Mənim tanıdığım Hacı Fəxrəddin Səfərli və ya 70 yaşlı alim haqqında 7 söz

Sahil Tahirli yazır

A- A A+

...Çox çətin günlər idi. Kəndlərə, elə şəhərin özünə də sanki böyük bir buz yorğan örtmüşdün. Hər şey donmuşdu: otlar, ağaclar, küçələr, divarlar, insanların üzlərindəki ümid belə donmuşdu. Həmin vaxt Naxçıvan kəndlərinin həyatı daha acınacaqlıydı. Qaz, işıq, su yox idi. Torpaqlar əkilmirdi. Texnikaların hamısı dağılıb sıradan çıxmış, olub-qalanlarına isə yanacaq tapılmırdı. Bütün ağaclar, meşəliklər çoxdan qırılıb yandırılmışdı. Kimi qışı çıxarmaq üçün kömür axtarır, kimi günlərlə davam edən ağ neft, un, yağ, quru süd, mərcimək növbəsinə yazılır, kimi də qohuma-qardaşa sığınıb birtəhər balalarını saxlayıb böyüdürdü.

Məktəblərimizdə isə dərslər buz kimi siniflərdə keçirilirdi. Günün norması hər sinifə 2-3 litr neft idi. O da birinci dərsdən sonra bitirdi. Əksər evlərdə “kərmə”, bir az “karlı” evlərdə isə odun-kömür sobaları tüstüləyirdi. Bir tərəfdən də müharibə... Naxçıvan üzük qaşı kimi erməni blokadasında idi. Heç yerə çıxış yox, yalqız qalmış və unudulmuş bir məşəqqətli ada həyatı...

Əlbəttə, asan deyildi: 70 il dünyanın supergüclərindən biri olan Sovet İttifaqı bir andaca çökmüş, biz öz müqəddəratımızı özümüz həll etmək dilemması ilə üz-üzə qalmışdıq.

Həmin vaxt ən çox çətinlik çəkənlər sırasında müəllimlərimiz də var idi. Maaş hədsiz az, qayğılar da həddindən artıq çox... Ona görə də müəllimlərin bir çoxu məktəbi dükana, bazara, ticarətə dəyişmək məcburiyətində qalırdı. Yuxarıda sadaladığım həmin “buz günlər”dən birində eşitdik ki, çox sevdiyimiz Fəxrəddin və Səidə müəllimgilin evində axşam saatalarından başlayan yanğın evi büsbütün külə döndərib. (Səhv etmirəmsə, yanğın elektrik qısaqapanmasından baş vermişdi. O vaxt elektrik xətləri çox yerdə yararsız olduğu üçün belə hallar tez-tez baş  verirdi. Həm də evlərdə o qədər qızdırıcı qoşulurdu ki, transformatorlar belə bəzən öz-özünə alışıb yanırdı).

Bu ailənin Cəhri kəndində qazandığı böyük hörmətin nəticəsi idi ki, hamı bir nəfər kimi yardıma, köməyə gəlir, əlindən gələni əsirgəmirdi. Çox çəkmədi ki, Fəxrəddin müəllimin ailəsi bizim məhəlləyə - məktəb məhəlləsinə köçdü, gözəl bir qonşu və ziyalı ailə qazandıq. Öz halal zəhmətləri, alın tərləri hesabına daha bir ev tikib, isti ocaq qurdular...

Və bir də onu deyim ki, kəndimizdə hamı onların mənzilinin yanmağından çox, Fəxrəddin müəlimin Naxçıvanın tarix və etnoqrafiyası, epiqrafik abidələri ilə bağlı yazdığı çox dəyərli elmi iş və monoqrafiyaların yanıb kül olmasına təəssüf edirdi. Ancaq görkəmli ziyalımız əzmini, Naxçıvan tarixinə olan məhəbbətini itirmədi. Gecəsini-gündüzünə qatıb öz dəyərli tədqiqatlarını davam etdirdi, yazdı-yaratdı...

O həm də səmimi və qayğıkeş insandı. Evlərini təzə-təzə tikməyə başlayanda uşaq olsaq da əlimizdən gəldiyi qədər odun doğramağa, kərpic daşımağa kömək edərdik. Uşaqla uşaq, böyüklə böyük idi. Həm də təcrübəli pedaqoq idi. Bizə orta məktəbdə “Azərbaycan tarixi”, “Azərbaycan konstitusiyası” dərslərini ustalıqla keçər və öyrədərdi.

Elmin, maarifin fədaisi olan Fəxrəddin müəllim öz taleyini  sonralar Naxçıvan Dövlət Universiteti, AMEA-nın Naxçıvan bölməsi ilə bağladı...

