətbuat orqanını yaşatmaq, qəzeti daha oxunaqlı etmək üçün göstərilən dövlət qayğısından lazımınca bəhrələnirlər. 5000-ci sayının işıq üzü görməsinə baxmayaraq, qəzetimizin əməkdaşları hər bir sayın işıq üzü görməsi üçün öz işlərinə məsuliyyətlə yanaşır, insanlara halal zəhmətə bağlılığı, vətən, torpaq sevgisini aşılayır. Qəzetin yaradıcı qrupu və müəllifləri qarşıya qoyulan məqsədin gerçəkləşməsi üçün ciddi səy göstərir, onun rəngarəng, maraqlı olması üçün var qüvvələri ilə çalışır və bundan sonra da çalışacaqlar.

 

“Arazın səsi” qəzeti  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: