Bir yurd yerinin qoşa qanadı - Aşağı və Yuxarı Aralıq kəndlərinin bu günü...

A- A A+

Gündən-günə inkişaf edən Muxtar Respublikamız özünün yeni, çiçəklənən növrağını yaşayır. Bu tərəqqinin, analoqu olmayan dinamik inkişafın əsasını  ulu öndər Heydər Əliyevin müdrik ideyaları və bu ideyaların layiqincə həyata keçirilməsi təşkil edir.

Muxtar respublikamızın  qızılı payız günlərində də özgə bir büsatı vardır. Payız əkinləri məhsuldarlığa düşüb, bağlarda  növbənöv meyvələr-alma, armud, nar, heyva , şaftalı  yetişib, havadan payız ətri  gəlir. Şumlanıb arata qoyulan əkinlər, sanki, ağır yükünü çiynindən yerə qoyan adam kimi dincini alır, bağ-bağçalarda quşların səs-sədası kəsilmir. Otlaq sahələrində mal qara naxırı, qoyun quzu   sürüləri bolluq-bərəkət timsalı kimi ötüb-keçənlərdə məmnunluq doğurur. Beləcə, uzun yollarda  payızın sərinliyinə qəribə bir hərarət qatan bu mənzərələri seyr edə-edə  Şərur rayonun  Aşağı Aralıq kəndinə daxil oluruq. Təbiətin min bir rəngi yavaş-yavaş  solsa da insan əli ilə yaradılan gözəlliklərin əlvan çalarları daha artıq nəzərə çarpır bu yerlərdə. Müstəqillik , muxtariyyətin bəhrələri   bu  kəndin də hüsnünə yeni naxışlar əlavə edib, hər sahədə yeniləşmə, yüksəliş, xoş izlər qoyub. Abad yollar, yeni mədəni-maarif ocaqları, yaşayış evləri könül oxşayır. Həyata keçirilən bütün  bu tədbirlər  isə insanların rifahının yüksəldilməsinə yönəldilib. Kənddaxili yolun rahat asfalt örtüyü hər kəsə rahatlıq bəxş edir, sosial infrastruktur layihələrin həyata keçirilməsi,  yolların keyfiyyətli asfalt örtüyü qürur hissimizi artırır. Yola birgə çıxdığımız icra nümayəndəsi Cəfər Muxtarov yaşadığı kənddəki abadlıq-quruculuq işlərindən danışaraq bildirdi ki, bu gün ucqar kəndlərimiz belə firavan günlərini yaşayır, əhali daha əvvəlki kimi əziyyət çəkmir.

Beləcə söhbət edə edə  yol gedərkən yaxınlıqdan gələn  çörək ətrini duyub ayaq saxlayırıq.  Səhərin erkən saatlarında bu xoş ətir kənddəki lavaş sexindən  gəlirdi. Yaxınlaşıb burada çalışan işçilərdən hal əhval tutduq və ətirli çörəyin dadına baxdıq. Sahibkar Yaşar Quliyevə məxsus olan  Lavaş sexində 5 nəfər  qadın çalışır.  Burada iki üzlü, ətirli çörək bişirilir.

Yeri gəlmişkən Cəfər  Muxtarov   kənddə tanınan ailə təsərrüfatçısıdır. Kənd icra nümayəndəsi kimi öhdəsinə düşən işin öhdəsindən layiqincə gəlməklə yanaşı, əməyi, zəhməti sevən, təbiətə , dağlara vurğun insandır. Bu səbəbdəndir ki, onun ailə təsərrüfatında istehsal olunan məhsullar dağların  gülü çiçəyi, min dərdə dərman olan bitkiləri, giləmeyvələri və əkinçilik təsərrüfatında əldə etdiyi məhsullardır.

