NUHÇIXAN AMEA Naxçıvan Bölməsində Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi: Flora və faunanın nadir növləri” mövzusunda interaktivi dərs keçib. Dərsi 200-dən artıq ümumtəhsil məktəbinin şagirdi izləyib.
Akademik ölkəmizdə və eyni zamanda muxtar respublikada təbiətin və təbii ehtiyatların mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, muxtar respublikada meşə ehtiyatlarının artırılması, nadir, nəsli kəsilmək təhlükəsi olan bitki, quş və heyvan növlərinin qorunması diqqətdə saxlanır.
İnteraktiv dərsdə şagirdlərə muxtar respublikanın florasının nadir növlərinin yayılması, bitdiyi yer, təbii ehtiyatı, çoxalması, bioloji xüsusiyyətləri, qəbul edilən və zəruri qorunma tədbirləri ilə bağlı ümumi məlumat verilib. Bu sahədə Bioresurslar İnstitutunun qarşısında duran əsas vəzifələrdən söz açılıb. Akademik, həmçinin əməkdaşlar tərəfindən ekspedisiyalar zamanı təbiətdə çəkilmiş nadir növlərin şəkillərini və video görüntülərini şagirdlərin diqqətinə çatdırıb.
Cavid Səfərli