Şahbuz təbiətinin nadir bitkisi-Qafqaz əzgili

A- A A+

Şahbuz təbiətinin zənginliyi baxımından hər zaman xüsusilə seçilən rayon olub. Elə buna görə də ümummilli liderimiz Heydər Əliyev hələ 2000-ci illərdə bu zənginliyi qeyd etmiş və onun qorunması, gələcək nəsillərə çatdırılması haqqında tapşırıqlar, tövsiyələr vermişdir. Bu tövsiyələr əsas götürülərək 2003-cü ildə Şahbuz rayonundakı “Batabat yaylağı” ərazisinin də daxil olduğu 3139 hektar sahədə Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldı.        Qoruq ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazisinin 85 faizini palıd, 5 faizini ardıc, Araz palıdı, 7 faizini yemişan, qalan 3 faizini isə alma, alça, daş armud və müxtəlif kollar təşkil edir. Flora ilə yanaşı, fauna ehtiyatları da zəngindir. Xüsusilə qeyd edək ki, qoruq ərazisi dünya təbiətinin nadir inciləri hesab edilən Zaqafqaziya qonur ayısı, bəbir, muflonlar kimi növlərin məskən tapdığı təbiət əraziləridir.

Şahbuz Dövlət Təbiət Qoruğunda rast gəlinən nadir bitkilərdən biri sayılan əzgil kiçik ağac bitkisidir, boyu 3-4 metr ucalığındadır. Yaşlı zoğları boz, cavan zoğları qırmızımtıl-qonur rəngdədir. Zoğları az tikanlı olub, tikanları düzünə yönəlmişdir. Yarpaqları uzunsov, qısa, yumşaq tüklüdür. Bitki may ayında çiçəkləyir. Budaqlarının ucundakı tək-tək olan iri və ağ çilli, ətirli, gözəl çiçəkləri tez nəzərə çarpır. Meyvəsi qəhvəyi, ön tərəfdən basıq və armuda oxşardır. Yetişməmiş meyvələri yumşaq tüklü olub, 3-5 santimetr ölçüdədir.

Bu bitki Şahbuz Dövlət Təbiət Qoruğunda dəniz səviyyəsindən 1900 metr yüksəklikdə bitən palıd, yemişan, murdarça ağacları ilə birlikdə meşəaltı kolların tərkibinə daxildir. Bitkinin meyvə ehtiyatı çoxdur. Meyvələri bir qədər saxlandıqdan və ya şaxta vurduqdan sonra yeyilir. Yetişmiş yumşaq meyvələrin tərkibində 10-11% şəkər, 1% alma turşusu vardır. Meyvələri C vitamini ilə zəngindir. Bitkinin qabığında və yarpağında aşı maddələri çoxdur. Meyvələrindən cem, mürəbbə və spirtli içkilər hazırlamaq üçün istifadə edilir. Meyvələr ilk şaxtalardan sonra ağacdan tökülür.

Gözəl, çilli, iri, ağ və ətirli çiçəkləri olan bu nadir bitkinin bağ və parklarda bir dekorativ bitki kimi əkilib-becərilməsi məqsədəuyğundur. Bitki toxumları, kök pöhrələri və calaq etməklə çoxaldılır.

Ərazinin elmi cəhətdən tədqiqi, nadir, nəsli kəsilməkdə olan və azyaşlı bitkilərin öyrənilməsi, onların çoxaldılması, yayılması üçün görülən tədbirlər gələcəkdə bu bitkinin təbiətdə məhv olmasının qarşısını alacaqdır. Əzgil kimi digər qiymətli ağacları qorumaq, onları çoxaltmaq  təbiətə olan bir qayğıdır və təbiət insanın bu qayğısını zaman-zaman həmişə qiymətləndirəcəkdir.

 

İntizam Əhmədov

 Şahbuz Dövlət Təbiət  Qoruğunun kiçik elmi işçisi

                                                                               “Oğuz səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: