Onlarca ölkə, yüzdən çox şəhər, o cümlədən bir neçə meqapolis, habelə iri biznes nümayəndələri iqlimlə bağlı böhrana qarşı mübarizə sahəsində konkret addımlar atılacağını elan ediblər.
NUHÇIXAN Birləşmiş Millətlər Təşkilatının saytına istinadla xəbər verir ki, Nyu-Yorkda başa çatmış İqlim Sammitinin yekunları BMT-də razılıqla qarşılanıb, lakin təşkilat bununla kifayətlənməməyə çağırır.
77 ölkə atmosferə istixana qazları atılmasını bu əsrin ortalarına qədər tamamilə dayandırmağı öhdəyə götürüb, daha 70 dövlət bu sahədə öz milli planlarını gələn ilə qədər dəqiqləşdirməyi vəd edib. Məcmu kapitalı 2 trilyon dollara bərabər olan yüzdən çox şirkətin biznes liderləri “yaşıl” iqtisadiyyata keçidi sürətləndirmək niyyətində olduqlarını bildiriblər.
Şəhərlər, kiçik ölkələr, o cümlədən ada-dövlətlər də bu işə töhfə verməyi vəd ediblər. BMT-nin Baş katibi Antonio Quterreş forumun bağlanış mərasimindəki çıxışında deyib: “Siz qarşıya qoyulmuş vəzifəni yerinə yetirmişiniz və iqlim dəyişmələrinə qarşı mübarizəyə təkan verilməsinə, əməkdaşlığın möhkəmlənməsinə və daha yüksək məqsədlər seçməyə kömək etmisiniz, lakin qarşıda hələ uzun yol var”. Baş katib bu sammitin ideyasını təxminən iki il götür-qoy edib. BMT-də forumun daha bir gəlişigözəl tədbirə çevrilməməsi üçün bütün səviyyəli liderlərin bu görüşə hazırlaşmaları, oraya konkret planlarla gəlmələri üçün vaxt verməyə çalışıblar.
Sammit iştirakçıları da əlindən gələni ediblər. Məsələn, Fransa Paris Sazişinin şərtlərinə riayət etməyən ölkələrlə ticarət aparmayacağını, Almaniya “karbon neytraliteti”nə nail olacağını bildirib. 12 ölkə “Yaşıl İqlim” Fonduna vəsait ödəməyi vəd edib. Böyük Britaniya iqlim dəyişmələrinə qarşı mübarizə üçün 2025-ci ilə qədər əlavə 11,6 milyard funt-sterlinq ayıracaq. Hindistan 2022-ci ilə qədər bərpaolunan mənbələrdən enerji istehsalını artıraraq 175 Gvt-a, gələcəkdə isə 450 Gvt-a çatdırmağı vəd edib. Bildirilib ki, Beynəlxalq Günəş Enerjisi Alyansı hazırda 80 ölkəni əhatə edir.
Çin atmosferə zərərli tullantıları ildə 12 milyard ton azaldacaq. Avropa İttifaqı növbəti büdcəsinin dörddəbir hissəsini iqlim dəyişmələrinə qarşı mübarizə üçün ayıracaq. Rusiya Federasiyası Paris Sazişini ratifikasiya etdiyini bildirib. Beləliklə, hazırda 187 ölkə bu sazişin iştirakçısıdır. Pakistan yaxın 5 ildə 10 milyard ağac əkiləcəyini öhdəyə götürüb.
Məcmu kapitalı 2,3 trilyon dollara bərabər olan 87 iri özəl şirkət tullantıları azaltmaq və təbii mühitə vurulan ziyanı məhdudlaşdırmaq öhdəliyi götürüb. 130-a yaxın özəl bank öz işində İqlimə dair Paris Sazişinin müddəalarını əsas götürəcəyini vəd edib.
Fransa və Yeni Zelandiya öz ərazilərində yeni neft və qaz yataqlarının işlənməsinin qadağan olunmasını elan ediblər. Maykl Blumberq kömür istehsalının məhdudlaşdırılması ilə əlaqədar fəaliyyətinin coğrafiyasını genişləndirərək 30 ölkəni əhatə edəcək. Onun səyləri sayəsində ABŞ-da 530 kömür müəssisəsindən 297-si artıq bağlanıb. Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Niderland, Portuqaliya və Slovakiya da tədricən kömür sənayesindən imtina edəcəklər. Cənubi Koreya kömürlə işləyən 4 elektrik stansiyasının bağlandığını, 2022-ci ilə qədər daha 6 belə stansiyanın bağlanacağını elan edib.
Bir sıra ölkələr və təşkilatlar əlavə maliyyə öhdəlikləri götürüblər. Baş katib forumun bütün iştirakçılarına təşəkkürünü bildirib, lakin əldə edilmiş nailiyyətlərlə kifayətlənməməyə çağırıb. O deyib: “Bizə daha çox konkret planlar lazımdır, biz ölkələrin və özəl sektorun daha məqsədyönlü fəaliyyət göstərmələrini gözləyirik. İstəyirik ki, həm dövlətə məxsus, həm də özəl maliyyə təsisatları birdəfəlik və həmişəlik “yaşıl” iqtisadiyyatın xeyrinə seçim etsinlər”.
Birləşmiş Millətlər Təşkilatının rəhbəri bəyan edib ki, bu təşkilat sammit iştirakçıları tərəfindən götürülmüş bütün öhdəliklərin yerinə yetirilməsinə şərait yaradacaq. BMT-nin bu mövzuda növbəti tam hesabatı iqlimə dair Çilidə keçiriləcək 25-ci konfransda təqdim olunacaq.