Dünya Meteorologiya Təşkilatı (DMT), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və bəzi başqa təşkilatlar İqlimə dair Zirvə Görüşü ərəfəsində birgə məruzə hazırlayıblar. Məruzənin müəllifləri beynəlxalq birliyi iqlim dəyişmələrinə qarşı mübarizə üzrə təcili və qəti tədbirlər görməyə çağırırlar.
NUHÇIXAN həmin məruzənin bəzi tezislərini təqdim edir.
Son beşillik (2015-2019-cu illər) meteomüşahidələr tarixində ən isti beşillik olub. Hazırda qlobal orta temperatur sənayeləşmə dövründəki orta temperaturla müqayisədə 1,1 dərəcə yüksəkdir. Xatırladaq ki, İqlimə dair Paris Sazişinə görə, qlobal orta temperaturun yüksəlməsini 1,5 dərəcə həddində saxlamaq tələb edilir.
Bu gün Antraktikada buzların illik ərimə göstəricisi 40 il bundan əvvəlki göstəricilərdən 6 dəfə yüksəkdir. 2015-ci ildən sonrakı dövrdə dünyada buzlaqların itirilmiş kütləsi əvvəlki tarixdə hər hansı başqa beşilliklə müqayisədə yüksək olub.
1997-2006-cı illərdə dənizin səviyyəsi orta hesabla hər il 3,04 millimetr yüksəldiyi halda 2007-2016-cı illərdə bu göstərici ildə 4 millimetrə bərabər olub.
2018-ci ildə atmosferə karbon qazı tullantısı 2 faiz artıb və 37 milyon tona çatıb. Bu, rekord göstəricidir. Yaxın vaxtda emissiyaların həcminin azalması gözlənilmir. Hərçənd, indi bu emissiyaların artım sürəti qlobal iqtisadiyyatın artım sürətindən aşağıdır.
Atmosferdə parnik qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb. Məsələn, 2018-ci ildə karbon qazının konsentrasiyası 1 milyonda 407,8 hissəciyə bərabər olub. Alimlərin hesablamalarına görə, karbon qazının konsentrasiya göstəricilərinin 1 milyonda 400 hissəcikdən çox olması sonuncu dəfə təqribən 3-5 milyon il bundan əvvəl baş verib. O vaxt orta qlobal temperatur indikindən 2-3 dərəcə yüksək, dənizin səviyyəsi isə bizim dövrlə müqayisədə 10-20 metr yuxarı olub.