Arıların qışdan sağlam çıxması və yazda sürətli inkişafı onların payız dövründə bəslənməsindən daha çox asılıdır. Payızda arıçının əsas vəzifəsi güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirməkdir. Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün kifayət qədər keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Payız-qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin 70-80 faizi pətəkdə, qalan hissəsi isə anbarda saxlanılmalı və ehtiyac olduqda arı ailələrinə verilməlidir. Muxtar respublikamızın iqlim və florasının müxtəlif olduğunu nəzərə alaraq, bölgələr üzrə yem ehtiyatının qış və yaz dövrü üçün dağlıq zonada 18-20 kiloqram, dağətəyi zonada 16-18 kiloqram, aran zonasında 14-16 kiloqram saxlanılması məsləhət görülür.
Qışlama üçün saxlanılan çərçivələrin hamısı dolu olmalıdır. Çərçivələrin üst hissəsi möhürlənmiş bal, aşağı hissəsi isə üzəri açıq bal və ya boş olan gözcüklərdən ibarət olmalıdır. Çünki arılar, əsasən, boş gözlər üzərində salxım qurur. Kiflənmiş, qıcqırmış və xarab olmuş bal qətiyyən qış yemi kimi pətəkdə saxlanılmamalıdır. Qış üçün saxlanılacaq olan 1-2 çərçivədə güləm olması erkən yaz dövründəki nəsil artımı fəaliyyətləri üçün çox mühüm əhəmiyyət daşıyır. Arıların qışlaması üçün çəmən və xüsusilə də dağ çəmənlərinin çiçəklərinin balı daha qiymətlidir.
Qışlama üçün açıq-qəhvəyi şanlar seçilərək saxlanılır. Bu şanlar yeni şanlara nisbətən daha istidir. Onlar arı yuvalarını az soyudur və yazda ana arılar onlara daha həvəslə yumurta qoyurlar. Ehtiyat yem üçün işıqlı şanlarda bal tədarük edilməsi məsləhət görülmür. Ona görə ki, onlar yaz aylarında yuvanı soyudur, ana arının yumurtaqoyma qabiliyyəti aşağı düşür, ailə inkişafdan qalır. Bal tədarükü üçün köhnə qara şanlardan istifadə etmək olmaz. Çünki onun qovuqcuqları içərisində keçən ildən qalma bal kristalı dənəcikləri ola bilər və həmin çərçivələrin qovuqcuğunda yerləşən balın da vaxtından əvvəl kristallaşmasına (xarlaşmasına) səbəb olar. Bu cür şanların qovuqcuqlarında müxtəlif xəstəlik törədə bilən mikroblar da ola bilər. Bu mikroblar xəstəliklərin yaranmasına gətirib çıxarar.
Yaz mövsümünə arı ailələrinin sağlam çıxması üçün onların yemlənməsi ilə yanaşı, xəstəliklərə qarşı profilaktiki mübarizə tədbirləri də həyata keçirilməlidir. Belə ki, arı ailələrinə ziyan verə biləcək invazionxəstəliklərdən biri olan “varroa” gənələrinə qarşı mübarizə aparmaq lazımdır. Varroatoz bal arılarının sürfə, pup və yetkin fərdləri üzərində yaşayan, arıçılıq təsərrüfatlarına külli miqdarda iqtisadi ziyan vuran, geniş yayılmış, qorxulu, parazitar xəstəlikdir.
Gənələr öz-özlüyündə heç vaxt məhv olmur. Buna görə də onlara qarşı kompleks mübarizə aparmaq tələb olunur. Varroatozun müalicəsi məqsədilə müxtəlif bitki mənşəli və kimyəvi preparatlardan istifadə edilir. Bitki mənşəli preparatlar tüstü formasında tətbiq olunur. Bunlardan ən geniş istifadə olunanı kəklikotu, tütün və birəotudur. Tütün yarpağında olan 2-3 faiz nikotin ailədə gənənin 75 faiz ölümünə səbəb olur. Kəklikotunun yarpağında olan timol antiseptik maddə olmaqla təsiri nikotinə yaxındır. Birəotunun qurudulmuş çiçəkləri arı ailələrinə gənə ilə 30 faiz yoluxma müddətində effektli təsir göstərir.
Kimyəvi dərman preparatlarından, onların istifadə qaydası haqqında müvafiq təlimatla tanış olduqdan sonra baytar həkiminin nəzarəti altında təlimata uyğun olaraq istifadə edilməlidir. Dərmanlardan istifadə edildikdən sonra pətəyə nəzarət yetirilərək dərmanların necə təsir etdiyini yoxlamaq lazımdır. Varroa gənələri müalicə preparatlarına tez uyğunlaşdığı üçün hər 3-4 ildən bir, bir kimyəvi qrupa aid olan dərmanlar başqa bir kimyəvi qrupa aid olan dərmanla əvəz edilməlidir.
Fariz Şıxəliyev
Dövlət Baytarlıq Xidmətinin
Baytarlıq nəzarəti və müfəttişlik
sektorunun müdiri
“Oğuz səsi” qəzeti