AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsində “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” mövzusunda elmi konfrans keçirilib.
Tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb, bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Akademik Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol Cavidin həyat yolundan, onun zəngin və parlaq yaradıcılıq fəaliyyətindən danışıb. Vurğulanıb ki, Ərtoğrol Cavid 200-dən çox unudulmaqda olan el nəğmələrini, folkloru, xalq musiqisi və rəqslərini toplayaraq nota köçürüb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Cavidlər ailəsinə göstərdiyi qayğıdan da ətraflı bəhs edilib.
Sonra məruzələr ətrafında çıxışlar dinlənilib.