Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatının verilməsi üçün test imtahanı keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün test imtahanı keçirilib. İmtahanda 11 namizəd iştirak edib. Gömrük işi, valyuta münasibətləri, bank işi, vergi və ödənişlər, statistika və xarici iqtisadi fəaliyyət, audit və risk analizləri, gömrük işinə aid mülki, inzibati, cinayət və digər hüquq sahələrini əhatə edən imtahan sualları Dövlət Gömrük Komitəsinin test bankı əsasında hazırlanıb. Sualların cavablandırılması üçün namizədlərə 3 saat vaxt verilib.

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli qərarı ilə tənzimlənir. Qaydalara əsasən, 70 və daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunacaq. İmtahan nəticələri 3 gün müddətində rəsmi olaraq elan ediləcək. Nəticələrlə razı olmayan şəxs nəticələr elan olunduqdan sonra 5 iş günü ərzində İmtahan Komissiyasına müraciət edə bilər. İmtahandan uğurla keçmiş şəxslərə Dövlət Gömrük Komitəsi tərəfindən ixtisas attestatı veriləcək. İxtisas attestatı almış mütəxəssislər gömrük təmsilçisi adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malik olacaqlar.

Muxtar respublikamızda gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin formalaşdırılması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli biznes mühitinin yaradılmasına, şəffaflığın təmin olunmasına, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, gömrüklə biznes subyektləri arasında körpü rolu oynayan təmsilçilik institutunun dəstəklənməsinə xidmət edir.

Rahil Tahirli

Naxçıvan Muxtar Respublikası

Dövlət Gömrük Komitəsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: