Kəndimizə ilk şəhid gəlmişdi. Cavan oğlan... Atam gimgə yerindən evə qayıtdı, deyəsən elə o şəhid xəbərinə görə kəndə işıq vermişdilər. Radionu yandırıb lent yazılarından birini götürdü, maqnitafonu işə saldı...
“Şəki yallısı”...
Çarpayıda oturub başını aşağı saldı, əllərini düyünləyib dizlərinin üstünə qoydu. Çiyinləri atılıb-düşməyə başladı...
Mən atamı ona kimi ağlayan görməmişdim...
***
Gözümü açıb evimizdə yallı səsi eşitmişəm. Ustad Ələfsər Şəkilinin dillərə dastan “Şəki yallısı” atamın ən sevimli havalarından biri idi.
Gözümü açıb kəndimizdə yallı toyları görmüşəm, biz tərəflərin nağara-zurna ifaçılarının sorağı haralaracan yayılmışdı...
Yaxın dörd-beş para kənddən hansından kos səsi gəlsəydi bilərdik ki, toy-düyün var...
Sonra...
Sonra nəsə oldu, kəndlərimizdə yallı səsi, nağara-zurna sədaları öləzidi, seyrəkləşdi, kəsildi. Hamı “müasirləşdi”, yad səslər qarışdı şənliklərimizə, gənclər qədim havalara dodaq büzdülər...
Evimizdə atamın lent yazılarının arasında bir çox qiymətli səslərlə birlikdə Ələfsərin “Şəki yallısı” ömrünü davam etdirirdi... Atam yaxşı rəqqas deyildi, toyda-şənlikdə təsadüfən qol qaldırmağı olardı, onda da qısa müddətlik. Amma onu dəfələrlə oturub eləcə yallıları dinləyən görürdüm, gözləri dolu-dolu olurdu... Hamısını adbaad tanıyırdı. Naxçıvan yallıları barədə ilk dəfə ondan eşitmişdim...
***
Bu ilin yayında bir qrup jurnalist Batabata getmişdik. Gölün həndəvərində həmkarlarım halay çəkməyə başladılar. Daha sonra yol kənarında dayandığımızda bir daha qol-qola girib yallı getdiklərində məni də səflərinə dəvət edəndə donub qaldım - bacarmırdım... Nə ayağımı hamıyla birgə atacağıma inamım vardı, nə ahəngə uyacağıma. Eləcə heyran-heyran dayanıb baxırdım. İndiyə kimi təsadüfən qoşulduğum qarmaqarışıq rəqslərin heç birinə bənzəmirdi yallı, elə bil həmkarlarımızın hamısı xüsusi məktəb keçmiş, yallının qayda-qanunlarını öyrənmişdilər...
Baxışlarımdakı təəccübü hiss edən dostlardan biri: “Bizdə yallı xüsusi qorunur, kiçikdən-böyüyə demək olar hamı az da olsa yallı oynayır” dedi...
O vaxtacan bilmirdim...
***
Deyilənə görə insan on min il əvvəl yallı getməyə, on min il əvvəl halay çəkməyə başlayıb. Sonradan ayrılan, formalaşan, kökləri olduqları torpağa işləyən, yurd tutub məskən salan insan ilk rəqslərini ifa etməyə başlayanda , qollarını qaldırıb gözəgörünməz bir qüvvəyə üz tutanda, qəlbində ilk duasını dilləndirəndə, düşüncələrindəki ilk şükran və arzu duyğuları səsə çevriləndə yallı ayinə dönüb. Qol–qola, əl-ələ, çiyin-çiyinə eyni bir ritmin yoluna düşüb addımlayan, başını gah torpağa əyən, gah qaldırıb gözəgörünməzi axtaran insan bir güvən, bir dayaq, bir söykənəcək arayışında zəncir kimi bir-birinə keçməyə, birləşməyə başlayaraq, ayrılmazlığa – birliyə qədəm qoyub. Səf qurub bütün qorxu doğuran təbiət güclərinə, qarşılaşdıqları təhlükəyə daha cəsarətlə baxdığı kimi lütfünü gördüyü yaradana minnətdarlığını da ibadət kimi yallıya ifadə edib.
