Deyirlər ki, dövlətin günü əsgərin mühafizəsi ilə keçir. Azərbaycan əsgəri vətənin havasını qoruyur ki,udmağa nəfəsi olsun, suyunu qoruyur ki,damarlarında qanı olsun, torpağını qoruyur ki, üzərində gəzməyə haqqı olsun. Vətən keşikçiləri doğulub boya-başa çatdıqları yurdu qorumaqla onun gerbinə, bayrağına, himnindəki misralarına çevrilə bilir. Yəni, Azərbaycan əsgəri dövlətinin, torpağının, sərhədlərinin etibarlı müdafiəsini təşkil etməklə müstəqillik rəmzlərinin də qoruyucusuna çevrilir. Beləliklə, hər bir vətəndaş sərhəddəki, səngərdəki, döyüş növbəsindəki əsgərə söykənir. Əsgər təhlükəsizliyimizi təmin etməklə, mülkü komfort adlandırdığımız asayişin keşikçisinə çevrilir.Asayiş və sabitlik isə bugünkü müstəqil Azərbaycan dövlətinin bütün sahələrdəki inkişaf və tərəqqisi ilə müşayiət olunur.
Ötən günlərdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilən zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə deyib:“Sərhədin qorunması vacib amildir. Çünki sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik olar”. Qeyd olunan Sərhəd zastavasında xidmətin nümunəvi təşkili üçün yaradılan şərait, əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkilinə hesablanmış addımlar, sərhədçi ailələri üçün yeni inşa olunan yaşayış kompleksi də əldə olunan siyasi sabitliyin əsas göstəricisidir.
Məsul zabitin müşayiəti altında həmin zastavaya yola düşürük. Söhbət əsnasında öyrənirik ki, qət etdiyimiz 10 kilometrlik yol və qaz xətti yeni çəkilib. Xidmətin təşkili üçün bu iki amil olduqca vacibdir. Zastavanın ərazisinə daxil olanda isə bir vətəndaş kimi qürur hissi keçiririk. Sıralanan xidmət və yaşayış kompleksi, yardımçı binalar, təlim şəhərciyi, müşahidə qülləsi insanı fərqli duyğular üzərində kökləyir. Ətrafdakı abadlıq, salınan meyvə bağı və yaşıllıqlar hərbçi nizam-intizamından, səliqə-sahmanından xəbər verir. Burada yaradılan şəraitlə, o cümlədən yataqxana, yeməkxana, ərzaq anbarı, məişət və sinif otaqları ilə tanış olduqdan sonra inamla deyə bilirik ki, sərhəd zastavasının şəxsi heyəti onlara tapşırılmış ərazidə dövlət sərhədini istənilən şəraitdə etibarlı mühafizə etməyə qadirdir. Bunun üçün zastavada hər cür şərait yaradılıb.
Bu barədə əsgərlərimizin də fikirlərini öyrənirik. Elvin Kamilli Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb və vətənə olan borcunu məhz Naxçıvanda yerinə yetirir. Gənc sərhədçi deyir ki, zastavanın yerləşdiyi ərazi biz sərhədçilərdən daha çox sayıqlıq tələb edir. Çünki ani bir diqqətsizlik, gözdən qaçan hər hansı bir detal dövlət sərhədinin pozulması ilə nəticələnə bilər. Döyüş növbətçiliyinə çıxmazdan öncə komandirlərimiz zastavanın coğrafi mövqeyi, mühafizə etdiyimiz sərhəd zonası barədə bizi məlumatlandırırlar. Bütün xalqımız, analarımız, atalarımız əmin olsunlar ki, sərhədlərimizi daim göz bəbəyi kimi qoruyacağıq. Sərt hava şəraiti, zastavamızın mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşməsi nümunəvi xidmət aparmağımıza heç cür təsir edə bilməz. Sərhədçi peşəsi çox şərəflidir və biz bununla fəxr edirik. Sonda onu da qeyd edim ki, zastava üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi bir hərbi qulluqçu kimi məni də çox sevindirdi. Şəxsi heyətlə keçirilən görüş zamanı Ali Məclisin Sədrinə minnətdarlıq edərək dedim ki, yaradılan şəraitdən səmərəli istifadə edərək, sərhədlərimizi etibarlı mühafizə edərək göstərilən etimadı doğruldacağıq.
“Deyirlər ki, tək ağacı ildırım tez vurar. Ona görə də çalışıb meşə olmaq lazımdır. Başqa sözlə, biz hərbi qulluqçular hər zaman birlik və bərabərlik içində xidmət aparırıq. Ölkəmizin müxtəlif yerlərindən həqiqi hərbi xidmətə çağırılanlar xidmət yerlərində bir amal uğrunda birləşib qardaşlaşırlar: Məqsəd Azərbaycan sərhədlərinin etibarlı mühafizəsidir”,– deyən əsgər Şahin İsmayılzadə isə Lənkəran şəhərindəndir. Müsahibimiz deyir ki, “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını əldə rəhbər tutan əsgər yoldaşlarımız üçün yaradılan bu şərait əlavə məsuliyyət deməkdir. Zastavamız üçün yeni xidmət və məişət kompleksinin istifadəyə verilməsi burada xidmət edən hər bir Azərbaycan gəncinin yaddaşında ömürlük olaraq qalacaqdır.
Sərhədçi ailələri üçün yeni istifadəyə verilən xidməti yaşayış kompleksinə də baş çəkirik. Burada 4 mənzil yerləşir və onların hər biri lazımi kommunal-məişət şəraitinə malikdir. Sərhədçi anası Elza İbrahimova deyir ki, oğlumun seçdiyi peşə ilə qürur duyuram.Bu gün sərhədçilərin xidməti və onların ailələri üçün yaradılan şəraiti görəndə isə sevincim və qürurum ikiqat artır. Dövlət bu şəraiti ona görə yaradır ki, həm sərhədçi ailələri rahat yaşasın, həm də zabit-gizirlər ailələrinin sosial-məişət şəraitindən nigarançılıq çəkməsinlər və bütün diqqəti Azərbaycan sərhədlərinin toxunulmazlığına, etibarlı mühafizəsinə yönəltsinlər. Bir valideyn kimi, sərhədçi ailələrinə yaratdığı şəraitə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm.
Bu gün hər bir sərhədçi özünün nümunəvi xidməti ilə “Azərbaycan” adlı müqəddəsliyi ayaqda saxlayır.Onlar sərhədlərimizintoxunulmazlığının və etibarlı qorunmasının aktual olduğu bir dövrdə yaradılan şəraitdən istifadə edərək və öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dayanırlar.
Muxtar Rzazadə
“Şərqin səhəri” qəzeti