5 yaşlıların məktəbə uyğunlaşması üçün psixoloq tövsiyəsi

A- A A+

Məktəbə hazırlıq prosesinə başlamaq və adaptasiya günün ən aktual problemlərindən biridir. Hər bir valideyn övladı məktəbə ilk qədəm qoyduğu zaman hədsiz sevinc içərisində olur. Lakin bunun gətirəcəyi psixoloji problemlərdən hələ xəbərsizdir. Səbəbi isə açıq etiraf etsək əksər valideynlərin uşaqlarının yaş dövrlərinə müvafiq olaraq psixoloji xüsusiyyətlərini daha dərindən bilməməsidir. Bu bilginin azlığı isə bir sıra hallarda həm uşağın məktəbə adaptasiya olmasında həm də valideyn-övlad münasibətlərinin tənzimlənməsində bir sıra psixoloji problemlərin yaranmasına səbəb olur. Bunlardan bir neçəsini xatırlatmaq yerinə düşər.

-5 yaşlı uşaq məktəbə qədəm qoyduğu gündən oyun fəaliyyətinin məhdudlaşdırılması: Bəzi valideynlər övladlarını məktəb həyatına başlayan kimi böyüdüklərini onlara xatırladaraq birdən-birə fəaliyyət növündə kəskin dəyişiklik edirlər. Təlim fəaliyyətini əsas götürməyə çalışırlar. Valideynlər unutmamalıdırlar ki, hər yaş dövründə fəaliyyətin aparıcı növü var. Məktəbəqədər yaş dövründə isə əsas və aparıcı fəaliyyət tipi oyundur. Bu baxımdan uşaqların təlim prosesinə uyğunlaşması oyun fəaliyyəti əsasında qurulmalıdır ki, uşaq təlimi həm mənimsəyə, həm də ona uyğunlaşa bilsin.

-Məktəbdən sonra ev şəraitində təlim şəraitinin düzgün qurulmaması: Məktəb təlimin verilməsi üçün müəyyən şəraitin olduğu bir məkandır. Eyni zamanda müəllimlər uşaqların yaş və psixoloji imkanları nəzərə alaraq tərtib edilmiş proqramlar əsasında bunu həyata keçirirlər. Bəzən isə uşaqların ailə şəraitində təlimlə əlaqəsini təmin edəcək şərait olmadığından onun məktəbə adaptasiyasında da müəyyən çətinliklər yaranır. Yəni, uşaq məktəbdə bir şərait, evdə isə onun əksi olan tamamilə ayrı bir şəraitlə qarşılaşır. Bu zaman uşaqda tərəddüd halları yaranır. Bu tərəddüdün yaranmaması üçün hər bir evdə kiçik də olsa təlim guşəsinin olmasını təmin etmək zəruridir. Yəni valideynlər evlərində otaq ayırarkən ayrıca bir kitabxana mühitini yaratsalar daha yaxşı olar. Əgər bu mümkün deyilsə onda ya ümumi şəraitdə, ya da uşaqların öz otaqlarında bu şəraitin yaradılmasına nail ola bilərlər.

-Eyni yaşlı digər uşaqlarla öz övladının müqayisəsini aparmaq: Valideynlər, bəzən isə müəllimlər ciddi pedaqoji səhvə yol verərək uşaqların yaş xüsusiyyətlərindən irəli gələn ümumi oxşar cəhətlərinin bütün xüsusiyyətlərində eyniyyət təşkil etməsi ilə uşaqlara yanaşırlar. Uşaqlarda olan ümumi oxşar qanunauyğunluqlarla yanaşı fərdi keyfiyyətlərin varlığını unudurlar və ya nəzərə almırlar. Məsələn, eyni yaş qrupunda olan uşaqlardan biri hərfləri tez öyrənir, onları hecalarda birləşdirir və söz halında tələffüz edə bildiyi halda, digər uşaq isə hərifləri tanımasına baxmayaraq onları hecalarda birləşdirərək vahid bir söz halında səsləndirə bilmir. Bu zaman valideynlər övladlarını digər həmyaşıdı ilə müqayisə edərək qınamağa və zəiflikdə günahlandırmağa meyl edirlər. Hətta cəzalandırırlar. Unutmaq olmaz ki, psixi inkişafın ümumi oxşar qanunauyğunluqları ilə yanaşı hər bir uşağın inkişaf səviyyəsindən asılı olaraq fərdi psixoloji inkişaf xüsusiyyətləri də mövcuddur. Valideynlər ən yaxşı halda uşaq psixologiyasını oxumaqla bu biliklərə yiyələnə bilərlər. 

