NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İYİ” partiyasının Qars vilayəti üzrə keçmiş sədri və Qars Bələdiyyə sədrliyinə namizəd olan Səttar Qayanın “gazetekars.com” saytında Naxçıvanla bağlı məqaləsi dərc olunub. “Bölgəmizin parlayan ulduzu: Naxçıvan” adlı məqalədə müəllif bildirir ki, ilk dəfə Naxçıvana 1994-ci ildə gəlib. O zaman əhalinin çətin həyat şəraitini ürək ağrısı ilə qarşılayıb.
Bu dəfəki səfərində isə Sədərək-Dilucu sərhəd keçid məntəqəsindən paytaxt Naxçıvanın mərkəzinə qədər 80 kilometrik məsafədə yol boyu salınan meyvə bağları qonağın diqqətini çəkib. Şəhər mərkəzindəki parklardan, idarə və təşkilatların inzibati binalarından, məktəblərin qarşısında salınmış gülkarlıqlardan heyranlıqla danışan qonaq yazır: “Təbiətə, ağaca, yaşıllığa qarşı sevgi və hörmətin necə olduğunu görmək istəyənlər Naxçıvana gəlsin”.
Şəhərimizdə yeni istifadəyə verilən “Saat Meydanı” Turistik İstirahət Mərkəzini müəllif müasir memarlığın möhtəşəm bir nümunəsi kimi dəyərləndirir. Naxçıvan şəhərindəki nəqliyyat infrastrukturunu xüsusi bir mədəniyyət nümunəsi adlandıran türkiyəli qonaq yolların kənarında necə gəldi saxlanan avtomobil yığının burada olmadığını vurğulayır və keçidlərdə piyadalara yol verən nəzakətli sürücüləri təqdir edir. Taksi sürücüləri və onların səliqəli iş geyimi də Səttar Qayanın diqqətindən qaçmır.
Turistlərin ən çox axın etdiyi muzeylərdən, xüsusilə də Heydər Əliyev Muzeyindən çox təsirləndiyini vurğulayır. Qonaq Naxçıvanda şahid olduğu, insanların günlük yaşamını asanlaşdıran qaydaların Türkiyədə də tətbiq edilməsinin zəruri olduğunu bildirərək yazır “Müasir, çağdaş bir şəhər necə qurular - bunları bilmək, təcrübələrindən faydalanmaq üçün Naxçıvana getmək lazımdır”.
Naxçıvanın gündüzləri qədər gecələrinin də rəngarəng olduğundan danışan qonaq tarixi Avropa şəhərlərinin qədim Naxçıvanın yanında sönük qaldığını yazır.
Naxçıvan şəhər 2 saylı tam orta məktəbdə Bilik Gününü izləyən müəllif müəllim və şagirdlərin geyim və davranışlarını, valideynlərin təhsilə, məktəbə münasibətlərini heyranlıqla izləyib. Bütün bunları naxçıvanlıların təhsilə sevgisi adlandırıb.
Səttar Qaya diqqətçəkən bir təklif də edir: “Türkiyənin Bələdiyyə sədrlərini bilik və təcrübələrini artırmaq üçün xərc çəkib Avropaya göndərməyə gərək yoxdur. Şəhərsalma nədir, müasir şəhər necə salınır? Bütün bunları öyrənmək üçün yaxınlığımızdakı Naxçıvana getsinlər”.
Naxçıvanda olan sahibkarlıq obyektlərinə əcnəbi adların verilməməsi, səliqəli və standart lövhələrdə yazılan milli adlar, ünvanlara bələdiyyələrin nəzarət etməsi türkiyəli rəsmilərə nümunə göstərilir.
Bütün bu gözəlliklərdən sonra Səttar Qaya bölgənin turizm imkanlarından yetərincə istifadə olunması üçün Türkiyənin turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi və orqanik tərkibli yerli meyvələrin ticarətinin də genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağını təklif edir:
“Naxçıvanın tanınması üçün xüsusi bir layihə işlənməlidir. Türkiyədəki şirkətlər bu işbirliyində fəal olmalıdır. Ermənistan tərəfindən blokodaya salınmış Naxçıvan çətin şərtlər altında müqayisəsiz bir inkişaf yolu keçib. Bugünkü Naxçıvan isə dosta qürur, düşmənə göz dağıdır” – deyə müəllif fikrini tamamlayır.