Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclər təhsil xərclərindən azad edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin şəxsi təşəbbüsü ilə Azərbaycan Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqəsinə yekun vurulub.
Bu münasibətlə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin rektoru Saleh Məhərrəmov Azərbaycanda və muxtar respublikada uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Rektor keçirilən bu müsabiqənin yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov vurğulayıblar ki, həyata keçirilən tədbirlərin əsas məqsədi tələbələri sosial qayğılardan azad edib, təhsilə, elmə daha da həvəsləndirməkdir. Bildirilib ki, nəzərdə tutulan maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün müəyyənləşdirilib. Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. Həmçinin müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəricilərinin də əsas götürüldüyü diqqətə çatdırılıb. Bu il keçirilmiş müsabiqə zamanı 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsil alma formaları üzrə, bakalavr və magistr təhsil pillələrində olan ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsilli müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib. Nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı Gənclər Fondu tərəfindən qarşılanacaq ki, bunun da 11 faizi Naxçıvan Muxtar Respublikasının payına düşür.
Ödənişdən azad Naxçıvan Müəllimlər İnstitutunun Bilogiya ixtisasının tələbəsi Aysu Hətəmova göstərilən diqqət və qayğıya görə bütün tələbələr adından öz minnətdarlığını bildirib.
Sonda iki tələbə müqavilə sənədlərinə qol çəkib. Qeyd edək ki, ölkəmizdə keçiriləcək bu tədbirlərin ilki məhz muxtar respublikada baş tutub.
Səadət Əliyeva