-Qısa zamanda daha çoxlu biliklər vermək istəyi: Məktəbə hələ yenicə qədəm qoymuş uşaqların valideynləri arasında sanki yarış başlanır. Kimin övladı daha çox biliyə malikdir sualı hər bir valideyndə bu yarışın əsas göstəricisi funksiyasını yerinə yetirir. Bu zaman valideynlər uşaqların anlama və qavrama xüsusiyyətlərini nəzərə almadan yalnız mexaniki yaddasaxlama xüsusiyyətlərindən istifadə edərək uşaqları vaxtından əvvəl bir o qədər də təlim əhəmiyyəti olmayan biliklərlə yükləyirlər. Bu isə ilk vaxtlarda uğurlu görünsə də tez bir zamanda uşaqlarda psixoloji yorğunluğa və öyrənmə səhvlərinə səbəb olur ki, uşaqlar öyrənmənin əsas mərhələsi olan mənimsəmə prosesini mexaniki əzbərləmə ilə əvəzləyirlər. Yəni, dərk edərək öyrənmədən çox əzbərləyərək yadda saxlamadan istifadə edirlər. 

-Evdə vahid tərbiyə sisteminin qurula bilməməsi: Azərbaycan ailələrində müsbət psixoloji keyfiyyətlərdən biri böyüyə hörmət və kiçiyə qayğının olmasıdır. Bir çox ailələrimizdə nənə və babanın nəvələrin üzərində tərbiyə imkanları, uşaq tərbiyəsinə valideynlərdən fərqli yanaşmanın mövcuduluğunun şahidi oluruq. Əlbətdə ki, nənə və baba yalnız nəvəsinin yaxşılığını istəyir. Və onu çox istədiyindən bəzi hallarda valideynlərdən qoruduğunu düşünürlər. Həddindən artıq çox əzizləmə uşaqlarda yaşına uyğun psixi inkişaf səviyyəsinin formalaşmamasına səbəb olur. Bu isə uşağın təkcə məktəbə deyil ümumilikdə cəmiyyətə adaptasiyasında bir sıra çətinliklər yaradır. Fərqli tərbiyə üsulu və fərqli yanaşma uşaqlarda nəyin düz, nəyin səhv olması arasında tərəddüd etmələrinə səbəb olur ki, bu da uşaq şəxsiyyətinin inkişafına mənfi təsir edir.

-Uşaqların məktəbə gedərkən uzun müddət valideyndən ayrıla bilməməsi. Bu çətinlik bir çox valideynlərin qarşılaşdığı problemdir. Bəzən 6 aya qədər davam edir. Əgər vaxtında düzgün müdaxilə edilməzsə bu zaman daha da uzun müddət davam etməklə uşaqda mühitə adaptasiya probleminin yaranmasına səbəb olur. Yəni, uşaq evdə olduqca fəal olmasına baxmayaraq məktəb mühitində həddindən artıq sakit və təkliyə meyl edir. Valideynlər bu halla rastlaşdıqları zaman mütləq mütəxəssis psixoloqlardan vaxtında məsləhət alaraq bu problemi asanlıqla aradan qaldıra bilərlər.

Əziz valideynlər, biz tərbiyə etdiyimiz uşaqları yaxşı tanıdığımız zaman bu gün 5 yaşlılarda məktəbə adaptasiya-uyğunlaşma prosesində yaranan çətinliklər əslində olmaya da bilər. Deməli, hər bir valideyn öz övladını tanımaq üçün birinci növbədə psixoloji biliklərini artırmalıdır. Bəli, səhv oxumadınız, məhz  psixoloji biliklərini.


Çapay Quliyev
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, psixoloq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: