Tarixin işığında: Əylis - FOTOLAR

A- A A+

Bu yerin dağı lısdı,

Ya eldi, ya ulusdu,

       Bu dərədə bir yurd var,

Adı da Ağ ulusdu.

Ağulusdan-bu qədim türk elindən oxucularımıza salam olsun! Salam olsun, həm də o kəslərə ki, illərdir Azərbaycanın qədim yaşayış məskənlərindən olan bu yurd yerini sevib, əzizləyib, tarixini hifz edərək gələcək nəsillərə miras kimi ötürüblər. O səbəbdən ki, Ordubadın bu dilbər guşəsi hələ keçmiş zamanlarda öz gözəlliyinə görə “bala İstanbul” adlandırılıb. Yağı düşmən yağmalamağa çalışsa da, tarixin izlərini itirməyə müvəffəq olmayıb. Çünki tarix həqiqətin tərəfindədir. Əylis 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Əylis” və “Səhrayi Əylis” kimi qeyd olunub. Bundan 137 il sonra, yəni 1727-ci ildə osmanlılar tərəfindən tərtib olunmuş “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə isə bu kəndlər Yuxarı və Aşağı Əylis kəndləri kimi göstərilib.

Əylis toponimindən bəhs edərkən filologiya elmləri doktoru Adil Bağırov “Əylis” sözünün Əl-Leys, Ağ Kilis və Ağ Ulus kimi formalarından bəhs edir və göstərir ki, bütün hallarda bu toponim əski türk dilində izah olunur. Əylisin qədim sakinləri buranı “Ağ Ulus” adlandırıblar. “Ağ” sözü bu gün də dilimizdə qalan rəng mənasında izah oluna bilər. “Ulus” sözü qədim türk mənbələrində şəhər mənasında işlənir. 

Qoynunda əsrlərin yadigarı olan tarixi abidələri yaşadan Əylis açıq səma altında muzeyi xatırladır. Muzeyin qapılarını açıb içəri daxil olduqda Orta əsrlərin məşhur şəhərlərindən olan Əylisin zəngin tarixini diktə edən izləri-eksponatları ilə üz-üzə dayanırsan.

Orta əsrlər şəhəri-Əylis

Rayon mərkəzindən-Ordubaddan  12 km məsafədə yerləşən Yuxarı Əylis kəndi orta əsrlər zamanı Naxçıvan bölgəsinin inkişaf etmiş yaşayış məskənlərindən olub. Əylis bölgənin mühüm ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Əylis xüsusən də, Səfəvilər dövründə Naxçıvan bölgəsində diqqəti cəlb edən şəhərlərdən idi. İqtisadiyyatında ipək və digər mallarla ticarətin üstünlük təşkil etdiyi Əylis şəhəri XVI yüzillikdən etibarən Səfəvi şahlarının xüsusi himayəsinə keçməklə xass kimi (feodalizm dövründə Yaxın şərq ölkələrində, o cümlədən Azərbaycanda hökmdara və onun ailə üzvlərinə məxsus torpaq sahəsi) toxunulmaz mahal idi. Şahın belə xüsusi himayəsi buranın ticarət imkanlarını genişləndirib.

Hindistan, Cin, Mərkəzi Asiya ölkələri,  Qara dəniz və Aralıq dənizi vasitəsilə Avropa ölkələrini Səfəvi torpaqları ilə birləşdirən yollar Naxçıvan ərazisindən keçdiyindən burada ticarət üçün böyük bazarlar və digər alış-satış məntəqələri fəaliyyət göstərirdi. Kəndin mərkəzində, hazırda Bazar meydanı adlanan yerdə orta əsrlər zamanı böyük ticarət mərkəzi olub, müxtəlif ölkələrdən gələn tacirlər burada alver edirdilər.

Əylisin mərkəzində yerləşən böyük bir karvansara da ticarətin inkişafına xidmət edib. Bu karvansara 1680-ci ildə Əylisli Musa bəy tərəfindən tikilib. Həmin karvansaranın qalıqları bu gün də Yuxarı Əylis kəndinin mərkəzində qalmaqdadır.