Dəniz  səviyyəsindən 700 m yüksəklikdə yerləşən Şərur düzü çox qədim zamanlardan əməksevər insanları ilə, eyni zamanda bərəkətli torpaqları ilə məhşurdur. Çox səyyahlar bu ərazilərdə olub və insanların yaşayışı haqqında məlumat veriblər. Aşağı Aralıq kəndi Şərur rayonunun orta hissəsində yerləşir və rayonun ən qabaqcıl , ən inkişaf etmiş  kəndlərindən biridir. Kənd Arpa çayının iki qolunun arasında yerləşdiyinə görə “Aralıq”adlanıb. Müstəqillik, muxtariyyatın bəhrələri bu kəndə də öz təsirini göstərib. İndi öz torpağının sahibi olan kəndli əkir becərir, maldarlıqla məşğul olur.

Kəndin  bağları və orada yetişdirilən meyvələr, xüsusən  şaftalı, armud və alma sortları həm görünüşünə, həm də dadına görə fərqlənir. Hələ əvvəlki dövrlərdə  kənddə becərilən üzüm bağlarının, pampıq, tütün tarlalarının sorağı çox yerə yayılmışdı. 1996-cı ildə torpaq islahatı ilə əlaqədar buradakı torpaq sahələri də  kənd sakinlərinin mülkiyyətinə verildikdən sonra bağçılıq, əkinçilik ənənələri daha böyük uğurla davam etdirilir. Yeni bağ sahələri salınır, məhsuldarlığı çox olan və son nəticədə  yerli tələbatı ödüyən bu meyvə  bağlarının becərilməsində müasir innovativ aqrotexniki üsullar geniş tətbiq edilir. Yeni salınan  bağların  dadlı, tamlı nemətləri  isə indi insanlarımızın süfrələrində daha çox görünür.

 Musa Muxtarovu-Aşağı Aralıq kəndinin ağsaqqalı, uzun illərin pedaqoqu, hamının kənddə hörmət və izzətini saxladığı, hamıya nümunə olan  bir insanı  tanıdıq  bu kənddə... Onunla söhbətimiz isə yaşadığı kənd ,kəndin ziyalıları və Sosialist Əməyi qəhrəmanları ilə  bağlı oldu.

Müsahibimiz bildirdi ki, əməksevər insanları olan kəndin Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbova ən son aqrotexniki üsullardan istifadə etməklə  yüksək məhsul götürməyə nail olmuş və bu zəhmətsevərliyi ona SSRİ-nin pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı adı qazandırmışdır. Abdulla Məmmədov kənd təsərrüfatı sahəsindəki fəaliyyətinə görə  kənd təsərrüfatı veteranı, İsa Məmmədov isə  Naxçıvan MR da yüksək vəzifələr tutmuş, Lənkaran Partiya Komitəsinin birinci katibi təyin edilmiş və ulu öndər Heydər Əliyev tərəfindən Bakıda Mərkəzi Komitənin katibi vəzifəsinədək yüksəlmiş , Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

Aşağı və Yuxarı Aralıq kəndlərində bu gün 1 tam orta məktəb, 1 tibb məntəqəsi,  xəstəxana, mədəniyyət evi, musiqi məktəbi, 3 ticarət mərkəzi, 5 lavaş sexi var. Poçt-rabitə sistemi səmərəli fəaliyyət göstərir, genişzolaqlı internet şəbəkəsi əhalinin xidmətindədir. Kəndin rabitə evində tanıdığımız Siyafər Cəlilov     bizimlə müsahibəsində güzəranın, şəraitin get-gedə daha da yaxşılaşmasından söz açdı, fasiləsiz qaza, işığa, rahat yola, digər rahatlıqlara görə   minnətdarlığını bildirdi: Əvvəllər palçıqlı yollarımız, qazsız evlərimiz, arabir işığı olan otaqlarımız var idisə, bu gün  bol suyumuz, asfalt yollarımız, həmişə yanan işığımız, yamyaşıl bir kəndimiz var. Bu kənd Şərur rayonunun ən məhsuldar kəndidir və  kənd təsərrüfatı məhsullarının istehsalında rayonumuzda birinci yerdə durur. İnsanları zəhmətkeşdir. Gözə bağlar, yaşıllıqlar salınıb. Hətta  kəndə yolu düşən qonaqlar  sanki  hansısa bir rayon mərkəzindən keçdiklərini deyirlər. Yol kənarındakı sosial binalar, yaşayış evləri, məktəb, xəstəxana  hər şey şəhəri xatırladır. 

Aşağı Aralıq kəndindəki  iki mərtəbəli xəstəxana binası  şəhər və rayon mərkəzlərində olan səhiyə ocaqlarından heç də geri qalmır. 2008 ci ildə istifadəyə verilən bu səhiyyə ocağı müasir avadanlıqlarla təmin olunub.  Muxtar respublikamızın  bir çox yerlərindən xəstəxanaya  müraciətlər olur. 50 ilə yaxındır  səhiyə sahəsində çalışan xəstəxananın baş həkimi Asəf Tağıyev deyir ki, muxtar respublikada  səhiyyənin inkişafı hec vaxt bugünkü qədər olmayıb. Bu gün Şərur rayonunun ən ucqar kəndində belə əhaliyə  müasir binalarda tibbi xidmət göstərilir.                        

Günorta saatlarına yaxın  kənddən azan səsi ucalır, yaxın kəndlərdən də eşidilən bu səs Aşağı Aralıq kəndindəki Heydər məscidindən gəlır. Öyrənirik ki, əvvəllər bu məscidin yerində möhrədən tikilmiş bir məscid olub. Lakin 1996 cı ildə bu məscidin yerinə ulu öndər Heydər Əliyevin adını daşıyan və onun şərəfinə tikilən möhtəşəm  bir məscid binası ucalır. Əgər bir vaxtlar köhnə, uçmaqda olan binalar, divarında, döşəməsində ot göyərmiş kabinetlər, tikan basmış   həyətlər  kənd mərkəzləri üçün xarakterik idisə  bu gün  Yuxarı Aralıq kəndində də bu mənzərəni  göz oxşayan sosial infrasturuktur  əvəz edib .

Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və maddi gəlirlərinin həcminin çoxalması isə insanların layiqli həyat tərzinin təminində böyük rol oynayır.

1993-cü ildə Ağdərə ətrafında gedən döyüşlərdə şəhid olan Oktay Məmmədovun adını daşıyan təhsil ocağı, yüzlərlə  şagirdin təhsil aldığı tam orta məktəb bu gün də öz müsbət ənənələrini yaşadır. Şübhəsiz yeni dərs ilində də qazanılan uğurlar çoxalacaq. Çünki məktəb müasir tələblərə cavab verən təhsil ocağıdır. Şagirdlərin keyfiyyətli tədris almaları üçün, təhsil müəssisəsi dərslik və müasir avadanlıqlarla tam təmin olunub.

Bir qədər aralıdan musiqi səsi gəlir. Bu səs o qədər şirin və məlahətlidir ki, istər-istəməz adamı özünə çəkir. Musiqinin xoş ritmi və şirinliyi ürəyə və damarlara axır... Bu səs Yuxarı  Aralıq kənd Uşaq musiqi məktəbindən gəlir.

1999 cu ildən fəaliyyət göstərən 2007 ci ildə isə əsaslı təmirdən sonra  istifadəyə verilən Uşaq Musiqi məktəbində 100 dən çox şagirdin təhsili ilə 30 müəllim məşğul olur və 7 ixtisas üzrə  dərslər keçirilir.

Uşaq musiqi məktəbinin yaxınlığında yerləşən və yaraşıqlı bir binada fəaliyyət göstərən mədəniyyət evi kənd əhalisinin asudə vaxtının səmərəli təşkilində mühüm rol oynamaqla yanaşı bu sahədə bir  çox uğurlara  nail olub.   Kənddə olduğumuz zaman mədəniyyət evinin həyətində “Bahar” yallı kollektivinin  məşqləri gedir. 