İnsan düşüncəsi yaradılmağıyla həm də bir ahəngə, ritmə düşüb. Bütün var olan hər şeyin içində rəqs mövcuddur. Qulağımıza gəlib çatan səslərdən tutmuş bütün nəsnələri təşkil edən zərrəcikləri bir yerdə bir-birinə bağlayıb saxlayan o gücün adı məhz rəqsdir. Doğulan körpənin ilk səsindən tutmuş, torpağı dəlib çıxan cücərtinin həyatına kimi bir eşidilən və eşidilməz musiqi altında rəqs baş verir. İlkin insanın düşüncəsi dünyanı öyrənmə yolçuluğunda diqqət kəsildiyi hər şeydə, günəşin doğmasında, ulduzların hərəkətində, yer tərpənməsində, ürək döyüntüsündə ilk rəqs işartılarını anlayanda özünü mövcudluğun bir parçası hesab etməyə başladığı andan külli-aləmin rəqsinə qoşulub. İnsan rəqsinin istənilən elementi onun təbiətə, duyğulara, məlum və naməlum hisslərə, ilk və son nəticədə ən yüksək enerjiyə - Tanrıya qovuşma cəhdi, qovuşma eşqidir.
Yallılara qulaq verin. Qəlbinizin dərinliyində sizin belə boğub saxlaya bilməyəcəyiniz bir istəyin tərpənişiniduyacaqsınız. O elə ordaydı, biz doğulandan sizinlə doğulub əbədi vəhdətə qoşulacağı məqamı gözləyirdi. Bizim içimizdə həmişə bir ritm səslənir. Biz özümüz də bilmədən ilk nöqtədən gələn əbədi ehtiyacla öz rəqsimizi axtarır, zəncirin özümüzə məxsus halqası olmağa can atırıq.
Mən o zaman orda, yallı çəkən həmkarlarıma baxa-baxa qəfildən çoxdan itirdiyi qiymətli bir incisini tapmış adam kimi qəlbimdəki sevinci hara qoyacağımı bilmirdim...
***
Naxçıvan ellərinin yallıları... Naxçıvan ellərinin qol-qola, çiyin-çiyinə, ülfət-ülfətə, qardaş-qardaşa minilliklərin o üzündən keçib həyata davam edən yallıları... Zamanın dolaylarında itib-batanları da olub, ifaçısının son nəfəsində gözlərini yumanı, son pıçıltısında səslənib bitəni də. Amma bu yerlərin sınaqlardan sağ çıxıb adını, havasını, nəfəsini qoruyan, ömrünü davam etdirən yallılarının sorağı bu gün dünyanın neçə ölkəsinə gedib çıxır, minlərlə insan bu gün dünyanın müxtəlif nöqtələrdə bir anlıq hər şeyi unudub bu rəqsin, bu qədimliyin, bu möhtəşəmliyin sehrinə düşür...
Naxçıvanda yallı deyərkən insanın ağlına ilk Şərur eli gəlir.
Keçən əsrin əvvəllərində Azərbaycan peşəkar musiqisinin yaranması zamanı ilk növbədə el havalarına üz tutularkən Şərur yallılarının toplanması və səsləndirilməsi, qorunması və öyrənilməsi, həmçinin yaşadılması yolunda bəzi tədbirlərin həyata keçirilməsinə başlandı. Dahi Üzeyir Hacıbəyli öz tələbələrindən bu işə diqqətlə yanaşmalarını xahiş edirmiş. Bu, təkcə musiqinin yaşadılmasıyla bağlı ola bilməzdi. Çünki yallılar,halaylar dünyanın bir ucundan o biri ucuna yayılan qədim oğuz-türk ellərinin kökünə, qədimliyinə, Tanrıylabağlılığına, həmçinin həyatının bütün dövrlərində müqəddəs dəyərlər qarşısında ehtiramına sübutdur. Yallılar böyük bir xalqın bir qolundan başqa qoluna, bir elindən başqa elinə çağırışıdır. Azərbaycanın, həmçinin Naxçıvanın ilk qayaüstü rəsmlərində insanın həyat mübarizəsini təsvir edən rəsmlər yallı gedən ilk insanın rəsmləriylə yanaşı cızılıb. Baxırsan, sanki o rəsmlər indicə canlanıb, minilliklərin o tayından pərdə-pərdə havalanıb gələn ritmlər səslənib səni öz səfinə qoşulmağa dəvət edəcək…
Edəcək... bəs biz o səfə qoşulmağa hazırıqmı?..
