O gün bizim günümüz idi... - FOTOLAR

A- A A+

Bu bir həqiqətdir ki, insan yaranmazdan əvvəl Söz vardı.  Dini kitablarda yazılır ki, bu Söz də Tanrıya məxsus idi. İnsan yaranandan sonra isə Söz insana da  məxsus  oldu. Çünki onda böyük hikmət və qüdrət vardı.

Sözə verilən dəyər ən yüksək  qiymətdir. Bu dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclasında  söz deməyi özünə sənət seçən jurnalistlər sözə qiymət verən insanla üz-üzə idilər.  Muxtar respublikanın media nümayəndələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, jurnalistlərin dostu  cənab Vasif Talıbovla görüşürdülər. Bu dəfə muxtar respublikanın müasir tarixini yaradan İnsanla onu yazanlar bir arada idilər. Səmimi ortamda, qarşılıqlı sayğı və münasibətlə keçən görüşdə bir məsələ diqqətdə idi -Naxçıvanın sabahı, gələcəyi. Bu bir həqiqətdir ki, son illər Naxçıvanda Ali Məclis Sədrinin qayğısı və diqqəti ilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazası güclənib, peşəkar kadrların hazırlanması üçün mühüm addımlar atılıb. Naxçıvan mediası bu gün hazırlanan mövzularla bağlı ölkə səviyyəsində digər KİV-lərlə müqayisədə  özünün təmizliyini, milliliyini qoruyub saxlaya bilib. Ucuz şoular, bayağı verilişlər və kiminsə şəxsi məsələsini ictimaiyyətə “sırımaq” məqsədilə hazırlanan “boğazdanyuxarı və sifarişli” proqramlar bu media üçün yaddır. Naxçıvan mətbuatı və mediası yalnız bir prinsiplə işləyir- milli dəyərlərə qiymət vermək, dövlətçilik prinsiplərini hər bir halda yüksək tutmaq, hər yaşda vətəndaş üçün maraqlı olan və  geniş auditoriyanın diqqətini cəlb edən mövzulara toxunmaq.

 Bu gün Naxçıvan mediası bir məktəbdir. Bu məktəbdə istər televiziya, istər qəzet, istərsə də internet jurnalistikasında yetərincə peşəkarlar təmsil olunur.  Naxçıvan mediası istənilən anda muxtar respublikanın müdafiəsi, milli  və dövlət maraqları uğurunda birləşə bilən və hər vasitə ilə onu qorumağa çalışan böyük bir jurnalist ordusu yetişdirib. Bütün bunlar isə təbii ki, Naxçıvan Muxtar respublikası Ali Məclisi Sədrinin məqsədli şəkildə bu istiqamətdə apardığı işlərin məntiqi nəticəsi kimi özünü büruzə verir.

“Mətbuat və media bir silaha bənzəyir. Onu düzgün istifadə etmədikdə düşməni deyil, özünü məhv edər”, - bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə məxsusdur. Doğurdan da jurnalistika   və onun sahib olduğu söz dövlətin və millətin deyil, kiminsə şəxsi maraqlarına xidmət edirsə onda o özünü məhv edən qorxulu bir silaha çevrilir. Amma bu gün istiqamətini düzgün seçən Naxçıvan mediasının təmsilçilərinin işləri muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirildi. Jurnalistlərlə qürur duyduğunu dilə gətirən Ali Məclis Sədri tərəfindən bu ifadə çəkilən zəhmətə verilən qiymət və öz ənənəvi  yolu ilə irəliləyən Naxçıvan jurnalistləri üçün bir istiqamət idi.  Doğurdan da, həssas geosiyasi coğrafiyada yerləşən, məkrli qonşumuzun hədəfinə çevrilən Naxçıvan üçün təkcə əldə silahla döyüşən əsgər olmaq kifayət deyil, müasir dünyada daha çox aparılan söz savaşında da düşmənə tutarlı faktlarla layiqli cavab vermək lazımdır. Buna görə də jurnalistlər  ordusu öz işləri ilə Vətənə heç də hərbiçilərdən az xidmət eləmirlər.

Bu gün bizim günümüz idi- Naxçıvan jurnalistlərinin. Bu ifadə isə həmkarımız, jurnalist Sahil Tahirliyə məxsusdur. Yerində və tutarlı ifadədir. Bu günü isə bizə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hədiyyə etdi.  Keçirilən görüşdə Naxçıvan Dövlət Televiziyasının Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi  Müzəffər Əsgərovun səsləndirdiyi bir fikir isə Naxçıvan jurnalistikasının reallığını özündə əks etdirir. “Cənab Sədr, siz bizim üçün elə bir yol göstərmisiniz ki, biz hansısa qaranlıqda azanda bu yolun işığı bizi yenidən düzgün yola qaytarır. Buna görə sizə minnətdarıq”.

P.S. Əslində bir sıra məsələlərin geniş müzakirə olunduğu bu görüş hər bir media nümayəndəsi üçün bir DƏRS  idi. Öyrənməklə qurtarmayan Heydər Əliyev məktəbinin layiqli davamçısının jurnalistlər üçün öyrətdiyi dərs.

 

Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: