İydə çox faydalı və müalicəvi giləmeyvələrdəndir. İydənin meyvələri, yarpaqları, ağacının qabığı qədim zamanlardan ta bu günə kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə olunub. Vətənimizdə bu qiymətli giləmeyvənin iki növü yayılıb: Ensizyarpaq iydə və Xəzər iydəsi. Onu bəzək, meliorativ və daha çox xoş dada malik olan meyvə kimi əkib-becərirlər. İydə meyvəsinin lət hissəsində 40 faizə qədər şəkər vardır ki, bunların da 20 faizini qlükoza və fruktoza təşkil edir. Həmçinin lət hissədə bol miqdarda kalium və fosfor duzları da vardır. Bundan əlavə, xoş dada malik olan meyvəsinin tərkibi selik, zülal, boyayıcı maddələrlə də zəngindir. Yaxşı qulluq edildikdə bu bitki altı, səkkiz metr hündürlükdə olur. Əsasən kol və ağac kimi inkişaf edən, yarpaqları qışqabağı tökülən, bəzən zəif şaxtalı illərdə yarpaqlarını yazadək saxlayan iydə ağacı arıçılıq üçün qiymətli baltutar, insanlar üçün qiymətli dərman bitkisidir.
Şahbuz rayonunda da bağ və bostanlarda, eləcə də yolların kənarlarında xoşətirli və dadlı nemət sayılan iydə ağaclarının əkininə geniş yer verənlər çoxdur. Rayonda bu qiymətli bitkinin faydalarını bilməyən yəqin ki, az adam olar. Bu günlərdə tam yetişən bitkinin ətri heyva ilə birlikdə bağlara və ətrafa xoş əhval-ruhiyyə bəxş edir. Elə biz də bu günlərdə rayonumuzun əksər bağlarına qızılı rəngdə yaraşıq verən qiymətli iydə bitkisi haqqında bilmədiklərimizi öyrənmək üçün buranın yerli sakini, 80-dən çox yaşlı Məmmədxan babanın bağına üz tutduq. Bəslədiyi iydələr haqqında maraqla danışan müsahibimiz bildirdi ki, iydə ən qədim meyvələrdəndir və özü də qiymətli dərman bitkisidir. Bu bitkini vitamin deposu adlandırmaq olar.
Bağlarımıza xüsusi yaraşıq verən iydə ağacı o qədər də qulluq tələb edən bir ağac deyil. Az miqdarda suya qane olur və ildə bir dəfə erkən yazda quru budaqları arıtlanaraq təmizlənir. İydə ağacını çoxaltmaq üçün yazda və payızın sonlarında cavan budaqlardan kəsilərək qələm edilir və bitirilir. İydə ağacına vaxtlı-vaxtında və lazımi qaydada qulluq edildikdə 7-8 metrə qədər uzana bilir, yarpaqları yaşıl-gümüşü rəngdə, nazik, uzun və tüklüdür. Qabıqlı, oval, tüklü iydə meyvəsinin tumu xurma çəyirdəyinə oxşayır. May və iyun aylarında çiçək açaraq gözəl qoxusu ilə dağ-dərəni, bağ-bostanı bürüyən bu bitkinin meyvəsi, bax, elə bu vaxtlardan etibarən yetişməyə başlayır. Çalışmaq lazımdır ki, yetişən meyvələri səhər-səhər yığılsın və bu zaman toplanan meyvələr daha ləzzətli olur. Toplanan meyvələr yaxşıca qurudulmalıdır ki, nəm qalıb kifləməsin və qurdlanmasın.
Bizim dövrümüzdə, yəni, təxminən 30-40 il əvvəllərdə hər kəs qənd əvəzinə iydədən istifadə edirdi. O vaxt ata-babalarımızdan eşidərdik ki, kim bu faydası sayılmaqla bitməyən bitkidən istifadə edərsə, şəkər, diabet deyilən azar-bezara tuş gəlməz. İydənin ən qiymətli cəhətlərindən biri də ondadır ki, onun unlu hissəsi faydalı birləşmələrlə zəngin olduğu kimi, çəyirdəyinin səthində də qəribə maddələr var. Ağız suyunda həmin təbəqə maddələri asanlıqla əriyib qəbul edildikdə böyrək yollarına çox güclü müalicəvi təsir göstərir. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası məqsədilə hər gün 5 iydə yemək faydalıdır. Elə mən də demək olar ki, uzun illərdir bu giləmeyvə yetişəndən yaza kimi hər gün bu deyilənlərə əməl edirəm və şükürlər olsun ki, bu yaşda olmağıma baxmayaraq, bu günə kimi ürəyimdən heç bir problemim yoxdur. Həm də iydə çox yaxşı sakitləşdirici təsirə malikdir, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, əhvalı yaxşılaşdırır. İydədən hazırlanmış dəmləmə tənəffüs sisteminə çox müsbət təsir edir, nəfəs yollarını təmizləyir. Bir təcrübəli bağban kimi mən hər kəsə məsləhət görürəm ki, ondan bol-bol istifadə etsinlər.
İydəni təzə halda yemək və həmçinin mürəbbə, cem, kompot hazırlamaq olar. Hətta bəzi ölkələrdə iydəni qurudub un hazırlayırlar və daha sonra bu undan müxtəlif şirniyyatlar da bişirirlər.
Yetişmiş iydə ləbləbi, fındıq, badam, cəviz kimi çərəz olaraq işlədilir. Təzə iydədən kompot da hazırlanır. Onu da qeyd edək, bəzi xanımlar iydə çiçəklərindən mürəbbə də hazırlayırlar.
“Oğuz səsi” qəzeti