Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Ankaradakı səfirliyində Naxçıvan Sazişinin 10 illiyi münasibətilə geniş tədbir və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev haqqında “Türk inteqrasiyasının arxitektoru” kitabının təqdimatı keçirilib. NUHÇIXAN xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdırali, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının sədri, professor Mustafa İsen, Türkiyənin sabiq Mədəniyyət naziri Namik Kamal Zeybək, Türkiyə Böyük Millət Məclisinin üzvləri, həmçinin türkdilli ölkələrin səfirləri, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim iştirak ediblər.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Prezident Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına təbrikini çatdırıb.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi münasibətilə keçirilən bu toplantıda Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev haqqında “Türk inteqrasiyasının arxitektoru” kitabının təqdimatı da türk xalqlarının qardaşlığının möhkəmlənməsi baxımından mühüm hadisədir. Vurğulanıb ki, Naxçıvan Sazişi ilə qurulan ortaq regional təşkilatların rolu getdikcə artır: Türk Şurası, TÜRKPA, Beynəlxalq Türk Akademiyası kimi təşkilatların qısa zamanda mühüm işlər gördüyünü bildirən natiqlər qarşılıqlı fəaliyyətin gələcəkdə daha güclənəcəyinə inamlarını ifadə ediblər.
Türk Şurası Baş katibinin müavini Ömər Kocaman vurğulayıb ki, Naxçıvan Sazişindən ötən 10 il ərzində Türk Biznes Şurası, Türk Universitetləri Birliyi, Gənclik Platforması kimi təşkilatlar yaradılıb, “Orta dəhliz” adlı nəqliyyat layihəsi həyata keçirilib, bu yaxınlarda Budapeştdə Türk Şurasının ofisi açılıb.
Tədbir iştirakçılarına Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi münasibətilə buraxılmış qızıl yubiley medalı təqdim olunub.
Xatırladaq ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi imzalanıb. Həmin Sazişin məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası, Katiblik təsis edilib, həmçinin Beynəlxalq Türk Akademiyası yaradılıb.