Əylis çayının üzərindən xalq arasında Şah Abbas korpusu kimi tanınan körpü salınıb. Həmin  körpü mühüm ticarət, iqtisadi əhəmiyyətə malik bir abidə olub. Orta əsrlərdə Ordubad-Əndəmic-Əylis istiqamətində hərəkət edən ticarət karvanları bu körpüdən keçərək Əylis bazarına daxil olurdu.

Əylis tacirləri Yaxın Şərq və Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrinə girmiş, həmin ölkələrə bir sıra mallarla yanaşı, ipək ticarəti etmişlər. Belə ki, həmin dövrdə Naxçıvan bölgəsində əhalinin məşğul olduğu kənd təsərrüfatı sahələrindən biri də ipəkçilik idi. Bölgə ərazisində təsərrüfatın bu sahəsinin geniş yayıldığı yer Ordubad idi. Buranın mülayim iqlim şəraiti ipəkqurdunun yetişdirilməsi üçün əlverişli sayılırdı. İstehsal edilən məhsul xarici ölkələrə ixrac edilirdi. Bu mənada Əylis də ipək ixracatında əsas mərkəzlərdən sayılırdı. Burada ipəkçilik nəsildən-nəslə keçən sənətkarlıq sahəsi idi. XIX əsrin 60-cı illərində Əylisdə 50 dəzgahdan ibarət ilk ipəksarıma fabriki fəaliyyət göstərib.

Kənddə hələ də  qalıqları qalan və el arasında “Qala qapısı” adlandırılan yer olub. Bu yer orta əsrlər zamanı gömrük məntəqəsi rolunu oynayıb, cənub yolu ilə şəhərə daxil olan və şəhəri tərk edən adamlar və mallar burada yoxlanıb və qeydiyyatdan keçib. Bütün bu faktlar ticarət və sənətkarlıq mərkəzi olan Əylisin inkişaf etmiş bir şəhər kimi daim diqqət mərkəzində olduğunu göstərir. 

Qədim məhəllələr, kəhrizlər

Əylisdə indiyədək qalan qədim yaşayış evləri, memarlıq abidələri və onların qalıqları, hətta kənddə XVII əsrdə kəhriz sisteminin mövcud olması burada əhalinin böyük imkanlara, yüksək mədəni səviyyəyə malik olmasından xəbər verir. Bazar, Qarabağ, Meydan, Şam, Nov, Nuhgədih, Şora və digər kəhrizlər bu torpağın inciləridir. Mənbələr göstərir ki, Əylisdə kəhrizlərin sayı 45-dən çox olub. Bu gün də Əylisdə onlarla kəhriz işlək vəziyyətdədir. Bu qurğular quruluşuna görə sadə və mürəkkəb formaya malik  olub bu gün üçün əvəzolunmaz tarixi-mədəniyyət abidəsidir. Su sistemlərində pilləli kaskad tipi prinsipindən istifadə edilməsi məsələsi Avropada XX əsrin əvvəllərində su elektrik stansiyalarında tətbiq olunub. Halbuki Ordubad və Əylis kəhrizlərində  pilləli su sistemlərindən istifadənin tarixi çox-çox qədimlərə gedib çıxır. Qarabağ kəhrizi kəndin Qarabağ məhəlləsində yerləşir. Bu məhəllədə əsasən 1918-ci ildə ermənilərin törətdiyi soyqırım nəticəsində Zəngəzur mahalından gələnlər məskunlaşıb. Keçmişdə inşa olunan evlər sırasında demək olar ki, birmərtəbəli evə rast gəlmək mümkün deyil. Evlər iki və üçmərtəbəli tikilib. Giriş qapısı Ordubad şəhərinin qədim məhəllələrində olan evlərin giriş qapısı ilə eynidir. Səkkizüzlü bölüşdürücü dəhlizə malikdir.

Vəraqut məhəlləsi kəndin ən qədim məhəllələrindən sayılır. Burada köhnə tikililərin, qala divarlarının qalıqları, buzxana tipli binalar, məscid, eləcə də bu ərazidə daha çox qalan qədim evlərdə hələ də yaşayışın davam etməsi bunu sübut edir.