***
O hadisədən sonra Şərur yallılarıyla maraqlanmağa , onları araşdırmağa başladım. Saatlarla yallı gedən insanların necə əl-ələ tutduqlarına, ayaqlarının, çiyinlərinin hərəkətlərinə, baxışlarına, səssiz işarələrlə danışmaqlarına baxırdım. Möhtəşəm hissdir! Sanki gözlərinin qarşısında bütün aləm Tanrıya qovuşur, hər hərəkətdə, hər səsdə, hər ritmdə bir çağırış, bir əzm, bir möhkəm, heyrətamiz inam – “Biz varıq! Biz buyuq!” mesajı var.
Bu yerlərdə kiçiyindən böyüyünə yallıya nabələd adam tapmaq çətindir. İnsan hansı çətinliklə qarşılaşır qarşılaşsın kod yaddaşında özünə yer etmiş heç bir hissi, heç bir düşüncəni, heç bir inamı unutmur, onu heç nə ilə əvəzləmir, ona xəyanət etmir. Yallı bu yerlərin insanının gizli dili, düşüncələrini çatdırma tərzidir. Coşğusu, inancı, oturuşmuş xarakteridir. Ayağını torpağa möhkəm basmağı, keçmişiylə öyünməyi, başını qaldırıb göyə doğru şükran havalandırmağıdır. Yallı bu ellərin əsəri – Dostluğun, yenilməzliyin, təslim edilməzliyin ahəngdar yaddaş qatıdır.
***
Bizim Günəşə sevgimiz, oda sevgimiz, ocağa sevgimiz, bir-birimizə sevgimiz göz-gözə baxmaq, qol-qola verib dayanmaq, səs –səsə verib eyni duanı pıçıldamaq məqamında hamımızdan bir təmizlik istəyib. İnsanı təklənməyə, uzaqlığa, özgələşməyə, yadlaşmağa, incikliyə aparan səbəblər həmişə bir əlin uzanmasıyla, birinin biləyimizdən yapışmasıyla aradan qalxıb. Bizim ellərin qüdrəti həmişə bir nöqtəyə vurmaqda, bir ağlayıb bir gülməkdə, bir inam uğrunda birləşməkdə cəmləşib. Yallının əsas şərtlərindən biri bütün ifaçılardan əl-ələ tutmağı, yan-yana yeriməyi, səf qurmağı, cərgə olmağı tələb edir. Yallı bir xalqın duruşudur, bu duruşun əzəməti birliyin, birləşib ulus olmağın, bir yerdə addımlamağın, bir yerdə şükran bildirməyin simvoludur. Yallı gedən dəstə Günəşi təqlid edir, onun mərkəzinə bir səda yollayır. Sonra onun şüaları kimi yayılıb rəqsinin başına dolanır. Yallı yuxuda verilmiş butadır, o nə zamansa canımıza hopub orda qalıb, ona görə də ilk sədası gələr-gəlməz qanımız cuşa gəlir, o cərgəyə qoşulmağa o, həmahəngliyə qarışmağa, vəhdətin içində həll olub kainatın parçasına çevrilməyə, eşqə ərişməyə dartınırıq...
***
Heç bir dəyər itmir. Lakin gizlinə çəkilir. Hər bir gizlinə çəkilmişliyin içində bir qorunma instinkti var. Biz çox zaman ən qiymətli nəyimiz varsa onu ən ağlagəlməz, ən gözdən uzaq, ən əlçatmaz yerdə gizlədirik.
Milli-mənəvi dəyərlərin qorunması bu baxımdan daha məsuliyyətli yanaşma, daha böyük sevgi gözləyir. Xalqımızın əsrlər boyu qarşılaşdığı bir çox təqiblər, işğallar, hücumlar onun bir çox dəyərlərinin qaranlığa çəkilməsinə, unudulmasına səbəb olub. Söz yox, heç nəyin yoxa çıxmadığı bu aləmdə hər şey bir yerdə səbrlə tapılacağı, gün işığına çıxarılacağı məqamı gözləməkdədir.
Şərur yallılarını itib-batmağa qoymayan, yaşadan, ilk fürsətdə üzə çıxmasına nail olan, el şənliklərinə, meydanlara qaytaran, dünyanın ən nüfuzlu səhnələrinə aparıb çıxaran cəhdlər, səylər bir qocanın, bir ağbirçəyin titrək əllərinin havada pərvazlanmasından tutmuş, qızlı-oğlanlı gəncliyinin, uşaqlığının haradan gəldiyini, hara getdiyini unutmaq istəməyən el adamının, el böyüyününsevgisiylə bağlıdır...
***
Kainatda mövcud olan hər şey bir əbədi rəqsin içindədir. Bizim dünyamız da, daxili aləmimiz də bir rəqsin sırasına qoşulub bir nöqtə ətrafında dolanmaqdadır. Hər şey öz ətrafında dönərkən həm də hansısa bir naməlum mənanın ətrafında öz yolunu davam etdirir. Zamanın özü əbədi görünən yansımasıyla andan-ana, dəqiqədən-dəqiqəyə keçir, daha böyük uzaqlıqlar, daha sıx yaxınlaşmalar yaradır. Əbədi xaosun ahəngdar rəqsi...
İnsan haradasa, hansı məqamdasa o rəqsi, ahəngdarlığı bütün varlığıyla hiss edib. Yerindən qalxıb, özünə ən yaxın digər insanın əlindən, qolundan yapışıb, addımlarını onunla qoşa atmağa, əbədi rəqsə qoşulmağa çalışıb. Bəlkə də insan ilk birgə rəqsini-yallını, halayı ifa edərkən hələ nə söz yaranmışdı, nə nəğmə. Bəlkə də o, sadəcə haradansa havalanıb gələn, qəlbinə dolan çağırışın ardınca gedib dünyanın ən müqəddəs, ən gözəl ayinini icra edirdi...
***
Mən bu yolda ilk cəhdimi gerçəkləşdirmişəm – həm öz, həm də damarında dolaşan qanla mənə ötürülmüş ilahi sədanın havasında gözləri dolu-dolu gülümsəyən atamın yerinə... Yəqin gələn dəfə o səf tutanlara artıq həsədlə baxmayacağam...
Biz onunla birlikdə nə zamansa yallını doğulub böyüdüyüm eldə itirmişdim, nə zamansa o müqəddəs gözəlliyin yavaş-yavaş əlini şənliklərimizdənçəkdiyini, o havaların qarşı kənddən kəndimizə, kəndimizdən qarşı kəndə havanın səslənmədiyini ürək ağrısıylaizləmişdik...
Bu ellərin Yallısı sağdır...
Bəlkə milyon illər keçib, bəşəriyyət mədəni inqilablardan, inkişaf və təlatümlərdən, enib – qalxmalardan, sarsıntı və yüksəlişlərdən keçib, amma onun əllərində donub qalan o istilik yaddaşı, zehnində haqdan gəlib səslənən o hava öz yerində, öz təmizliyində, öz ehtiyacında qalıb...
Sanki heç nə dəyişməyib... Biz necə yaradılıb necə doğulmuşuqsa, hansı bəşəri və ilahi missiya ilə yer üzərinə göndərilmişiksə hələ də o həqiqətin başına dolanmaqda, o odu qorumaqda, o müqəddəsliyə baş əyməkdə, o ucalığa şükretməkdəyik...
Nə zaman ki, qulağınıza Şərir yallılarının sədası gəlib çatdı, nə zaman ki ürəyinizin dərinliyində o havalar çalınmağa başladı, nə zaman ki yanınızda əlindən, biləyindən yapışacağınız bir insanınız var, heç olmasa bircə dəfə o əbədi harmoniyaya qoşulun, bütün varlığınızla o enerjinin, o gücün, o təmizliyin və müqəddəsliyin içinə qarışın...