Təbiətə qayğı canlı varlığın, torpağın, gözəlliyin qorunmasıdır

A- A A+

Professor Qulu Xəlilov kitablarının birində yazıb: Şah İsmayıl Xətai Çaldıran döyüşünə gedərkən rəssam Bəhzadın əsərlərini bir mağaraya yığıb gizlətmişdi. Sərkərdə müharibədən qayıdanda birinci növbədə mağaraya gəlib həmin rəsm əsərlərinə baxır. Ondan soruşurlar ki, sən nə üçün başqa şeylərin də qayğısına bu cür qalmadın. Cavab verir ki, mən bu rəsmlərə baxanda Vətənin təbiətini, onun bütün gözəlliklərini görürəm və fəxr edirəm. 

Eyni müəllifdən daha bir iqtibas: Əmir Teymur öz ordusu ilə bir neçə gün səhrada qalır. Getmək vaxtı çatanda səhər çadırları sökmək əmri verilir. Xəbər gətirirlər ki, daş-qaşla bəzədilmiş şah çadırının bir neçəsində qaranquşlar yuva qurmuşlar. Əmir Teymur  kimi sərkərdə quşların yuvasının dağılmaması xatirinə daş-qaşla bəzədilmiş həmin çadırları səhrada qoyub getməyi əmr edir.

Bu, hətta dünyanı fəth edən bir sərkərdənin təbiətə, onun varlıqlarına olan məhəbbətinin ifadəsidir.   

* * *

Deyirlər kim ki, ömrünü mənalı yaşamaq, özündən sonra bir iz qoymaq istəyirsə, xeyirxah, uzun illər xoş xatirələrlə gələcək nəsillərə nümunə göstərilən xeyirli işlər görməlidir. Bu xeyirli əməllərdən biri də ağac əkmək, yaşıllıq yaratmaqdır.

Məhəmməd peyğəmbər (s.ə.) buyurub ki, ömrünün sonuna bir gün qaldığını bilirsənsə, yenə ağac ək.

Azərbaycan ekologiya elminin görkəmli nümayəndəsi, dünya şöhrətli alim, akademik Həsən Əliyev isə demişdir: “Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir”.

Bütün bunlar təbiətin zənginləşdirilməsinə, hər saniyə udduğumuz havanın təmizliyinə, insanın yaşayışı üçün birinci şərt sayılan oksigenin daha çox olmasına şərait yaratmaqla yanaşı, həm də mənəvi zövq verir. Bəli, təbiət sağlamlıq, gümrahlıq mənbəyi kimi insanların həyat, şəfa qaynağıdır. Əkilən, vaxtaşırı qulluq göstərilən hər bir ağac, hər bir gül kolu ana təbiətə töhfə olmaqla, həm də cəmiyyət qarşısında yerinə yetirilən vətəndaşlıq borcudur. 

Təbiəti qorumaq təkcə vətənpərvərlik deyildir. Bu, həm də insanpərvərliklə eyniyyət təşkil edir. Bu iki hiss birləşəndə istənilən nəticəyə çatmaq olur. Unutmamalıyıq ki, təbiətin qorunması – canlı varlığın qorunması, torpağın qorunması, gözəlliyin qorunmasıdır. İnsanın fiziki, əqli, ruhi dünyasının, sağlamlığının, möhkəmliyinin, zənginliyinin qorunmasıdır.

Bütün bunları bir daha yada salmaqda, xatırlatmaqda məqsədimiz özümüzün, gələcək nəsillərin hərtərəfli zəngin olan təbiətin əhatəsində sağlam yaşaması üçün gördüklərimizdən daha çox iş görməyin vacibliyini nəzərə çatdırmaqdır.

Bu, faktdır ki, muxtar respublikamızın hər yerində, eləcə də rayonumuzda son illər təbiətin mühafizəsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər təqdir olunasıdır. Artıq hər tərəf yamyaşıldır, hətta daşlı-qayalı, şoran yerlər də yararlı hala salındıqdan sonra torpaq və təbii-iqlim şəraitinə uyğun ağaclar əkilir.

Hər ilin yaz və payız fəsillərində keçirilən kütləvi iməciliklər Şərur şəhərindən 35 kilometr aralı, dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşən Havuş kəndinə də çatıb. Burada 4 hektar cəviz bağı, müxtəlif meyvə tumları, tinglər əkilib, dağ yamaclarında sıradan çıxmış yaşıllıqlar bərpa edilib.

Təkcə bu yaz iməciliklərində 2,8 hektar sahədə yeni bağ salınıb, 15 hektarda bərpa işləri aparılıb, bu sahələrə 47 mindən artıq meyvə tingi əkilib. Sahibkarlar tərəfindən isə xüsusi mülkiyyətdə olan pay torpaqlarında və həyətyanı sahələrdə 26 hektar meyvə bağı salınıb.

Ümumilikdə, təbiətin yaşıl örtüyünün artırılması və mühafizəsi, onların qayğısına qalınması üçün vaxtaşırı lazımi tədbirlər həyata keçirilir. Son iyirmi ildə rayonda yüz hektarlarla meyvə bağı salınıb, meşə zolaqlarının sahəsi xeyli genişləndirilib, bütün yolların kənarlarında yaşıllıqlar yaradılıb, meyvə və bəzək ağacları, gül kolları kənd mərkəzlərini daha yaraşıqlı, daha füsunkar edib.        

Bu yay havaların həddindən artıq isti keçməsi yaşıllıqların hərtərəfli qayğıya ehtiyacını daha da artırıb. Bu tədbirlərdə yüzlərlə şərurlu iştirak edir. Hamı bir nəfər kimi yaşıllıqlara qayğı ilə, ürəkdən qulluq göstərir. Bunun nəticəsidir ki, Naxçıvan-Sədərək avtomagistralının rayonumuzun ərazisindən keçən hissəsi, Şərur şəhərindən Xanlıqlar kəndinədək olan yolun hər iki tərəfi yamyaşıl meşəlikdir.

Yuxarı Daşarxdan Gümüşlüyə gedən yolun sol tərəfinə əkilən çinarlar artıq qol-budaq verib. Bir neçə il də ötəcək, Arpaçayın sahili boyu sıralanmış bu ağaclar ərazini daha füsunkar göstərəcəkdir. Danyeri, Xanlıqlar, Püsyan və Dəmirçi kəndlərində əkilmiş meyvə bağlarındakı ərik, alma, alça, gilas, gilənar ağaclarındakı məhsulu yığıb-yığışdırmaqla qurtarmır.

Şərur şəhərinə gələn qonaqlar buranı haqlı olaraq gül-çiçəkli məkan adlandırırlar. Küçələr boyu hündür qol-budaqları ilə biri-birini qucaqlayan çinarlar, akasiyalar, həmişəyaşıl ağaclar, parklardakı qızılgüllər, al-əlvan çiçəklər baxanları heyran edir.

Bütün bunlar vətənpərvərliyin, doğma torpağa bağlılığın, onun təbiətinin zənginləşdirilməsinə, daha da gözəlləşməsinə olan sevginin, məhəbbətin timsalıdır. Bəli, Şərur öz övladlarının əlləri ilə günü-gündən daha yaşıl, daha yaraşıqlı, daha zəngin bir regiona çevrilir.

 

                                                                                                      “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: