Şahbuzda ailə təsərrüfatı məhsullarının sərgi-satışı təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərində Heydər Əliyev prospektində təşkil olunan ailə təsərrüfatı məhsullarının sərgi-satışında rayonun 24 yaşayış məntəqəsindən 80-ə yaxın ailə təsərrüfatı sahibləri iştirak edib. Təsərrüfat sahibləri sərgi-satışa 20 növdə, 79 adda 2300 qablaşdırılmış məhsul çıxarıblar. Alıcılara qaymaq, xama, müxtəlif növ mürəbbələr, pendir, qatıq, cəviz, meyvə araqları, eləcə də turşular, kompotlar, Şahbuz təbiətinin nemətlərindən olan və şəfalı bitkilər təklif edilib.
Qeyd edək ki, Şahbuz rayonu bu gün yerli və xarici turistlərin ən çox üz tutduğu məkanlardandır . Belə tədbirlər həm yerli məhsulların alınması və həm də turistlərin vaxtlarının səmərəli keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgi-satış rayona gələn yerli və xarici turistlərin marağına səbəb olub, onlar rayonun ekoloji cəhətdən saf məhsullarından alıblar.
İki gün davam edən sərgi-satışda ən yaxşı ailə təsərrüfatı nominasiyası üzrə qaliblər də müəyyənləşdirilib. Münsiflər heyətinin qərarına əsasən ən yaxşı məhsul nominasiyası üzrə Şahbuz kənd sakini Sevinc Bayramova 1-ci yerə, Ayrınc kənd sakini Xəqani Abdullalı ikinci yerə, Külüs kənd sakini Səxavət Paşayev isə 3-cü yerə layiq görülüblər. Qaliblər Şahbuz rayon İcra Hakimiyyətinin diplomları ilə təltif olunub.
2 gün davam edən sərgi-satışda iştirakçılara iaşə xidməti də göstərilib.
Qeyd edək ki, 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunması və bu sahəyə göstərilən dövlət dəstəyinin nəticəsində Şahbuz rayonunda bu istiqamətdə mühüm nəticələr əldə edilib. Cari ildə dövlət tərəfindən 10 ailə təsərrüfatçısına məhsul istehsalını daha da artırmaq üçün 81 min manat kredit verilib.