NUHÇIXAN xəbər verir ki, sentyabrın 27-də Naxçıvanda “Elektron məhkəmə” informasiya sisteminin təqdimatı olub
Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri, ixtisaslaşdırılmış, rayon və şəhər məhkəmələrinin sədr və hakimləri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının rayon, şəhər İcra və Probasiya şöbə və bölmələrinin rəisləri iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından danışıb.
"Elektron məhkəmə" sisteminin əhəmiyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, "Elektron məhkəmə" sistemi əhatəli olmaqla özündə 130 milyona yaxın məlumatı əks etdirir, mürəkkəb mexanizmləri ehtiva edir və çoxsaylı komponentlərdən ibarətdir.
Sistem bütün məhkəmə instansiyalarını və növlərini vahid sistemdə birləşdirir, prosesləri sürətləndirir, qanunvericiliyin tələblərinə uyğun çoxsaylı hesabatlar hazırlayır və məhkəmə qurumlarının fəaliyyətini qiymətləndirməyə yardım edir. Hazırda 800-dən çox sənəd növü əvvəlcədən tərtib edilmiş şablonlara əsasən avtomatik olaraq yaradıla bilər ki, bu da vaxta qənaət baxımından olduqca əhəmiyyətlidir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparat rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun diqqət və qayğısı ilə muxtar respublikada məhkəmələrin hər biri üçün müasir inzibati binanın tikildiyini və yüksək səviyyədə iş şəraitinin yaradıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, bu sisteminsanların məhkəməyə yeni və daha rahat üsullarla müraciət etmək imkanı yaradacaq. O, bu sistemin istifadəsində vaxt itkisinin qarşısının almasından, sistemin istənilən hesabatı qısa vaxt ərzində hazırlamağa imkan verməsindən və məhkəmə statistikasının vaxtında aparılmasına, zəruri ümumiləşdirmələr hazırlanmasına şərait yaratmasından və ədalət mühakiməsinin həyata keçirilməsindəki rolundan bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Naziri Suliddin Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə İşçi Qrupunun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov “Elektron məhkəmə” informasiya sisteminin imkanları və səmərəliliyi barədə danışıblar.
Təqdimatda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda tədbir iştirakçıları “Elektron məhkəmə” informasiya sisteminin iş prinsipi ilə əyani olaraq tanış olub, proses iştirakçılarının sms vasitəsilə məlumatlandırılması sistemi iştirakçılara göstərilib.
Əbülfəz Dünyamalıyev