Əylisdə bu gün də öz qədim adını qoruyub saxlayan yerlər məsələn, Xanbağı, Xanlar məhəlləsi, Bəylər yeri, Xoşkeşin adlı məhəllələr mövcuddur.  Küçələrin daş döşəməsi, qala qapılarının izləri, uca divarlar orta əsrlər mədəniyyətinin bariz nümunələridir.

Meydan məhəlləsi. Bura Yuxarı Əylisin ən qədim və əsas məhəllələrindən sayılır. Bu məhəllə özündə 4 tarixi abidəni hifz edir. Orta əsrlərin yadigarı olan məscid və ona bitişik mədrəsə, hamam, kəhriz.

Zəmanəmizədək nisbətən salamat vəziyyətdə gəlib çatmış məscid Meydan məhəlləsində yerləşdiyinə görə “Meydan məscidi” də adlanır. Son illərdə məsciddə təmir işləri aparılıb. Şəhərin mədəni həyatında əhəmiyyətli rol oynamış ikimərtəbəli mədrəsə binasının üzərində dəqiq inşa edilmə tarixini göstərən kitabə olmasa da, memarlıq xüsusiyyətlərinə, tikinti konstruksiyasına və məscid kompleksinə aid olması onun Səfəvilər dövründə tikildiyini göstərir. Orta əsrlər dövründə belə bir mədrəsənin fəaliyyət göstərməsi həmin dövrdə elmə, biliyə nə qədər önəm verildiyinin göstəricisidir. Dini biliklərlə yanaşı, dünyəvi biliklərin də tədris olunduğu mədrəsədə Əylis şəhərinin və ətraf yerlərin uşaqları təhsil alıblar. Əylisdə yeni tipli məktəb 1912-ci ildə  açılıb. Naxçıvan Muxtar Respublikasının yaradılmasının fəal iştirakçılarından olan Naxçıvanın maarif komissarı Mirzə Vahab Həsənzadə 1912-ci ildə seminariyanı bitirdikdən sonra doğma kəndinə -Yuxarı Əylisə qayıdıb, vətən övladlarının maarifləndirilməsi, savadlandırılması üçün "Üsuli-cədid" məktəbi təsis edib. Zəngəzurdan gələn qaçqınları da təhsilə cəlb edib. Hətta  M. V. Həsənzadə İkinci Dünya müharibəsi illərində öz evinin yarısını məktəbə verib.

Məscidin şimal-şərq tərəfində məscidə bitişik hamam vardır. Nisbətən dağılmış vəziyyətdə gəlib çatan hamamın hazırkı görkəmi və ölçüləri göstərir ki, o çox möhtəşəm bir abidə olub. Böyük bir hissəsi yerin altında qalan hamam uçulmuş halı ilə belə bu gün də diqqəti cəlb edir. Hamamın altından keçib məscidin qarşısına çıxan çeşmə Meydan çeşməsi adlanır. Vaxtı ilə hamam bu çeşmənin suyu ilə işlədilib. Məscid, mədrəsə, hamam və çeşmə ümumilikdə bir kompleks təşkil edir.  

Tarix dolu Əylis

Əylisin məscidləri özündə tamam başqa tarix yaşadır.  Buradakı memarlıq üslubu, tikinti mədəniyyəti-istər körpülər olsun, istər hamam və yaxud yaşayış evləri Naxçıvan ərazisindəki, xüsusilə də Ordubad şəhərindəki abidələrlə, tikililərlə eyni məktəbə aiddir. Taqqılbab və zəncirbab kimi qapı aksesuarı hazırda Ordubad bölgəsi üçün xarakterikdir. Əylisdə bir sıra evlərə giriş üçün məhz taqqılbab və zəncilbabdan hələ də istifadə olunur. Xüsusilə də toponimlər. Ərazidəki dağ adları, məhəllələrin, eləcə də çoxsaylı kəhrizlərin adı hamısı qədim türkmənşəlidir. Əylis Ordubadın bir çox kəndləri ilə həmsərhəddir. Şərq sərhədi boyunca Ordubad şəhəri, Nüsnüs, Əndəmic, qərb sərhədi boyunca Xanağa, Vənənd, Vələver, Dırnıs kimi 12-yə yaxın kəndlə əhatələnib. Əylisin şimalında, Əylis çayının sağ sahilində Nuhgədih adlı qədim yaşayış məskəni olub. Bu qədim yaşayış məskəni adından da göründüyü kimi Nuh peyğəmbərin adı ilə əlaqəlidir. Həmin yaşayış məskəni 1918-20-ci illərdə ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliyin qurbanı olub.

