Azərbaycan tarixdə ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra tarixi abidələrimizin bərpası, milli dəyərlərimizin qorunması daim diqqət mərkəzində saxlanılır.
İpək yolu üzərində yerləşən qədim Naxçıvan torpağında ta qədim dövrlərdən körpülərin tikintisinə ciddi diqqət yetirilib, keçilməz sədlər, dağ çayları üzərində müxtəlif ölçülü körpülər tikilibdir.
Muxtar respublikamızın bir çox bölgələrində olduğu kimi, Culfa rayonunda da ticarət yolları üstündə gözəl sənət nümunələri olan körpülər inşa edilib. Xalqımızın qədim körpüsalma təcrübəsini özündə yaşadan XVI əsrin abidəsi olan Ərəfsə körpüsü əsrlərin sınağından çıxaraq bu günə qədər öz əhəmiyyətini qoruyan sənət incilərindəndir.
Naxçıvan memarlıq inciləri sırasında özünəməxsus yertutan, 400 ildən çox yaşı olan, yonulub hamarlanmış yerli daşlardan tikilən bu körpü Əlincə çayının sol qolu olan Böyük çay üzərindəqurulub.Körpünün uzunluğu 49, eni 3, çayın yatağından tağın hündürlüyüisə 7 metrdir.
Körpünün köməkçi keçidləri tamamilə bərpa olunub. Hazırda körpünün tağ hissəsi bərpa olunur. Usta və inşaatçılar körpüdə tarixiliyi gözləməklə bərabər işlərin keyfiyyətlə yerinə yetirirlər. Yararsız hala düşmüş tağlar dəyişdirilir, uçulub tökülmüş daşlar yenisi ilə əvəz olunur. Körpünün təmirində ətrafdakı yerli daşlardan və əhəng məhlulundan istifadə olunur.Naxışların orijinallığına ciddi diqqət yetirilir.
Əzəmətli görüntüsü ilə bərpa edilən, ticarət əlaqələrinin genişlənməsində önəmli rol oynamış XVI əsr yadigarı körpü rayonumuzda turizmin inkişafında xüsusi əhəmiyyət daşıyacaqdır.
Fikrət Hətəmov
“Arazın səsi” qəzeti