Şurud balı - can dərmanı

A- A A+

Dağlar qoynunda yerləşən Şurud kəndinin təsərrüfat adamlarının əsas məşğuliyyətlərindən biri də arıçılıqdır. Arıçılıq qədim zamanlardan bu yurd yerinin təsərrüfat həyatında və məişətində aparıcı yer tutub. Şurudun əlverişli coğrafi mövqeyi, mülayim iqlimi, zəngin bitki aləmi burada arıçılığın inkişaf etdirilməsi üçün lazımi zəmin yaradıb. Zəngin floraya malik olan Şurud kəndində və bura yaxı olan “Yarpaqlı yaylağı” və “Məhəmməd düzü” ərazisində çoxlu şirəli bitki növü olduğu üçün bu yerlərin balı öz keyfiyyətinə və müalicəvi əhəmiyyətinə görə fərqlənir. “Naxçıvanqala” Tarix Memarlıq Muzeyi Kompleksində keçirilən “Arıçılıq məhsulları - Bal festivalı”nda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-Bal” nominasiyası üzrə keçirilən müsabiqədə Şurud balı da yüksək qiymətləndirilib.

Arıçılıq Şurud kəndində hələ qədim zamanlardan başlayaraq, əhalinin təcrübi biliyi sayəsində inkişaf etmiş, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə çatmış, məişətdə və əhalinin həyat tərzinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayıbdır. Şurudda demək olar ki, hər bir təsərrüfat adamı arıçılıqla məşğul olur. Bu gün Şurud və Gal kəndlərində arı ailələrinin sayı 1200-ü ötüb. Qeyd etmək lazımdır ki, Şurud dəniz səviyyəsindən yüksəkdə olduğu üçün sərt iqlim şəraiti ilə səciyyələnir. Məhsuldarlığı ilə diqqəti cəlb edən Şurud arılarının rəngarəng çiçəklərdən topladığı bal min bir dərdin dərmanı, can məlhəmi sayılır. Şuruda yaxın kəndlərin təsərrüfat adamları öz arılarını isti yay günlərində bu yerlərə gətirirlər. Arı saxlamaq qaydalarının düzgün təşkili, arı ailələrinin (pətəklərinin) bal ehtiyatı olan sahələrə köçürülməsi, qış tədarükü qaydaları, arı xəstləliklərinə qarşı xalq üsulu ilə müalicə tədbirləri, beçətutma və sair sahələrdən Şurud arıçılarının qazandıqları ənənəvi təcrübə arıçılıq təsərrüfatının inkişafında mühüm rol oynayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” Şurud kəndində arıçılıqla məşğul olan təsərrüfat adamları tərəfindən minnətdarlıqla qarşılanır. Ata-babasının  arıçılıq peşəsini uğurla davam etdirən Şurud kənd sakini Arif Nuriyev deyir ki, Şurudun zəngin təbiəti arıçılıq üçün çox münasibdir. Arıçılığın inkişafında dövlət qayğısının olması, bizi bu sahə ilə daha ürəkdən çalışmağa şövq edir. Arılar arasında yayıla biləcək xəstəliklərin qarşısının alınması üçün dövlət tərəfindən biz təsərrüfat adamlarına vaxtlı-vaxtında dərmanlar və pereparatlar verilir.

Rayonumuzun baytarları və mütəxəssisləri mütəmadi olaraq gəlib arıçılıqla məşğul olan təsərrüfat adamları ilə maarifləndirici söhbətlər aparıb, profilaktiki tədbirlər görürlər. Şurud kənd sakini Ələmqulu Quliyev isə deyir ki, arıçılıq ona ulu babalarından miras qalıb. Uzun illərdir bu sahə ilə məşğul olduğu üçün arıçılığın bütün sirlərinə bələddir. Şurud dağlıq yer olduğu üçün bu yurd yerinin balı keyfiyyətcə başqa yerlərin balından fərqlənir. Qeyd edim ki, dağ çiçəkləri arıların bal toplaması üçün gözəl mənbə sayılır. Balın dadı başlıca olaraq arının hansı çiçəkdən şirə çəkməsindən asılıdır.

Ata-babalarımız söyləyib ki, arı saxlanan evdə ruzi-bərəkət bol olar. Onun məhsulundan daddıqca canın dərd-bəla görməz. “Bal min bir dərdin dərmanıdır”. El arasında deyirlər ki, “arı müqəddəsdir”, o, “haram götürmür”. Sevindirici haldır ki, arıçılar üçün dövlətimiz tərəfindən tədbirlər görülür. Hər il festivalların keçirilməsi həm Şurud balının geniş şəkildə tanıdılmasına imkan verir, həm də arıçılar üçün satış imkanı yaradır.

          

                                                                   Ədalət Cəfəroğlu

                                                                  “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: