Valideynlərin uşaqların tərbiyəsində rolu

A- A A+

Deyirlər uşaq hər bir ailənin güzgüsüdür. Bu sözlərdə dərin həqiqət var. Bəs tərbiyə nədir? Valideynlər tərbiyə mövzusunda nələrə diqqət etməlidirlər? Tərbiyə əsasən iki mənada – dar və geniş mənada işlənir. Dar mənada tərbiyə-tərbiyə edənin tərbiyə olunana məqsədyönlü təsiri prosesidir. Bir daha məqsədyönlü sözünə diqqət yetirək. Tərbiyə sözünün mahiyyətini başa düşmək üçün bu sözün özünəməxsus mənasına valideynlər fikir verməlidir. Tərbiyə məqsədəuyğun prosesdir. Hər bir valideyn övladını tərbiyə edərək müəyyən məqsəddən çıxış edir. Tərbiyə olunana ictimai təcrübəni aşılamaq, uşaqda yaxşı, pis haqqında təsəvvür yaratmaq, davranış, mənəvi keyfiyyətləri aşılamaq və sairə məqsədlər müxtəlif üsulların köməyi ilə həyata keçirilir. Əgər deyilənlər müəllim tərəfindən həyata keçirilirsə, bunu başa düşmək çətin deyil. Öncə müəllimin əlində tədris proqramı vardır. Bəs valideynlər tərbiyə mövzusunda nə etməlidir?

Heç bir uşaq ailədə kor-koranə, kortəbii şəkildə tərbiyə edilmir. Valideyn hissi müqəddəs və ülvidir. Həm də eyni zamanda kövrək və zəifdir. Tezdən uşaqları yuxudan oyatmağa qıymırıq. Uşağı çox vaxt adi bir qayğıdan uzaqlaşdırırıq. Görəsən bu nə qədər düzdür? Uşağın yaşı nə qədər azdırsa valideynin şəxsi nümunəsi daha çox əhəmiyyət daşıyır. Məktəbəqədər yaşındakı uşaqların gözündə valideynlərin hər ikisi etalondur: uşaqlar valideynlərin çox vaxt səsini, yerişini belə diqqətlə izləyirlər. Artıq uşaqlar kiçik məktəbli dövründən başlayaraq valideynlərinin hərəkətlərinə tənqidi yanaşırlar. Bu da onunla izah olunur ki, uşaqlar yaşa dolduqca valideynin hərəkətlərinin təsiri onların valideynlərin bir-biri ilə münasibətilə şərtlənməyə başlayır. Psixologiyada bu tərbiyəni üç yerə bölürlər: Birinci- avtoritar tərbiyə üsulu. İkinci demokratik rəhbərlik üsulu. Üçüncü liberal rəhbərlik.

Bu üç tərbiyə üsuluna qısa nəzər salaq: Birinci tərbiyə üsulunda valideyn istədiyi işə icazə verir, istəmədiyinə yox. Uşaqlar məcburiyyət qarşısında valideynin dediyinə əməl edir. Bu da ailənin qorxu üzərində qurulmasına gətirib çıxarır. Adı yuxarıda qeyd olunan ikinci rəhbərlik üsulu. Burada valideyn uşağın fikrini dinləyir, məsləhət verir, bəzən uşaqla hesablaşır. Üçüncü liberal tərbiyə üsulunda uşaqların başlı-başına buraxılması kimin  nə gəldi etməsinə gətirib çıxarır.

Psixoloji tədqiqatlar göstərir ki, ən düzgün tərbiyə demokratik rəhbərlik üsulu müasir ailədə valideyn nüfuzunun möhkəmlənməsi baxımından əlverişlidir.

Psixoloqlardan biri uşağı, yeniyetməni bir çiçəyə bənzədir. Onun gözəlliyini bitkiyə qulluq etməkdə görür. Çiçəyin gözəlliyi üçün o açılmağa başlamadan əvvəl qayğı göstərmək lazımdır. Əziz valideynlər, gəlin dünyalar qədər sevdiyiniz övladlarımızın tərbiyəsinə diqqət yetirək. Axı onlar müstəqil Azərbaycanımızın gələcəyidirlər.

           

 

 Mirzə Həşimov

Dəstə kənd tam orta

məktəbinin psixoloqu

                                                                                                                                                                       “El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: