NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Kərimbəyli kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova erkən nikahların fəsadları, sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən keçirilməsi, qan qohumluğu nikahları zamanı tibbi müayinənin vacibliyi haqqında tədbir iştirakçılarına məlumat verib.
Aparılan təhlillərə görə Babək rayonu üzrə 27 137 uşaq var. Bunlardan 391-i sağlamlıq imkanları məhdud uşaqlardır. Babək rayonunun Kərimbəyli kəndində isə 9 sağlamlıq imkanları məhdud uşaq var. Onların 7-də problem anadangəlmə, 2-sində isə sonradan qazanılmadır.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva bir sıra xəstəliklərin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanılıb.
Mədinə Rəhimli