NUHÇIXAN xəbər verir ki, Azərbaycan Televiziyasında yayımlanan “Döyüşçü” hərbi vətənpərvərlik verilişinin növbəti buraxılışı Naxçıvana həsr edilib. Hazırlanan veriliş sentyabrın 22-i yayımlanıb və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Döyüşçü” hərbi vətənpərvərlik verilişinin çəkiliş qrupu sentyabrın 2-dən 6-dək Naxçıvanda olub. Onlar Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində çəkilişlər aparıblar. Yaradıcı heyət əsasən hərbi hissə və təlim mərkəzlərində, həmçinin ön xətdə yerləşən bölmələrdə və Günnüt əməliyyatı zamanı düşmən tapdağından azad edilən ərazilərdə çəkilişlər ediblər. Yayımlanan verilişdə 2017-ci il oktyabrın 18-də Naxçıvanda keçirilən möhtəşəm hərbi parad, Əlahiddə Ümumqoşun Ordunun hissə və bölmələrində yaradılan şərait və həyata keçirilən taktiki təlimlər də təqdim olunub. Ümummilli lider Heydər Əliyevin Naxçıvanda ordu quruculuğu sahəsində gördüyü işlərdən də ətraflı bəhs olunub.
Verilişin layihə rəhbəri Anar Şuşalı, aparıcısı Vasif Acalov, rejissoru Emil Babayev, kinooperatorları isə Vüqar Şıxəliyev, Zaur Sultan və Fəzail Kamalovdur.
Qeyd edək ki, ölkənin və dünyanın tanınmış televiziyaları mütəmadi olaraq muxtar respublikanın qədim tarix-mədəniyyət abidələrindən, adət ənənələrindən, o cümlədən ordu quruculuğundan bəhs edən film və verilişlər hazırlayırlar.
Turab Hacızadə