Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Komitədə muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.
Tədbirdə muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin metodist, tibb bacısı və müvafiq sahəyə məsul olan şəxsləri iştirak ediblər.
Seminarda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirin mahiyyətindən danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında da uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması və digər sahələrlə bağlı mühüm tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması uşaqların sağlamlıqlarının qorunmasına istiqamətlənmiş mühüm addımlardan biridir.
Bu gün muxtar respublikamızda 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Muxtar respublikada fəaliyyət göstərən dövlət uşaq müəssisələrində il ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər keçirilir. Bu baxımdan bu gün keçirilən maarifləndirici seminar həmin müəssisələrdə sanitar-gigiyenik normaların daha da təkmil təmin olunmasını, aparılan işlərin daha da yüksək səviyyədə görülməsi və onların həyata keçirilmə metodlarını sizlərə aşılamaqdan ibarətdir.
Həmçinin qeyd edib ki, müvafiq sahənin icra mexanizmləri qanunvericiliklə tənzimlənir. Müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşdıqda Azərbaycan Respublikasının Sanitariya Qanunvericiliyini Pozmağa Görə Məsuliyyət daşıyırlar.
Digər çıxış edənlər dövlətimiz tərəfindən uşaq müəssisələrində uşaqların sağlamlığının qorunması, hərtərəfli inkişafının təmin olunması üçün yaradılan şəraitdən danışıb, bu istiqamətdə görüləcək zəruri işləri vurğulayıblar.
Tədbirdə slayd vasitəsilə maarifləndirici məlumatlar təqdim edilib, tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış broşürlər paylanılıb.