İstixana kompleksində bol məhsul yetişdirilir - FOTOLAR
Muxtar respublika iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır, bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilir.Babək rayonunun qəsəbə və kəndlərində də sahibkarlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb. Yuxarı Uzunoba kəndində fiziki şəxs Murad Cabbarov tərəfindən 3500 kvadratmetr ərazidə istixana təsərrüfatının qurulması daxili bazarın yerli məhsullarla təminatına imkan verir. Kompleks ilin bütün fəsillərində Naxçıvanın bazar-dükanlarını keyfiyyətli tərəvəz məhsulları ilə təmin edir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin edib. Hər il Naxçıvanda sahibkarlarla görüşlərin keçirilməsi, təsərrüfatların genişləndirilməsi üçün onlara maddi vəsaitin ayrılması onların belə desək,qol-qanadını açıb.İndi yaradılan şəraitdən istifadə etməyi bacaran hər kəs yaxşı sahibkar adını qazana bilər. Elə yuxarı uzunobalı Murad Cabbarov kimi..İki il bundan əvvəl kənddə 7 istixana kompleksi yaradan sahibkar deyir ki, əvvəlcə qardaş Türkiyə Respublikasında eyniprofilli təsərrüfatda təcrübə keçdim. Sonra şəxsi vəsaitim hesabına tərəvəz məhsulları istehsal edən bu cür kompleks qura bildim.Daha sonra dövlət maliyyə dəstəyi hesabına imkanlarımı genişləndirdim. Artıq bu gün istixanada avtomatik istilik sistemi fəaliyyət göstərir.Suvarma üçün artezian quyusu qazılıb. Burada yetişdirilən xiyar məhsulu “Tazəm-F1”, pomidor isə “Ayza-F1” salxım sortudur. Becərmə isə müasir texnologiya əsasında aparılır. Bunun nəticəsidir ki, 2-3 gündən bir məhsul yığımı həyata keçirilir. Naxçıvan şəhərində və rayonlarda tərəvəz satışı ilə məşğul olan satıcılar məhsulumuzu yerindəcə alır. İlin bütün fəsillərində alıcıları keyfiyyətli tərəvəz məhsulları ilə təmin etmək gücündəyik. Yaxşı məhsul isə bazarda adı ilə tanınır. Artıq bu sahədə müəyyən uğurlar qazana bilmişik. Kompleksdə 7 nəfəri daimi işlə təmin edən sahibkar gələcəkdə bu sahəni genişləndirmək fikrindədir. Daxili bazarı yerli məhsulla zənginləşdirmək, ucuzluq və bolluq yaratmaq işinə daha bir töhfə vermək istəyir. Öz alın təriylə qazandığı ruzi onun üçün çox qiymətlidir.
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzeti