Festivallar şəhəri və ya keçmişi özünə qaytarılan qala - FOTOLAR

A- A A+

Naxçıvanda keçirilən IV- “Arıçılıq məhsulları-bal festivalı” yekunlaşdı. Muxtar respublika sakinlərinin və qonaqlarının diqqəti qədim “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə yönəlmişdi. Bu dəfə Naxçıvanın 323 arıçısı qədim qalanın geniş meydanına muxtar respublikanın şəhər və rayonlarından13 tondan artıq süzmə, 3 tona yaxın şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarmışdılar. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov da iştirak etdi. Növbəti bal festivalı da əhalinin və tamaşaçıların çoxluğu ilə yadda qaldı.

Amma bizim məqsədimiz son illər Naxçıvanda keçirilən bu cür festivalların əhəmiyyətinə toxunmaqdır. Bu danılmaz faktdır ki, Naxçıvanda qədim tarixə, keçmişdən bu günə yadigar qalan abidələrə olan qayğı və diqqət nəinki ölkə, hətta regionda oxşarı olmayan səviyyədədir. Tarix dərslikləri və kitabdan oxuduğumuz bir məqam yəqin ki, hamının yadındadır: “...Həmin dövrdə dövlət güclü inkişaf etdi. Yollar salındı, yeni məscidlər, mədrəsələr tikildi, əkinçilik və maldarlıq genişləndi. Ölkənin və ya şəhərin çiçəklənməsi dövrü başladı”. Əslində bu gün Azərbaycanda və onun bir hissəsi olan Naxçıvanda da bu tarixi proses gedir. Hər şey yenilənməklə yanaşı  keçmişə, tarixə sahib çıxılır. Qloballaşan dünyada isə milli dəyərlərə verilən bu cür qiymət tarixi köklərə söykənib sağlam gələcək qurmaq deməkdir.  Bərpa edilən və bəziləri yenidən qurulan abidələr də bu gün təkcə bəzək-dekorasiya üçün qurulmur. Onlara yenidən həyat verilir, yaradılan infrastrukturdan məqsədli şəkildə istifadə edilir. Naxçıvan şəhərində keçirilən müxtəlif festivallara hər dəfə sahiblik edən Naxçıvanqala kimi. Yəqin ki 1990-cı illərin “Köhnə qalası” (Naxçıvanın 14 əsr əvvəlki  dövlətçilik və şəhərsalma mədəniyyətini  özündə yaşadan bu qədim qalaya kimsə “Köhnə qala” adı vermişdi və xalq da onu belə adlandırırdı) hamının yadındadır. Uçuq-sökük tarixi divarların altındakı oyuqlar sahibsiz itlərin, qəhrəmanlıq tariximizin şahidi olan müdafiə bürclərinin yaxınlığı, narınqala  hissəsi isə məişət tullantılarının yığnağı idi. Amma qədim tarix yazılan qala divarlarının arasında yenidən canlanma yarandı. Tarixə sahib çıxan insanların sayəsində bu qala indi yenidən özünün möhtəşəmliyinə, 1400 il əvvəlki görkəminə qayıtdı. Bürclər, qala divarları,yeraltı kəhrizlər bərpa olundu. 7-ci əsrdə inşa edilən və zamanın, taleyin  axarına buraxılan  qala 21-ci əsrdə yenidən quruldu. Bu qədim memarlıq nümunəsi yenidən, necə deyərlər xarabalıqlar üzərindən müasir şəkildə ucaldı.

İnsanlar həmişə zaman maşınını düzəltmək arzusunda olublar. Naxçıvanda isə bu zaman maşını çoxdan ixtira olunub. Yəni qədim abidələrə yenidən həyat verməklə insanlar onlara baxıb min illər öncəyə qayıdır, ulu əcdadlarının yaşadığı dünyaya düşürlər.

Festivalla gəlincə isə burada maraqlı bir məqam diqqəti çəkir. Əslində bu festivallar Naxçıvanın potensial imkanlarını geniş şəkildə sərgiləmək və ən əsası turizmin inkişafına dəstək olan amildir. Bu gün hər il yüz minlərlə turistin üz tutduğu yerli və əcnəbi turisti bir araya gətirmək üçün istənilən festival ən yaxşı vasitədir. Naxçıvanda keçirilən festivallar isə indi ölkə səviyyəsində belə özünəməxsus şəkildə maraq qazanıb. Əvvəlcədən keçirilməsi ilə bağlı anonsu verilən festivallarda dünyanın,  ölkənin müxtəlif bölgələrindən olan insanlara-turistlərə rast gəlmək adi haldır. Çünki onlar artıq yaxşı bilir ki, bu festivallarda Naxçıvanın bugünkü və keçmiş ənənələrinin sintezini aydın şəkildə görə biləcəklər. Bugünkü dünyamızda isə insanlar  planetin hər yerində keçmiş üçün çox darıxdıqları üçün bu tədbirlərə məmnuniyyətlə qoşulurlar. Özlərinə, keçmişinə qayıtmaq üçün bu addımları məmnuniyyətlə  atırlar.

Bu tədbirlər həm də iqtisadi cəhətdən səmərəlidir. İstehsalçıların birbaşa öz alıcıları ilə təmasda olması, heç bir vəsait ödəmədən öz məhsullarını satması üçün əhəmiyyətli fürsətdir. Buna görə də yüksək səviyyədə və zəngin proqramla təşkil olunan festivallar təkcə vaxt keçirmək, əylənmək, alış-veriş etmək üçün deyil, həm də geniş təbliğat üçün imkandır. Burada məhsullarla bərabər sərgilənən maddi və mənəvi dəyər nümunələri xalqımızın, Naxçıvanımızın keçmişi ilə bu günü arasında yaranan qırılmaz bağdır. Burada iştirak edən insanların coğrafiyası və ictimai mövqeyini nəzərə aldıqda isə festivallar insanların  sosiallaşması üçün ən güclü vasitədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu cür festivallarda təkcə istehsalçılar, fermerlərlə, təsərrüfat adamları ilə görüş deyil, sənətkarlar, qonaqlar, gənclər və digər sahələrin adamları ilə həmsöhbət olması, onların qayğıları ilə maraqlanması, gördüyü işlərə verdiyi dəyər və onların Ali Məclis Sədri ilə söhbətləri, istəklərini dilə gətirməsi  də diqqəti çəkir. Bu isə onu göstərir ki, Naxçıvanda keçirilən festivallar həm də xalqla muxtar respublika rəhbəri arasında sıx təmasın, sosial münasibətlərin qurulması üçün bir imkandır. Naxçıvanda keçirilən festivallar bu baxımdan həm də birlik rəmzidir. Muxtar respublikanın var olması, gələcəyi, inkişafı üçün həmişə vacib olan və sərgilənən dövlət, xalq birliyidir!

Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: