Payızın sərin nəfəsini hiss etdiyimiz bu günlərdə yenə üzümüzü yollara tutduq. Bu dəfə isə ünvanımız Culfa rayonu idi. Dəqiq desək Culfa rayonunun Milax kəndi.
Zəngəzur sıra dağlarının ətəyində, Əlincə çayın sahilində yerləşən Milax kəndi qədimliyinə və yerləşdiyi coğrafi mühitinə görə rayon ərazisində seçilən kəndlərdən biridir. Təpə üzərində yerləşən Milax kəndini hər tərəfdən dağlar əhatələyir. Qonşu kəndlərlə yanaşı Milax kəndinin də su ehtiyacını ödəyən, kəndin ətəyindən həzin-həzin axan Əlincə çayı, kəndin hüsnünə yaraşıq olan, başı göylərə ucalan yaşıl donlu ağaclar, səliqəli həyətyanı sahələr və əkin yerləri bu yaşayış yerinin mənzərəsinə bəzək olub, sanki rəssamın rəsm əsərinə vurduğu son toxunuşları xatırladır. İlin bu vədəsində, payızın yenicə qədəm qoyduğu zamanda gah günəş nurunu saçır, gah da buludlar kölgəsi ilə sərin bir meh bəxş edir kəndin təmiz havasına. Bu vaxtlar hündür bir ərazidən dayanıb Milax kəndini seyr etmək tamam başqa bir hiss yaradır insanda...
Milax kəndinin qoynunda insanlarla bərabər bir tarix kök salıb. Culfa rayonundan 55 kilometr şimal-şərqdə yerləşən kəndin toponiminin mənası bir neçə cəhətdən izah olunur. Düzən ərazi, çöllük sahə, buradan keçən Əlincə çayının düz axdığına görə mil-arx və vaxtilə bölgə əhalisinin üzümçülüklə məşğul olduğuna görə qışa tədarük görülən üzümlərin saxlanması üçün asılan milax sözündə axtarılır kəndin adının açıqlaması. Kənd və onun ətrafı tarixin izləri ilə zəngindir. Bölgənin ətraf yerlərində indi də kənd sakinlərinin adla bəhs etdiyi Söyüdlü dərə, Qumlu, Xallı daş, Ağ sal, Zoğala Çimən və s. kimi yerlərində keçmiş qəbrlərə rast gəlinir.
Milax kəndindən 6 km şimal-qərbdə bir az yüksəkdə, yerləşən Zoğala adlanan ərazidə köhnə yaşayış evlərinin qalıqları indi də gözə dəyir. 1934-cü ildə aparılan ekspedisiya zamanı eramızdan əvvəl dördüncü və üçüncü minilliyə aid olan birinci və ikinci "Zoğala" yaşayış məskənindən iki tunc qrifon tapılıb. Həmin qrifonların biri hazırda Bakıda Ədəbiyyat Muzeyində nümayiş olunur, digəri isə Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır.
Culfa rayonunun ucqar dağ kəndi olan Milax bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Muxtar respublikamızda son illər həyata keçirilən ardıcıl quruculuq işlərindən bu füsunkar mənzərəli kənd də öz payını alıb. Burada yenidən qurulan məktəb binası, kənd və xidmət mərkəzləri, abadlaşan yollar kənd adamlarını bu yurda daha sıx tellərlə bağlayır.
Kənddə həmsöhbət olduğumuz sakinlərin məşğuliyyətində bağçılığın öz yeri var. Buranın bağ-bağatı ilk baxışdan diqqəti çəkir. Yolunuzu bu yerlərə salsanız kəndə daxil olan andan sizi ancaq meyvə ağacları qarşılayacaq. Xüsusən də bu kəndin alması adamı özünə çəkir. Ağacların budaqlarını yerə salan “qırmızıyanaq” almalardan gözünü çəkə bilmirsən. Düzdür, Milax ən çox tərəvəzləri və üzümü ilə tanınsa da Milax alması da dadına, görünüşünə görə heç də onlardan geridə qalmır. Bağa bəzək olan növbə-növ almalar sözün əsl mənasında insanın üzünə gülür.
Bu yerlərdə qaynar həyat xoş təsir bağışlayır. Milax kəndində 90 yaşlı Qasım baba ilə bir dəfə tanış olan adam onu uzun zaman yaddan çıxarmaz. 90 yaşı var. Alnındakı qırışları, əlinin qabarı onun bağ-bağatdan uzun illər əldə etdiyi “qazancıdır”. Doğmalaşıb, dostlaşıb bu ağaclar onun üçün. Gənc yaşlarından torpağa sevgi bəsləyən Qasım baba ona bir körpə kimi qulluq edib. Elə torpaq da naxələf çıxmayıb, əziyyətinin qarşılığında ona gözüdolusu bağ-bağat, bostan bəxş edib. “Xəlil yeri” adlandırdığı bu kiçik dünyasında o qədər xoşbəxtdir ki, danışdırsan ürəyi sözlə doludur. Ürəyindəki sözləri şeirlə ifadə edir:
Bir Yanım Əlincə, bir yanım Araz,
Qəlbim coşa gəlir, eyləyir pərvaz
Gözəlliyi görüb, özün tərif yaz
Gözəllik diyarı Naxçıvandadır.
Qasım baba Milax kəndinin ən qocaman sakini, həm də ən təcrübəli bağbanıdır. 30 ildən çoxdur ki bu işlə məşğul olan ağsaqqal ağaclarına övladı kimi qayğı ilə yanaşıb, hər birinə sanki ata nəvazişi göstərib. Təsadüfi deyil ki, indi də hər cümləsinin əvvəli də sonu da əlinin zəhməti, qolunun gücü ilə saldığı alma bağı, ağacları, bostandır.
Milax kəndinin 30 hektara yaxın əkin sahəsi var. Əkin sahələrində taxıl, kartof, soğan, kələm, balqabaq, kimi nemətlər yetişdirilir. Lakin əkinçilikdə əsas üstünlük pomidor, xiyar və lobyaya verilir. Milağın bu əsas 3 məhsulu bazarlarda adı ilə deyilir. Xüsusən də burada yetişdirilən pomidor ənənəvi üsulla ərsəyə gəldiyi üçün dadı-tamı da bir başqa olur.
Bu günlərdə Milax kəndinə yolunuz düşsə xoş əhval-ruhiyyəyə köklənəcəksiniz. Bir tərəfdə məhsul yığılır, digər tərəfdə yığılan məhsuldan payızlıq azuqə hazırlanır eyni zamanda işlək kənd sakinləri qış tədarüklərini də həvəslə hazırlayırlar. Alın tərlədən insanlar yazda əkib becərib, torpağın nazıyla necə oynayıblarsa bax elə indi də həmin zəhmətin bəhrəsini layiqincə görürlər.
Culfa rayonu və onun kəndləri ən çox üzümü ilə məşhurdur. Milax üzümü də adla deyilir. Ta qədim zamanlardan burda üzümü qışda saxlamaq üçün fərqli bir üsuldan istifadə edirdilər. Təsərrüfat damlarında, zirzəmilərdə tavanlarda məftillər və ya iplər bərkidilir, üzüm salxımlarını da həmin yerdən asarmışlar. Ənənəvi olaraq isə milax xalq arasında qaraxot və həyətlərdə alaq otu kimi tanınan at pıtrağı bitkisindən hazırlanırdı. Bu şəkildə asılıb saxlanılan üzüm daha təravətli və saf qalırdı. Bu gün Milax kəndində də bu üsuldan istifadə olunur. Bu üsuldan istifadə isə əsasən oktyabr ayından başlanır. Kənddə üzümçülüklə məşğul olan Səlahəddin Hacıyevın həyətyanı sahəsində həvəslə qulluq edib ərsəyə gətirdiyi üzüm talvarı küçənin başından görünür. Talvardan sallanan sarı kəhrəba kimi üzüm salxımları insanı bihuş edir.
Milax kəndi Culfa rayonunun ən səfalı kəndlərindən biridir. Yaşıllığı bol, gül-çiçəyi rəngarəngdi, dağ yamaclarında bitən yemişan, həmərsin kimi müalicəvi bitkilər, nadir kollar bu torpağın bar-bərəkətindən xəbər verir. Təbiətinin bu qədər rəngli olmasının bir səbəbi də kəndin bir tərəfindən bol sulu Əlincə çayının bir tərəfdən Zoğala çayının bu torpaqları qidalandırmasıdır. Milax kəndində dağların döşündən süzülüb gələn bulaqlar, mineral sular da az deyil. Düzdü bu bulaqların demək olar ki, hamısı dağ yamaclarından axır, onların suyundan dadmaq üçün bir az uzun məsafə qət etməyi gözə almalısınız. Biz də “Yel bulağı” adlanan mineral tərkibli sudan dadmaq üçün bir qədər dağ, dərə getməli olduq. Bu bulaq dağların, qayaların dibindən süzülüb çıxır. Tərkibi dəmir tərkibli olduğundan ətrafı da pas tutub. Bu yerlərə gəlib gedənlər mütləq bu suların dadına baxır.
Artıq payız fəslinin ilk günlərini yaşasaq da Milax kəndinə bahar təravəti var. Hələ də xoş rayihəsini ətrafa yayan gül çiçəklər, öz ləzzəti ilə insanı səsləyən saf Milax məhsulları, ətrafda əməyə, zəhmətə, bolluğa, bərəkətə, birliyə doğru tələsən insanlar... Bu kənddə coşqulu bir dönəm başlayıb.
Şüküfə Vidadiqızı
Naxçıvan televiziyasının əməkdaşı