Qısa arayış: “Fəxrəddin  Səfərli 29 sentyabr 1949-cu ildə  Babək rayonunun Cəhri kəndində anadan olub və ilk təhsilini də elə  burada alıb. O, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsini bitirdikdən sonra Cəhri kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Sonralar Naxçıvan Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb. 2007-ci ildə AMEA Naxçıvan Bölməsində fəaliyyətə başlayan alimin gərgin əməyi nəticəsində muxtar respublika ərazisindəki epiqrafik abidələr ilk dəfə olaraq sistemli şəkildə tədqiq olunub. 600-dən artıq epiqrafik abidə qeydə alınıb, onların mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilib. Kitabələrin əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilib”.

Fəxrəddin müəllim Azərbaycan tarixşünaslığının ən üzdə olan simalarından biridir.  Onun  apardığı tədqiqatlar nəticəsində orta əsrlər zamanı Naxçıvanda yaşamış çoxlu görkəmli şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, sənətkarların, alimlərin adları, məzarüstü abidələri tədqiq edilərək müəyyənləşdirilib.  Onlarla türk-islam mədəniyyəti abidələri - məscidlər, mədrəsələr, türbələr, imamzadələr, hamamlar və buzxanalar tədiqiq edilib. Fəxrəddin müəllim həm də son illər Ali Məclis Sədrinin sərəncamları ilə yaradılan bir neçə araşdırma və tədqiqat qrupunun rəhbəri olub.  İllərdi AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutuna uğurla rəhbərlik edən Fəxrəddin Səfərlinin tədqiqat əsərləri  ölkəmizin sərhədlərini aşaraq  Rusiya, Bolqarıstan, Türkiyə, İran, Ukrayna və başqa xarici ölkələrdə nəşr edilib.

Həm də yaxşı ictimaiyyətçi olan Fəxrəddin müəllim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Ali Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Məsələləri Komitəsinin sədridir.

Yaradıcılığına və elmi fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da yüksək diqqət göstərdiyi  alimin  əməyi dövlətimiz tərəfindən həmişə qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  “Əməkdar Elm Xadimi” fəxri adına, AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülüb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə  buraxılan "Xatirə qızıl medalı" ilə təltif olunub,  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Hacı Fəxrəddin Səfərli həm də hər bir kəsin hörmət bəslədiyi din və iman insanıdı. Həmişə öz zehninin, zəhmətinin, şam, çıraq işığında dayanmadan işləyən qələminin çörəyini yeyib. O, 10 mindən artıq əhalisi olan kəndimizin sayılıb-seçilən siması, etalonu, normasıdı. Hər kəsin ehtiram göstərdiyi, salamını kəsmədiyi, yol verib məclislərin  başında əyləşdirdiyi insandı. Həm də nümunəvi bir valideyn, ata, babadır. Övladlarının dördünü də oxudub, təhsil verib, cəmiyyətimizə, dövlətimizə qazandırıb. Fəxrəddin müəllimin özü kimi onun, həkim, müəllim, mühəndis olan övladları - Samirə, Aytən, Əli və Ziya da bizim uşaqlığımızın ən gözəl xatirələridi...

Sabah gözəl alimimizin 70 illik yubileyidi... İstədim ki, onu ilk təbrik edənlər sırasında mən də olum. Həyat belədi: İndi Fəxrəddin müəllimdən soruşsan ki, bu 70 il necə keçdi, hamı kimi deyəcək ki, bir göz qırpımında, su kimi axıb getdi... Əlbəttə, önəmli olan insanın öz ömrünü xeyirxah işlərlə yaddaşlara yazmasıdı. Məhz Fəxrəddin müəllim öz ömrünü cəmiyyətin təhsilinə, elmi inkişafına həsr edən belə görkəmli şəxsiyyətlərdəndir.

Yeri gəlmişkən deyim ki, o həm də rəhbərlik etdiyim Naxçıvan teleradiosunun, ümumilikdə jurnalistlərimizin yaxın dostu, yüzlərlə publisistik məqalənin müəllifi, onlarla televiziya filminin əsas simasıdır... Minlərlə sayılıb-seçilən ziyalının öyrədəni, ilk müəllimidir.

Bir şeirdə deyilir:

Quş qanadla uçar, insan diləklə,

Yatır hər ürəkdə min-min arzular!

Bu günün arzusu Fəxrəddin müəllimdir, onun can sağlığı və yeni yaradıcılıq uğurlarıdır. 70 yaşın  ucalığını onun zirvəsinə çatanlar, yaşayıb dadanlar bilər. 80-də görüşmək diləyi ilə, dəyərli müəllimimiz!

P.S. Məqalənin sərlövhəsini təsadüfi seçməmişəm: “70 yaşlı alim haqqında 7 söz...”

Fəxrəddin müəllimi tam səciyyələndirən 7 söz bunlardır: Səmimi, qayğıkeş, imanlı, fədakar, təvazökar, elmli və  alicənab...

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: