Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində sentyabrın 25-dən 27-dək keçirilən “Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı 3 günlük təkmilləşdirici təlimə yekun vurulub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarından 20 mühasibat işçisi dəvət olunub.
Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Sevinc Cabbarova Maliyyə Tədris Mərkəzi və keçirilən təlimlər haqqında ümumi məlumat verib, aktuallığı və mahiyyəti barədə danışıb.
Təlimin ilk 2 günü “Hesablar planı və müxabirləşmələr”, “Maliyyə hesabatlarının hazırlanması”, “Məzuniyyət hüququnun tənzimlənməsi”, “Büdcədən maliyyələşən təşkilatlarda profilaktiki nəzarət” adlı mövzularla bağlı mütəxəssislər tərəfindən təlimlər keçirilib.
Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və iştirakçılara sertifikatlar təqdim edilib.