Azərbaycanın incisi adlandırılan Ordubad rayonu geniş yaylaq sahələrinə, zəngin bitki örtüyünə malikdir. Dağlar qoynunda yerləşən Tivi, Bist, Nürgüt, Ələhi, Xurs, Unus, Biləv, Nəsirvaz və digər kəndlərin sakinləri yaylaq mövsümü ərzində arılarını Göygöl, Saqqarsu, Əyriçay, Genyurd, Alçalıq və digər yerlərə aparırlar. Arıçılığın inkişaf etdirilməsində və keyfiyyətli bal istehsalında baytarlıq mütəxəssislərinin də rolu az deyil. Ordubadın keyfiyyətli balı nəinki Naxçıvan bazarında, hətta muxtar respublikamızdan kənarda da şöhrət qazanıb. Zəngin təbiət, şəfalı otlar, güllər-çiçəklər buranın balının keyfiyyətini artırıb edir. Təmiz balın alıcısı isə hər zaman var. Ötən il rayonda arı ailələrinin sayı 13 min 745 olub. 276 ton keyfiyyətli bal istehsal edilib. Bunun da müqabilində arıçılar xeyli qazanc götürüblər.
Kotam kəndi rayonun füsunkar yaşayış məntəqələrindən biridir. Kənddə arıçılıqla məşğul olan insanlardan biri də Anar Həsənlidir. O, ata-baba peşəsini davam etdirir, illər uzunu qazandığı təcrübə səmərə verir. Təcrübəli arıçı çəkdiyi zəhmətin müqabilində yaxşı qazanc əldə etdiyini söyləyir. Naxçıvan şəhərində hər il keçirilən “Arıçılıq məhsulları-bal” festivalında iştirak edərək əldə etdiyi keyfiyyətli bal məhsullarını satmaqla xeyli qazanc əldə edir. Ailə təsərrüfatçıları üçün müqəddəs bir sahədir arıçılıq. Arıçılıqla məşğul olan hər bir kəs təmiz, keyfiyyətli bal əldə etmək istəyirsə gərək ilboyu arılara qulluq göstərə. Qazanılan təcrübə, göstərilən dövlət qayğısı, eləcə də muxtar respublikamızın zəngin təbiəti Naxçıvan balının şöhrətini artırır.
“El həyatı” qəzeti