Muxtar Respublikamıza əvvəllər xaricdən idxal edilən məhsulların bir çoxuna olan tələb indi yerli istehsal hesabına ödənilir. Bu, həm də aqrar sahənin, kənd təsərrüfatının inkişaf göstəricisidir. Fermerlərə verilən subsidiyalar, sahibkarlara ayrılan güzəştli kreditlər, regionlarda soyuducu anbarların inşası son illər ərzində kənd təsərrüfatı məhsullarının daha böyük həcmdə istehsalını şərtləndirib. Elə aqrar rayonlardan biri kimi ölkə miqyasında kifayət qədər yaxşı tanınan Şərur rayonunun Yuxarı və Aşağı Aralıq kəndlərinin timsalında da bunu aydın görmək mümkündür. Hazırda  bu kəndlərdə 3 soyuducu anbar fəaliyyət göstərir. Kəndin fermerləri, əkinçiləri, ailə təsərrüfatçıları dövlətin qayğısını hiss edirlər və söz yox ki, bu imkanlardan istifadə edərək məhsul bolluğuna öz töhfələrini verirlər. Fəzail  Ağayev  təsərrüfatında  kartof əkininə üstünlük verir. Hazırda dövlətin dəstəyi ilə Soyuducu anbar kompleksi inşa etdirir ki,  məhsullarını qış ayları üçün də keyfiyyətli şəkildə saxlasın və daha yaxşı sata bilsin. Anbar kompleksi hazır olduqdan sonra burada 10 nəfər işlə təmin olunacaq ki, bu da kənddə əhalinin məşğulluğuna öz təsirni göstərəcək.                            

Küçələrdəki təmizlik, kəndin abadlığı insana xoş ovqat bəxş edirdi. Yuxarı Aralıq camaatı əməksevərdir. Onlar dövlət tərəfindən verilən iqtisadi azadlıqlardan, dəstəkdən istifadə edərək gecə-gündüz zəhmətlə çalışıb və özlərinə güzaran qurublar.

Bu il də fermer təsərrüfatlarında və şəxsi həyətyanı sahələrdə bol kartof, kələm, meyvə və digər məhsullar yetişdirilib.  Kəndçi öz əlinin əməyi ilə dolanmalıdır”, -deyən kəndin uzunömürlüsü 90 yaşlı  İbahət Orucova ömrünü, gününü vaxtilə  pambıq, tütün, üzüm tarlalarında keçirib, kəndin zəhmətkeş sakinlərindən olub.  İbahət xanım kəndin həm ağbirçəyi, həm də qayğıkeş bir anasıdır. Heç vaxt işdən “yoruldum” deməyib. 90 yaşında da özünü gümrah hiss edir. Yaşadığı  kəndin bu günü bir el ağbirçəyi kimi onun da qəlbini dağa döndərir. 

...Aşağı və Yuxarı Aralıq kəndlərinin timsalında Muxtar respublika kəndinin  bugünkü inkişafından söhbət açdıq. Bir yurd yerinin qoşa qanadı olan bu kəndlər haqqında çox danışmaq olar. Zəhmətkeş insanlarından, inkişafından, ziyalılarından, Sosialist Əməyi Qəhrəmanlarından lakin şübhəsiz bu yurd yerinin ən böyük missiyası Azərbaycan xalqına, Naxçıvan Muxtar Respublikasına Ali Məclisin sədri Cənab Vasif Talıbov kimi görkəmli bir dövlət xadimini bəxş etməsidir. Naxçıvan Muxtar Respublikasını işıqlı sabahlara qovuşduran  böyük şəxsiyyətin  inkişaf, quruculuq yolunda yandırdığı işıq isə daim mayak kimi şölə saçacaqdır.

Türkanə Əmoyeva

Qeyd: Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: