Buğda və qarğıdalının qəbulu 30 qəpikdən həyata keçiriləcək - FOTOLAR
Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarları, laboratoriya, tərəzi və digər avadanlıqları saz vəziyyətə gətirilib. Məqsəd taxıl biçimindən sonra məhsulun qəbuluna tam hazır olmaqdır.
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada taxılı uzun müddət saxlamağa imkan verən anbarın həcmi 27 min tondur. Burada eyni zamanda taxılı qısa müddətə saxlaya bilən tutumu 20 min ton olan 2 anbar da mövcuddur.
Cəmiyyətə bütün dənli bitkilərin nəmliyini kondisiya halına salmaq üçün müasir avadanlıq quraşdırılıb. Bu da qəbul olunmuş dənli bitkilərin qurudulmasının standartlara uyğun aparılmasına imkan verəcək.
Cəmiyyət torpaq mülkiyyətçilərinin, sahibkarların və fermerlərin diqqətinə çatdırır ki, müəssisəyə qəbul olunan 1 kiloqram buğda və qarğıdalının dəyəri 30 qəpikdən hesablanacaq və qiyməti yerində ödəniləcək.
Qeyd edək ki, ötən il anbarlara kifayət qədər arpa qəbul edildiyindən bu il arpanın alışı həyata keçirilməyəcək.