Digər tərəfdən torpağın bağrına sancılmış məzarüstü kitabələrə diqqəti çəkək. Doğum və ölüm ili bəlli olmayan çoxsaylı qəbirlərlə yanaşı, 1800-cü illərdən başlamış tarixi dəqiq göstərilən və o vaxtın əlifbası ilə həkk olunan məzarüstü kitabələr onlarladır. Bu kitabələri tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli tədqiq edib. Məlum olub ki, kənd qəbiristanlığında indiyədək qalan başdaşı tipli qəbirüstü abidələrin çoxu qadınların xatirəsinə hazırlanıb. Qəbiristanlıqda tədqiq olunan 9 kitabədən altısının Şərəfnisə, Hökümə xanım, Nurşərəf, Həvva xanıma aid olması diqqəti çəkən və araşdırmaya cəlb ediləsi məsələlərdəndir.

XVIII əsrdə Azərbaycanda yaranan xanlıqlar içərisində öz mövqeyi ilə seçilən Naxçıvan xanlığının Naxçıvanın inkişafında əhəmiyyətli dərəcədə rolu olub. “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildindən oxuyuruq: “Naxçıvan xanlığında mövcud olan 3 şəhərdən biri məhz Əylis olub. Nadir şahın ölümündən sonra İranda və Cənubi Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan Azadxan 1752-ci ildə Naxçıvan xanlığının mühüm ticarət və sənətkarlıq mərkəzlərindən olan Əylis şəhərini yerlə yeksan etmiş, onun bir də dirçəlməsi üçün heç bir ümid yeri qoymamışdı. Sonralar Əylis şəhərinin yerində onun sənətkarlıq ənənələrini qismən davam etdirən böyük kəndlər-Aşağı Əylis və Yuxarı Əylis əmələ gəlmişdi”.

Ordubadın ən qədim yaşayış məskənlərindən olan Əylis əzəmətli dağlarla əhatələnib. Füsunkar təbiəti var. XIX əsrin I yarısında yaşamış Cənubi Azərbaycan şairi Əndəlib Qaracadaği Ordubad şəhərinin gözəlliyindən bəhs edərkən Əylisi də vurğulayır.

Ordubadın nə deyim, vəsfı gülüstanə dəyər,

Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər.

Hər dəm Əylis səfəri Hindü-Sifahanə dəyər,

Eylə şahidləri var huriyi-qılmana dəyər.

Əylis bu gün

XIX əsrin sonlarında Əylis kəndindən bir görünüş poçt açıqcası kimi buraxılıb. Və XXI əsrin Əylisi. Tarixə Ağulus kimi düşmüş Əylis bu gün özünün ağ günlərini yaşayır.

Ağ elim, ağ ulusum,

Dörd yanı dağ ulusum.

Təbriz elindən gəlir

Sədası Ağulusun.

2012-ci ildə Yuxarı, 2014-cü ildə Aşağı Əylisdə kompleks quruculuq işləri həyata keçirilib. Orta əsrlər şəhəri Əylisə uzun ömür bəxş olunub.  Ümumilikdə, Yuxarı və Aşağı Əylisdə 4000-ə yaxın əhali yaşayır. Mehriban, xoşsimalı əylislilər  yaradılan şəraitdən bəhrələnərək, torpağın qayğısına qalır, təsərrüfatın müxtəlif sahələrində çalışırlar. Zəngin tarixi hifz edən Əylis qoynunda o tarixi yazanları yaşadır.

 Çünki tarix həqiqətin tərəfindədir!

 

                                                                          Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: